hava haqqinda Bakı
Bu gün +3 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.9202
  • NEFT - $ 66.56
  • clouds-weather

Kremlin işinə yaramayan İrəvan - TƏHLİL

Kremlin işinə yaramayan İrəvan - TƏHLİL

Rəsmi Bakı isə geosiyasi ağırlıq vektorunun kiminsə xeyrinə dəyişməsində iştirak etmir

Dağlıq Qarabağ probleminin həlli istiqamətində diplomatik fəallığın artması müşahidə olunur. Ancaq bu aktivlik Ermənistanla danışıqlarda deyil, Azərbaycanın Rusiya ilə apardığı müzakirələr müstəvisində özünü göstərir. Azərbaycan prezidenti İlham Əliyevin bu gün Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşündə Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasının əsas müzakirə mözularndan biri olması ehtimal edilir. Səfər ərəfəsində rəsmi Moskvanın Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ənənəvi siyasətinə dəyişiklik edəcəyinə dair informasiyalar yayılıb. Yəni, söhbət Dağlıq Qarabağın ətrafında yerləşən işğal olunmuş bir neçə rayonun Azərbaycana qaytarılmasına dair danışıqların aparılmasından gedir. Bu da son dövrlər Cənubi Qafqazda və Xəzər regionunda baş verən geostrateji proseslərlə əlaqələndirilir. 

Ermənistanda Sorosun “uşaqları”nın inqilabından sonra Cənubi Qafqazda geosiyasi balans dəyişilir. Gürcüstanın 2021-ci ilə qədər NATO-ya üzv olunacağı gözlənilir. Ermənistanda inqilabdan sonra Qərbyönlü qüvvələr hakimiyyətə gəlib. Əgər baş nazir Nikol Paşinyan hakimiyyətini qoruyub saxlaya bilsə və 2019-cu ildə keçiriləcək növbədənkənar parlament seçkilərində qələbə qazansa, Rusiyanın maraqlarını qəti şəkildə rədd edəcək.

Ermənistanın seçkidən sonra Rusiyanın təsir dairəsindən uzaqlaşmaq və ABŞ başda olmaqla Qərbin dəstəyini qazanmaq üçün daha sərt addımlar atacağı gözlənilir. Belə ki, N.Paşinyanın parlamentdəki səs çoxluğunu öz lehinə dəyişəcəyi təqdirdə Ermənistanın Avrasiya İqtisadi Birlyindən və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmağa çalışacağı da istisna olunmur. Bütün bunlar Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini gündəmə gətirməklə yanaşı, Cənubi Qafqazdakı geostrateji mövqeyini itirməsinə səbəb ola biləcək proseslərdir. Ona görə də Kreml son vaxtlar Cənubi Qafqaz siyasətini yenidən gözdən keçirməklə bir sıra korrektələr etməyə çalışır.

Bu dəyişiklik ilk növbədə, Rusiyanın SSRİ-nin dağılmasından sonra regional siyasətində buraxdığı səhvlərin aradan qaldırılmasını nəzərdə tutur. Çünki Rusiyanın Cənubi Qafqaz siyasəti son 27 ildə Ermənistana birmənalı şəkildə hərbi dəstək vermək, Azərbaycana və Gürcüstana münasibətdə isə separatçı münaqişələr vasitəsilə təzyiq göstərmək cəhdindən ibarət olub. Ancaq Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropa bazarlarına nəqli, 2003-cü ildə Gürcüstanın “qızılgül inqilabı”ndan sonra Avroatlantik məkana inteqrasiyası, Böyük İpək Yolunun bərpası, Bakı-Tiflis-Qars dəmiryolunun açılışı, Ermənistanda Sorosun inqilabı və Xəzər dənizinin statusunun həllinə dair razılaşmanın əldə olunması bölgənin geosiyasi mənzərəsini tamamilə dəyişdi.

Artıq Ermənistan bir müttəfiq kimi Kremlin işinə yaramır. Bu baxımdan, Azərbaycanın işğal olunmuş ərazilərinin ən azından bir hissəsinin qaytarılması əsas ehtimallardan biri kimi nəzərdən keçirilir. Azərbaycan prezidentinin səfəri ərəfəsində rusiyalı politoloq Aleksandr Duqinin Dağlıq Qarabağın ətrafındakı işğal edilmiş beş rayonun qaytarılmasının vacibliyi barədə açıqlaması bu məsələnin yenidən gündəmə gələcəyinə dair proqnozları artırıb. 

Qeyd edildiyi kimi, Gürcüstan artıq müəyyən qədər Qərbin və NATO-nun təsir dairəsinə daxildir. Ermənistan Rusiya ilə münasibətləri qoruyub saxlayacağını bildirsə də, bu ölkə faktiki olaraq, ABŞ-ın səfiri Riçard Milzin diktəsi ilə idarə edilir. Bölgədə yalnız Azərbaycan düzgün vı balanslaşdırılmış xarici siyasət kursunu davam etdirir. Yəni, rəsmi Bakı geosiyasi ağırlıq vektorunun kiminsə xeyrinə dəyişməsində iştirak etmir. Üstəlik, avqustun 12-də Azərbaycanın Xəzərin hüquqi statusunun müəyyən edilməsinə dair konvensiyanı imzalayarkən Rusiyanın təhlükəsilik maraqlarını nəzərə alması Bakı ilə Moskva arasında münasibətləri yaxınlaşdırıb. Son günlər Kremlin Azərbaycanı Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatının müşahidəçi üzvü statusunda görmək istəyi barədə xəbərlər gəlməyə başlayıb. Rəsmi Bakının bu təklifə verəcəyi cavab hələlik qeyri-müəyyəndir.

Çünki Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş ərazilər azad edilmədən Rusiyaya etibarlı müttəfiq kimi yanaşa bilməz. Ən azı, Dağlıq Qarabağın ətrafındakı rayonların beşi qaytarılmadan Rusiyanın öz niyyətində səmimi olduğuna inanmaq çətindir. Dağlıq Qarabağda separatizm hərəkatına və Azərbaycan torpaqlarının işğalına rəhbərlik etmiş Robert Köçəryanın siyasətə qayıtdığını elan etdiyi bir vaxtda beş rayonun Azərbaycana qaytarılacağı barədə informasiyaların dövriyyəyə buraxılması həm də eks-prezidentin siyasi mövqelərini möhkəmləndirməyə xidmət məqsədi daşıya bilər. Ona görə də Rusiya 1991-ci ildən bəri yol verdiyi səhvləri təkrar etmək istəmirsə, Ermənistanın rəyini nəzərə almadan Azərbaycanla birbaşa danışıqlara getməli və torpaqların işğaldan azad olunmasını təmin etməlidir. 

Müşfiq Abdulla
 


Oxunma sayı: 8367