Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Kremlin 5 rayon əvəzində şərti: Politoloq detalları açıqladı



Beş rayonun geri qaytarılması ilə bağlı ortaya atılan bu plan köhnədir, vaxtilə həmin müddəların hər biri ayrı-ayrılıqda Rusiyanın könlündən keçib və Azərbaycan tərəfindən çox sərt qarşılığını alıb.

Bu sözləri Axar.az-a Rusiya və Türkiyə prezidentlərinin gözlənilən görüşü və bu fonda Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qeyd-şərtsiz azad olunması ilə bağlı Moskvanın Azərbaycan qarşısında şərtlər qoyması ətrafında gedən müzakirələrə münasibət bildirən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib.

Politoloq əvvəla Lavrov planında müxtəlif variantların olduğunu açıqlayıb:

“Danışıqların Kazan variantının sonradan Lavrov tərəfindən mənimsənilmiş hissəsində və bu adla bir müddət dövriyyəyə girən həll planında Rusiyanın Azərbaycana qarşı müəyyən şərtləri olub. Ancaq Azərbaycan bunu artıq bir ildən çoxdur ki, rədd edib. Bu müddəaların təkrar irəli sürülməsi mümkünsüzdür. Xüsusilə də Rusiyanın Azərbaycandan təvəqqesi Avrasiya İttifaqına daxil olmaqdır. Bəli, bu məsələ gündəmdə olub və ola bilsin ki, bu gün də var.

Azərbaycan bu şərti yalnız Qarabağ probleminin tamamilə həll edilməsi və böyük sülh sazişinin imzalanmasından sonra dəyərləndirə bilər. Ancaq KTMT-yə daxil olmağımız haqda qənaətlər reallığı əks etdirə bilməz. Çünki Azərbaycanın təcavüzkarla bir təşkilatda yer alması və Moskvanın bu yöndə Bakıya təklifi ağılasığmazdır. O ki qaldı üçüncü şərtə, sülməramlı qüvvələrin Dağlıq Qarabağda yerləşdirilməsi ilə bağlı niyyətlər azı 3 il qabaq Rusiya tərəfindən irəli sürülüb.

Azərbaycan da çox taktiki bir formada, yəni diplomatik şəkildə bildirib ki, bölgədə maraqlı tərəflərin deyil, neytral dövlətlərin sülhməramlı qüvvələri yerləşdirilə bilər. Rusiyanın sülhməramlı qüvvələrinin bölgəyə gətirilməsi birmənalı sürətdə qəbuledilməzdir. Bu, bölgə dövlətlərinin təhlükəsizliyi üçün çox təhlükəli bir presedent ola bilər. İnanmıram ki, diplomatik formada rədd edilən planı kimsə təkrar Azərbaycana təklif etsin”.

Politoloq hesab edir ki, ermənilərin əsas tələbi olan Dağlıq Qarabağa keçici statusun verilməsi əvəzinə bölgəyə sülhməramlıların gətirilməsi varinatı da ağılabatan deyil:

“Rusiya bu məsələdə Ermənistanın tələbini kənara ataraq öz məqsədini güdə bilməz. Ən başlıcası isə öz ərazi bütövlüyünü təmin etmək istəyən Azərbaycan bölgəyə yeni qoşun kontingentinin gətirilməsinə yol verməyəcək. Bu, suverenliyimizə təhdiddir və Azərbaycan siyasi rəhbərliyi qətiyyətlə bunu rədd edib. Bu məsələnin Rusiya tərəfindən gündəmə gətirilməsini belə mümkünsüz sayıram. Çünki bu, çox həssas və Azərbaycan üçün olduqca önəmli bir məsələdir. Hətta Bakının bu tonda danışıqlara getməsi belə mümkün deyil. Dövlət başçısının Azərbaycan torpaqlarında ikinci bir erməni dövlətinin yaradılmasına qətiyyən imkan verilməyəcəyi ilə bağlı bəyanatında bütün sualların cavabı verilir. İndi dövriyyəyə bu cür iddiaların atılması və bölgəyə rus qoşunlarının yerləşdirilməsi Azərbaycanla yanaşı, Türkiyənin də maraqlarına ziddir.

Türkiyə Cənubi Qafqaza iddiası olan dövlətdir. Qafqaz ərazilərinin bir hissəsi Türkiyənin suverenliyinə aiddir. Problemin həllinə girişən Türkiyə Rusiya tərəfindən alçaldıcı şərtlərin irəli sürülməsinə razı olmayacaq. Türkiyə məsələnin həllinə dair Azərbaycan üçün prioritet olan şərtləri çox yaxşı bilir. Bu üzdən Ankara Bakı üçün vazkeçilməz sayılan prinsiplərdən imtina edə bilməz. Əgər gündəmdə Azərbaycanın suverenliyi durursa və Dağlıq Qarabağa ölkəmizin suverenliyi daxilində öz müqəddaratını təyinetmək hüququnun verilməsinə dair Azərbaycan prezidenti plan irəli sürübsə, bundan sonra Rusiyanın bu məsələ ətrafında yenidən qeyri-real, kifayət qədər imperialist xarakterli təkliflər irəli sürməsi sadəcə ağılasığmazdır”.

Politoloq Türkiyənin Qarabağ məsələsinin nizama salınması yönündə Rusiya ilə ciddi danışıqlar aparmağı planlaşdırdığını təsdiqləyib:

“Hətta Ərdoğan bu məsələ ilə bağlı rusiyalı həmkarı ilə Rusiyada görüşəcək. Fikir verin, bu səfər Türkiyə prezidentinin Azərbaycana səfərindən, əsasən də ölkə başçısı ilə məsləhətləşmələri və Qarabağ planının həllinə dair müəyyən bir platformanın işlənib hazırlanmasından sonra ərsəyə gəlib. Rusiyanın könlündən çox şeylər keçə bilər. Məsələ ondan ibarətdir ki, Qarabağ probleminin həlli Cənubi Qafqazı sülh regionuna çevirməli, sonradan dövlətlər arasında yenidən qarşıdurma ortaya çıxarmamalıdır. ABŞ da bu qənaətdədir. Rusiyanın regionda tam hökmranlğını yaradacaq şərtlərin reallaşdırmasına heç beynəlxalq Qərb dünyası da icazə verməz. Bir sözlə, 5 rayonun geri qaytarılması ilə bağlı ortaya atılan bu plan köhnədir, vaxtilə həmin müddəların hər biri ayrı-ayrılıqda Rusiyanın könlündən keçib və Azərbaycan tərəfindən çox sərt qarşılığını alıb. Yeganə Avrasiya İttifaqına üzvlükdən başqa, yerdə qalan şərtlər Bakı tərəfindən birmənalı qaydada rədd edilir”.

Qeyd edək ki, politoloq Elxan Şahinoğlu Rusiya və Türkiyə prezidentlərinin görüşü haqda və bu görüşdə Qarabağ məsələsinin müzakirə olunacağına dair ilginc məlumat paylaşıb. O, “etibarlı qaynaqdan” əldə etdiyi bu informasiyada Ərdoğanla Putinin görüşü ərəfəsində Rusiyanın Dağlıq Qarabağ ətrafındakı 5 rayonun azad olunması ilə bağlı Azərbaycan qarşısında 3 şərt qoyduğunu qeyd edib. Onun sözlərinə görə, bunlar - Azərbaycanın Avrasiya İqtisadi Birliyinə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvülüyü və Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələrinin yerləşdirilməsidir.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений