Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Kubada Kastro dönəmi bitdi: Yeni lider ölkəni dəyişə biləcəkmi?



Bütün dünyanın diqqət mərkəzi Kubaya yönəlib. Bu, Kuba Milli Assambleyasının Miqel Dias-Kaneli Dövlət Şurasına sədr seçməsi ilə bağlıdır. Yəni Kuba Sosialist İnqilabından sonra Kastro qardaşlarının 59 illik hakimiyyətinə son qoyulub. Ölkənin rəhbəri, 86 yaşlı Raul Kastro tutduğu postdan imtina edib. Raul Kastro bundan sonra yalnız Kuba Kommunist Partiyasına sədrlik edəcək. Onun öz yerinə Dövlət Şurası sədrinin birinci müavini Miqel Dias-Kenelin namizədliyini irəli sürməsi böyük səs çoxluğu ilə qəbul olunub.

İndi siyasi müşahidəçilər yeni rəhbərin Kubanın xarici siyasətində dəyişiklik edib-etməyəcəyi üzərində təhlilllər aparır. Əslində, Kuba Sosialist Respublikasının ABŞ-la münasibətlərində ilk dəyişiklik hələ 2015-ci ildə, Barak Obamanın prezidentliyi dövründə baş verib. Həmin vaxt ABŞ-la Kuba arasında diplomatik əlaqələrin bərpa olunması son 50 ilin ən sensasion hadisələrindən sayılırdı. Bu həmçinin, daha bir kommunist diktaturası ilə ABŞ arasında “soyuq müharibə”nin son qoyulması demək idi. İlk dəfə olaraq, Birləşmiş Ştatlar və Kuba vətəndaşı olan turistlərin qarşılıqlı səfərlərinə icazə verildi. Rəsmi Vaşinqtonla Havana ABŞ şirkətlərinin Kuba iqtisadiyyatına investisiya yatırması barədə razılıq əldə etdi. Lakin 2016-cıildə prezident seçilən Donald Tramp Kuba ilə yaxınlaşmanın əleyhinə olduğunu bəyan edərək Kastro rejiminə qarşı sanksiyaların tətbiq olunmasını təklif etdi.

Lakin son günlər Kubanın daxili siyasi həyatında ciddi dəyişiklik baş verib. Kastro qardaşlarının 59 illik hakimiyyətinə son qoyulub. Ona görə də Miqel Dias-Kanelin hakimiyyət başına gəlişi Kuba-ABŞ münasibətlərindəki soyuqluğu aradan qaldırmaq üçün stimul yarada bilər. Ancaq bunun baş verməsi yeni dövlət başçısının xarici siyasət kursundan asılı olacaq. Ekspertlərin rəyinə görə, Raul Kastronun siyasi varisinin qarşısında daha çox Kubada uzun müddətdir gecikmiş islahatları həyata keçirmək kimi bir vəzifə durur. “O, bunu nə qədər bacaracaq” sualı indi daha çox səslənir. Bu islahatlar Çindəki kimi uğurlu da alına bilər, SSRİ-dəki kimi dağıdıcı da ola bilər.

Siyasi müşahidəçilər hesab edir ki, Dias-Kanel yeni tipli partiya funksioneridir. Onun davranış tərzi Kastro qardaşlarının alovlu inqilabçılığından fərqlənir. Kubanın yeni lideri rok musiqisi və futbol həvəskarıdır. Miqel Dias-Kanel daha çox İspaniyanın “Barselona” futbol klubuna azarkeşlik edir və “facebook” sosial şəbəkəsinin üzvüdür. Miqel Dias-Kanel müasir dünyagörüşlü şəxs sayılır. O, 2016-cı ildə Havanada keçirilmiş “Rollinq Stounz” konsertində Kuba rəhbərliyindən yeganə nümayəndə olaraq iştirak edib. 58 yaşlı Dias-Kanel internetdən fəal istifadə edir. İxtisasca elektrik mühəndisi olan Dias-Kanel 1985-ci ildə orduda xidmət edərkən Raul Kastronun cangüdəni olub. Kommunist Partiyasının sıralarına daxil olduqdan sonra Miqel Dias-Kanel 1994-2203-cü illərdə Vilya Klara əyalətinin partiya katibi işləyib. SSRİ-nin dağılmasından sonra yaranan çətin iqtisadi böhran şəraitində Dias-Kanel özünü partiyanın nüfuzunu qaldıran ağıllı rəhbər kimi göstərib. Ağır günlərdə partiya rəhbəri işə avtomobillə deyil, velosipedlə getməklə xalqın rəğbətini qazanıb. Havanada onun bu fəaliyyətini yüksək qiymətləndiriblər. Miqel Dias-Kanel 2003-cü ildə Kuba Kommunist Partiyası Siyasi Bürosunun ən cavan üzvü seçilib. 2009-cu ildə isə ona ali təhsil naziri vəzifəsi həvalə edilib. 2012-ci ildə baş nazirin müavini təyin edilən Dias-Kanel bir ildən sonra Dövlət Şurasının vitse-prezidenti seçilməklə Raul Kastronun sağ əlinə çevrildi. Dövlət Şurasının yeni sədri mənsəbpərəst deyil, sadəcə, nomenklatura məhsuludur. Raul Kastro Dias-Kaneli indiki rolu üzərində 10 ildən artıq hazırlıq aparıb. O, 1959-cu il inqilabçılar nəslindən post-inqilab dövründə dünyaya gələn nəslə yumşaq keçidi təmin etməli idi. Müşahidəçilərin sözlərinə görə, Raul Kastro Dias-Kanelə atalıq münasibəti göstərir. Bu günə qədərki çıxışlarında Dias-Kanel partiya xəttindən kənara çıxmayıb, hətta ABŞ-a və demokratik azadlıqlara qarşı daha sərt mövqe tutub. Ancaq tanınmış rusiyalı politoloq Dmitri Dobrov maraqlı bir sual qoyur-“Kim deyə bilər ki, Dias-Kanel Kubanın Qorbaçovu olmayacaq? Onun rolunu həmçinin, İspaniyanın demokratiyaya keçidini təmin edən general Frankonun əlaltısı Adolf Suarezə bənzədirlər. Analitiklər hesab edir ki, Dias-Kanel hər ehtimala qarşı birinci mərhələdə siyasi kursun varisliyini qoruyub saxlayacaq, lakin sonra Kubanın iqtisadiyyatı çətin vəziyyətdə olduğundan islahatlar aparmaq məcburiyyətində qalacaq.

Kubanın gənc müxalifətçi nəsli Dias-Kanelin islahatçılıq qabiliyyətinə şübhə ilə yanaşır. Onların fikrincə, Dias-Kanelin Kastro qardaşlarından fərqi inqilabdan sonra dünyaya gəlməsi və kompyuterdən istifadə etməsidir. İstənilən halda o, radikal islahatların tərəfdarı deyil. Milli Assambleya qarşısındakı çıxışında Dias-Kanel bəyan edib ki, kapitalizm yenidən bərpa olunmayacaq, imperializmlə mübarizə isə davam edəcək. Kuba iqtisadçısı Pavel Vidal isə hesab edir ki, islahatlar qaçılmazdır. İlk növbədə, Kuba pesonun ikili-daxili və dollara bağlı olan xarici kursundan imtina etməlidir. Bu da qara bazarı yaradır, müəssisələrin işini iflic edir. Kənd təsərrüfatı ilə Kuba əhalisini tam qidalandırmaq mümkün deyil. Çünki məhsulun 70 faizi ixrac edilir. Dövlət Şurasının sədri vəzifəsinə səlahiyyət müddəti iki beş illik müddətlə məhdudlaşdığından, Dias-Kanel qarşıdakı 10 il ərzində çox iş görməlidir. Eyni zamanda, o, mövcud sistemin ən vacib sosial nailiyyətlərini-səhiyyəni, təhsili, idmanı qorumalıdır.

Əgər Raul Kastro 2021-ci ilə qədər Kuba Kommunist Partiyasının rəhbərliyində qalmaqda və mövcud siyasi kursa nəzarət etməkdə davam edərsə, rəğbət bəslənən bir varisin ortaya çıxması və hakimiyyətin yeni nəslə ötürülməsi daha sürətlə gedə bilər. Müşahidəçilər hesab edir ki, son illər Kubanın rəhbərliyində mühafizəkarlarla islahatçılar arasında şiddətli mübarizə başlayıb. Bir tərəfdə iqtisadiyyatın liberallaşdırılmasının və ABŞ-la yaxınlaşmağın tərəfdarları, digər mövqedə isə möhkəm Kuba sosializmi modelinin tərəfdarları dayanır.

Dias-Kanel islahatları həyata keçirə biləcəkmi?Məsələ asan deyil.Kuba rəhbərliyi Qorbaçovun yenidənqurma fəlakətli nəticələrini xatırlayır və buna görə də "Çin variantı"na-hər hansı bir siyasi liberallaşmaya yol vermədən, insanların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmağa meyil edir.Bundan əlavə ABŞ-la münasibətlər də pisləşib. 2016-cı ildə Barak Obamanın Kubaya tarixi səfərindən sonra iki ölkə yaxınlaşmaya nail olsa da, Donald Trampın prezident seçkilərində qalib gəlməsindən sonra bunlar yox oldu. Trampın administrasiyasındakı “qırğıları”-Mayk Pompeo və Con Bolton Kubaya qarşı kursu sərtləşdirmək niyyətindədir.Bu isə Dias Kanel üçün çətin vəziyyət yaradır.

Müşfiq

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений