Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Laçın dəhlizini 3 gün nəzarətdə saxlamış Azərbaycan zabiti: “Köməyə heç kim gəlmədi”- MÜSAHİBƏ



Azərbaycan torpaqlarının bütövlüyü, Qarabağın azadlığı uğrunda döyüşmüş qazilərlə söhbətlərimiz davam edir. Bu dəfəki müsahibim Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan mayoru, Qarabağ savaşının veteranı Ədalət Verdiyevdir. O, cəsur, qorxmaz 46 əsgəri ilə birlikdə Kəlbəcərin Pircan kəndindən Laçın dəhlizinə qədər vuruşub. Şərəfli döyüş yolu keçib. Məqsədi dəhlizi ələ keçirmək olub. 

Dosye: Verdiyev Ədalət Rafiq oğlu, 1969-cu ildə Kürdəmir rayonunda anadan olub. Orta məktəbin birinci sinifinə doğma şəhərində qədəm qoyub. Həmin məktəbin X sinfini 1986-cı ildə bitirib. Elə həmin il Qazaxstan Respublikasında yerləşən Almatı Ali Ümumqoşun Komandirlər məktəbinə daxil olub. O, 1990-cı ildə ali hərbi məktəbi bitirdikdən sonra təyinatla sovet ordusunun Ulan-Ude şəhərində yerləşən 198-ci motoatıcı diviziyasına tağım komandiri vəzifəsinə göndərilir. Ədalət vətənin dar günündə- 1992-ci ildə hərbi hissəni tərk edərək Azərbaycana gəlir. Qarabağ savaşında 708 və 701 saylı hərbi hissənin tərkibində cəbhənin müxtəlif istiqamətlərində vuruşub. Döyüşlər zamanı, bölük komandiri, taborun qərargah rəisi, tabor komandiri vəzifəsində çalışıb. Son illər isə Ə.Verdiyev Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılıb. Ehtiyatda olan mayordur. Ailəlidir. İki övlad atasıdır.

-Ədalət bəy, necə oldu ki hərbçi oldunuz? 
- Orta məktəbin son sinfində oxuyarkən qərar verdim ki, hərbçi olacam. Ali təhsil almaq istəyirdim.Amma ailə vəziyyətimiz çətin idi.Ali məktəbə daxil olsaydım, bunun yataqxana xərci, yaşamaq xərci vardı. Düşünüb qərar verdim ki, ali hərbi məktəbə girim. Ailəmə yük olmayım, həm də vətənə faydalı bir sənət seçim.Rus dilini bilməməyim bəzi çətinliklər yaradırdı.Bu zaman köməyimə orta məktəbdə riyaziyyat müəllimim İsmayıl Mehdiyev çatdı. O cəmi altı aya mənə rus dilindən xeyli söz, termin, danışıq öyrətdi. Gündəlik məktəbli xərclərimi qəpik-qəpik yığıb kitablar aldım.Oxuyub hazırlaşdım və qəbul oldum. Almatıdakı məktəb o dövrün ən müasir ali hərbi məktəblərindən idi. Təhsil səviyyəsi də orada yaxşı mənada fərqliydi.Bax, beləcə zaman keçdi və bir vaxt baxdım ki, mən artıq ilk hərbi rütbəmi alıb təyinatla hərbi hissəyə yollanıram.

-Bəs Azərbaycana necə gəldiniz?
-Baykal hərbi dairəsinin Ulan-Ude şəhərindəki 198-ci motoatıcı diviziyasında taqım komandiri vəzifəsidə xidmətə başlayarkən azərbaycanlı zabitlərlə tanış olmuşdum. Həmin zabitlərlə birgə Qarabağda baş verənləri müzakirə edirdik.Mümkün qədər daha çox məlumat almağa çalışırdıq.Bir gün televiziyada Xocalıda baş verən faciə barədə xəbər aldıq.Zabit yoldaşım Qahir Həsənovla vətənə getməyi qərara aldıq.3 dəfə vəsatət yazdım.Qəbul etmədilər.Amma sonra məcbur olub hərbi hissəni tərk etdim, Bakıya gəldim.Oradan da birbaşa Ağdama yollandım.

“Əsl döyüşü laçında gördüm”

-Nizami orduda xidmət etmiş zabit idiniz. Qarabağda isə vəziyyət başqa cür idi.Hələ nizami hissələr yox idi.İlk gördükləriniz sizdə hansı təəssürat yaratdı?
- Ağdamda yerləşən 708 saylı hərbi hissəyə gəldim. Çünki Qahir də buradaydı.Həmin vaxt komandir Elxan Orucov idi.Orada məni bölük komandiri vəzifəsinə təyin elədilər.Amma baxdım ki, ixtisaslı zabitlərin bölük, taqım komandiri işlədiyi taborların komandiri traktorçu, çilingər və digər peşə sahibləridir.Bu, xidmətdə xeyli çətinliklər yaradırdı. Aranzəmin, Pircamal, Kuropatkin istiqamətində xidmət apardım. Sonra mənə həvalə edilən bölüklə birlikdə Laçına- 701 saylı hərbi hissəyə ezam olunduq.Mən əsl döyüşün, qələbənin, bir zabiti xoşbəxt edəcək hadisələri Laçında yaşadım.

“3 gün Laçın dəhlizini tam nəzarətdə saxladıq”

-Laçında nələr gördünüz? 
-701 saylı hərbi hissə Laçında xidmət edirdi. Mən ora bölük komandiri kimi getmişdim.Amma qəribədir ki, ora çatanda məni maddi-texniki təminat bölüyünə təyin etdilər.Döyüşmək üçün gedən bir zabitə belə vəzifənin həvalə edilməsi məni qane eləmirdi.Laçında həmin bölüklə Qocazdan dəhlizə qədər döyüş yolu keçdim.Həmin döyüşləri mən ən düzgün planlaşdırılan dağlıq əraziyə uyğun qaydada aparılan döyüş hesab edirəm.Yəni qarşılıqlı əlaqə, döyüş təminatı bölmələrinin düzgun fəaliyyəti, artilleriyanın zamanında zərbə endirməsi və digər həmlələr demək olardı ki, tam qaydalara uyğun şəkildə həyata keçirilirdi.Mən bu döyüşə 46 nəfərlə girmişdim.Laçın dəhlizinə qədər irəliləyib orada müdafiə mövqeyi tutduq.3 gün Laçın dəhlizi tam nəzarətimizdə oldu. Bu 3 gün ərzində komandanlıqdan heç kim maraqlanmadı ki, hardasınız, dəhlizi necə mudafiə edirsiniz? 3000 nəfərlik qüvvədən köməyə gələn də olmadı. 3 gün sonra ermənilər hucuma kecəndə komandirlərimi inandira bilmədim ki, 16 “İkarus” əsgər (təxminən 450 nəfər), 5-6 BMP və 1-2 tank hucuma hazırlaşır. Bizi danladılar ki, təşviş yaratma.Günorta emənilər hucuma kecdi. Həmin döyüşlər zaman 45 nəfərlik (Qoçazda itki vermişdim: 1 çəhid, 1 yaralı-Ə.V) şəxsi heyyətdən 11 yaralı, 4 itkin .Yəni bu da o demək idi ki, mən Laçın dəhlizini 30 nəfərlə müdafiə edirdim.Dayandığımız səngər ermənilərin səngəri olduğu üçün oranın koordinatları düşmənin əlində var idi.Dəfələrlə artilleriyadan atəşə tutulurduq.2 dəfə tank komanda müşahidə məntəqəmi vurdu.Əsgərim Seyidov Seymur məni sılkələyib ayıltdı. O olmasaydı, nə olacaqdı bilmirəm. Həyatımın bu hissəsini də Seymura borcluyam.

-Bəs nə əcəb köməyə əlavə qüvvə çağırmadınız?                                                                                                                                                                                                                  -Dəhlizdə cəmi üç gün qaldım. Qarabağdan gedən maşınlara güllə atmırdıq.Amma qəti şəkildə girişi qadağan etmişdim.Həmin üç gün müddətinə bir nəfər də olsun Qarabağa girə bilmədi.Amma orada gərginlik getdikcə artmaqdadaydı.Məsələn, rabitə cihazının batareyasını doldurmaq üçün elektirik enerjisi yox idi.Tibbi ləvazimatlarımız tükənirdi.Kömək istədim. Əvəzində tabor komandiri Qorxmaz Qarayev düz üç dəfə mənə “geri çəkil” əmri verdi. Mən çəkilmədim.Çünki oradan bir addım da olsun geri çəkilsəydim, əsgərlərim ruhdan düşəcəkdi.Onları yenidən psixoloji olaraq hücuma hazırlamaq çətin olacaqdı.Təsvir edin ki, əsgərim Səmədov Qalib ağır yaralanıb, ayağı tamam qopub. “Jqut”la sıxıb ona “Pramidol” vurmaq istəyəndə dedi ki, komandir, iynə azdır, vurma. Saxla daha ağır yaralımız olsa, ona vuraq.Bax, bu əhval-ruhiyyədə olan əsgəri geri çəkmək olmazdı.

“Əsgərlərimdən 4-ü itkin düşdü”

-Necə oldu dəhlizdən çəkildiniz?
-Artıq üçüncü gün idi. Gecə saatlarından başlayaraq düşmən qarşı mövqelərə xeyli zirehli texnika yığmağa başladı.Səhərə yaxınsa 16 “İkarus” canlı qüvvə gəldi.Bunlara baxmayaraq yenə də ərazidən döyüşsüz çəkilmək niyyətində deyildim.Döyüş başladı, bölüyüm qismən döyüş qabiliyyətini itirməsinə baxmayaraq ciddi müqavimət göstərdi.Lakin daşın arxasında mövqe tutub atəş açan əsgərimin arxadan vurulması vəziyyətin qəliz olduğunu göstərirdi.Düşmən boş qalan cinahlardan arxa tərəfimizə keçib bizi mühasirəyə salmağa çalışırdı.Əlimdə qalan əsgərlərdən 7 nəfərini iki qrupa bölüb arxadan hücum edən düşmənə müqavimət göstərməsi üçün göndərdim.Onlardan isə çavuş Alışov Aqilin rəhbərlik etdiyi 4 nəfərdən ibarət qrup itkin duşdu.Bu gun də axtarırıq, amma səs-soraq yoxdur.Artıq qüvvələrimiz müqayisə edilməyəcək dərəcədə qeyri-bərabər idi.Məcbur qalıb geri çəkilməli olduq.Kimlərinsə məsuliyyətsizliyi üzündən Qarabağın giriş qapısının açarını erməniyə verdik.Onu da qeyd edim ki, 701 saylı hərbi hissədəki xidmətim rəsmi olaraq qeydiyyata alınmamışdı.

-Necə yəni, xidmətiniz rəsmi olaraq kitaba salınmamışdı? 
-708 saylı hərbi hissədən ora gedəndə mənim adımı qeydiyyatdan çıxarmışdılar. Amma 701 saylı hərbi hissədə qeydiyyata düşməmişdim. O zaman belə halları tez-tez görmək olardı. 

“Yerli taborlar arasında ədavət Ağdamı məhv elədi”

-708 saylı hərbi hissəyə nə vaxt qayıtdınız? Orada nələr oldu?Hansı döyüşlərdə iştirak elədiniz?
-708-ə qayıdanda komandir Talıb Məmmədov idi. O məni taborun qərargah rəisi vəzifəsinə təyin elədi. Ondan sonra 708 dislokasiya edəndə mən tabor komandiri vəzifəsinə təyin edildim.Özü də elə bir tabora ki, orada hərbi nizam-intizamdan söz gedə bilməzdi.Hamısı yerli - könüllü döyüşçülər idi.Həmin tabor silahı təhvil verib geri çəkilmək istəmirdi.Həmin məsələnin də öhdəsindən gəlməyi bacardım. O ki, qaldı Ağdam ərazisində keçdiyim döyüş yolu uğursuzluqla doludur. Təxribatlar, yerli taborlar arasında ədavət Ağdamı məhv elədi.Yaxşı olardı ki, həmin vaxtlar traktorçu, çilingər, qəbir daşı düzəldən, kafe işlədənlər öz işi ilə məşğul olaydı.Hərbçilərsə öz işini görəydi.

“Erməni əsilli zabitə görə iş yerimi dəyişdim”

-Atəşkəsdən sonra harada çalışdınız? 
-Atəşkəsdən sonra ordu korpusundan tutmuş Müdafiə Nazirliyinə qədər çalışdım. Müdafiə Nazirliyində işləyirdim. Bir erməni əsillinin hesabına iş yerimi başqa yerə dəyişdim. 25 il Rusiyada xidmət edib Azərbaycana gələn Qaffurov Seyran adlı biri varıydı. Onu Azərbaycanla yalnız anasının Şəkidəki məzarı bağlayırdı.Sabiq nazirin sinif yoldaşı olmuşdu deyə onu gətirib Müdafiə Nazirliyinin kəşfiyyat idarəsində şöbə müdiri vəzifəsinə qoymuşdular.Onun erməni olduğu dəfələrlə deyilmişdi. Nə isə ona görə iş yerimi dəyişdim. Sonra ordu korpuslarının birində çalışıb təqaüdə çıxdım.

Elgün Gəncimsoy 

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений