Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Laçının işğalı buradan başladı: Elbrus Orucov qaçdı, Şahin Musayevin tribinalla hədələdiyi kapitan danışır - MÜSAHİBƏ



“Polkovnik Arif Paşa ilə kömək üçün müvafiq orqanlara 6 teleqram vurduq”

“Rusiyanın ordudakı kadrlarının hamısı yoxlanılmalıdır”

Şakir Sadıqov: “Turşsuda Elbrus Orucovun rəhbərlik etdiyi qüvvələr qaçmışdılar arxa boş qalmışdı”

1992-ci il may ayının 17-18-də erməni - rus işğalçıları yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıdaraq Azərbaycanın Laçın rayonunu işğal etdilər. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı qaçqın düşdü, 300-dən artıq hərbi və mülki şəxs həlak oldu və itkin düşdü. Rayonda 8950 bina, o cümlədən, 7 sənaye və tikinti müəssisəsi, 471 xidmət idarəsi, 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qaldı. Şuşa şəhərinin Turşsu adlanan ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən mayın 18-də Laçını işğal etdi. Həmin vaxt Azərbaycanın Turşsudakı hərbi qüvvələrinə general Elbruc Orucov rəhbərlik edirdi. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. 

İşğalçı dövlət beynəlxalq hüquq normalarına, zəbt olunan Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin qətnamələrinə məhəl qoymayaraq hazırda Laçında qanunsuz məskunlaşma aparır. Bu gün hər bir azərbaycanlı Qarabağın işğal altından qurtulacağı günü gözləyir. Qarabağa böyük qayıdışın olacağına hamımız inanırıq. Lakin işğaldan keçən 25 il ərzində hər kəsi düşündürən suallar da ortadadır. Məsələn, Laçının işğalında Rusiya tərəfindən modern silahlarla gücləndirilmiş ermənilərin, rus birləşmələrinin rusların əvvəldən silahsızlaşdırdığı azərbaycanlılara gözlənilməz hücumu rol oynayırdımı? Həmin vaxt Qarabağda döyüşən özünümüdafiə dəstələri, batalyonlar və digər hərbi birləşmələrdə baş alıb gedən xəyanət və Müdafiə Nazirliyinin bacarıqsız fəaliyyətindən danışılır. Elbrus Orucovun qaçışından sonra işğalçıların Laçına gedən yollarının açılması da günümüzün müzakirə mövzusudur. Laçın Alayı komandirinin müavini, kapitan Şakir Sadıqov “Cümhuriyət” qəzetinə müsahibəsində rayonun işğalında rol oynayan bir sıra məsələlərə aydınlıq gətirib. Cebhe.info müsahibəni təqdim edir.

“Elbrus Orucovun briqadası Turşsudan çıxıb Bakıya getdi”

- Şakir bəy, Laçın uğurunda gedən döyüşlər zamanı siz Laçın Alayı komandirinin müavini idiniz. Həmin hadisələrin bilavasitə içində olmusunuz. İddialar var idi ki, işğalın əsas səbəblərindən biri o dövrdə Laçındakı yerli özünümüdafiə batalyonlarının siyasətlə məşğul olması idi. Torpaqların işğalında Bakıdakı hakimiyyət çəkişmələrinin nə dərəcədə rolu oldu?
- Laçın Alayı heç vaxt siyasətlə məşğul olmayıb. Alay yalnız torpaqları işğaldan qorumaqla məşğul idi. Alayda ancaq vətənpərvər  könüllülər təmsil olunurdular və onlar torpaqlarını qoruyurdular. Bu vəziyyətdə necə siyasətlə məşğul ola bilərdilər? Mənim özüm şəxsən, Estoniyadan Qarabağda döyüşməyə - torpaqlarımızı qorumağa gəlmişdim. Heç kəs məni buna məcbur etməmişdi, könüllü olaraq gəlmişdim. 
Həmin dönəmdə biz alayın komandiri, polkovnik Arif Paşa ilə kömək üçün müvafiq orqanlara 6 teleqram vurduq. Laçın səhlənkarlıq və təxribatın nəticəsində getdi. Laçın Alayı axıradək döyüşdü. Elbrus Orucovun rəhbərlik etdiyi briqada 15-dən 16-na keçən gecə heç bir səbəb olmadan, xəbər vermədən Turşsudan çıxıb Bakıya getdi. Laçının işğalı buradan başladı. Arxamızı boş qoydular, ermənilər də gəlib rahatlıqla Laçında oturdular.

“Xəyanət bu gün də var, diqqətli olmalıyıq”

- Bəs general Elbrus Orucov niyə qaçdı? İddia var ki, o, həmin dönəmdə Rusiyaya işləyirdi?
- Rusiyanın ordudakı kadrlarının hamısı yoxlanılmalıdır. Vətənini sevən, vətəninin qeyrətini satan oğlanlar xəyanətkar ola bilməzlər. Həmişə böyük günahların arxasında böyük xəyanətlər olub. Son gedən proseslər də göstərir ki, orduda xəyanətkarlar var. Bunun qarşısı alınmalıdır, diqqətli olmaq lazımdır.

- Ümumiyyətlə, Laçının işğalında Elbrus Orucovun rolu nə qədər olub?
- Laçın və Şuşanın ermənilərə təhvil verilməsinin icraçısı Elbrus Orucov idi. Bu, məhkəmə istintaqı tərəfindən də sübut olundu.

- Döyüşlərin pik həddində 701 saylı hərbi hissənin Kəlbəcərə dislokasiyasının səbəbi nədir?
- Bu barədə heç bir məlumatım yoxdur, çünki orada olmamışam. Bilmədiyin şeyi də şişirməyin mənası yoxdur. Dünyanın heç bir yerində görülməyib ki, müharibə vaxtı hərbi hissəni tamamilə ləğv edəsən. Təsəvvür edin ki, 2250 zabit, gizir və əsgəri olan hərbi hissə Müdafiə Nazirliyinin əmri ilə ləğv edildi. Mayın 18-də də Laçını işğala verdilər, Elbrusu da Bakıya göndərdilər. Ləğv olunan hərbi hissə də silahları təhvil verməli, bütün postlardan çıxmalıydı. Bunların hamısı Azərbaycan torpaqlarının işğalı üçün hazırlanmış xəyanət oyun idi.

“Şahin Musayev əmr vermişdi ki, ermənilər hücum etsə, geri çəkilin”

- Şakir bəy, o vaxtı yerli özünümüdafiə dəstələri ilə hərbi komandanlıq arasında əlaqə nə yerdə idi, rabitə düzgün qurulmuşdumu?
- Həmin dövrün şərtlərindən asılı olmayaraq, rabitə əlaqəsi qurulmuşdu. Ancaq əmrlər düzgün gəlmirdi. Məsələn, Şahin Musayev Laçının işğalından sonra bizə neçə dəfə gizli teleqrafla xəbər yolladı ki, əgər ermənilər sizə hücum etsələr, sizin əks hücuma keçməyə icazəniz yoxdur, gördünüz saxlaya bilmirsiniz, geri çəkilin. Yəni, torpağını qoy, geri çəkil. Bizə belə əmrlər gəlirdi. Laçının işğalından sonra Suarası kəndini azad edəndə, Şahin Musayev məni telefona çağırıb hədələdi ki, səni hərbi tribunala verəcəm. Mən onunla mübahisə etdim ki, bura mənim torpağımdır, ermənilərin yox, öz torpağımı işğaldan azad etməyə istənilən halda ixtiyarım var. Bizə deyirdilər ki, silahları təhvil verib çıxın gedin. Bunların hamısı döyüş ruhu olan insanları ruhdan salmağa hesablanmışdı. 

- Orduları müqayisə etsək, yerli özünümüdafiə dəstələrinin, batalyonun döyüş bacarığı hansı səviyyədə idi: ermənilər üstün idi, yoxsa biz? Ermənilər hansı silahlardan istifadə edirdi?
- Onu deyə bilərəm ki, bizimlə üz-üzə döyüşlərdə həmişə ermənilər qaçıblar. Şuşa işğal olunandan sonra oradan bir bölük gəldi ki, biz getmirik, sizinlə qalırıq. Amma əksəriyyəti Bakıya qaçmışdı. Onlara cavabdeh olan posta kömək göndərdik, amma bir gecənin içində həmin postu ermənilərə təhvil verdilər. 5 nəfər də şəhid oldu. Amma biz o postu geri götürdük. Kimin kimə işlədiyi bilinmirdi. Bir dəstə gedirdi, o biri gəlirdi, hərə də öz adından danışırdı. Amma biz Azərbaycan üçün döyüşürdüksə, o zaman hamımız eyni komandanlığa tabe olmalıyıq. Başqa çıxış yolu olmamalıydı, amma xəyanət vardı.

“Nazirlikdə oturanlar Laçınla Kəlbəcəri biri-birindən ayıra bilmirdilər”

- Müdafiə Nazirliyi hara baxırdı, niyə prosesləri diqqətdə saxlamırdı?
- Döyüşdə olan adam idim, hara baxdığını bilmirdim. Heç nazirlikdə oturanlar Laçınla Kəlbəcəri biri-birindən ayıra bilmirdilər, hər iki rayonu kənd kimi tanıyırdılar. Yəqin, xəritəyə baxmamışdılar, ya da vaxtında dərslərini yaxşı oxumamışdılar. Bir dəfə nazirlikdən xəbər gəldi ki, Kəlbəcər kəndinə, Laçın kəndinə köməyə gedin. Bildirdim ki, buradan Kəlbəcərə 8 saata gedib ya çataram, ya çatmaram, biz hazırda Laçındayıq. Heç bundan da xəbərləri yox idi. Bildirdim ki, xəritəyə baxın, Laçın kənd deyil rayondur, Kəlbəcər də rayondur, kəndlə rayon anlayışını səhv salmayın.

“Göstəriş vermişdilər ki, Laçından çıxın”

- Laçına olan hücumlar ərəfəsində hərbi yardım istənilmişdimi, belə müraciətlərə hansı cavabı verirdilər?
- Biz hərbi yardım istəmədik, bildirdik ki, kömək edin, Laçını saxlayaq. Çünki Turşsuda Elbrus Orucovun rəhbərlik etdiyi qüvvələr qaçmışdılar. Arxa boş qalmışdı. Nəticədə Laçın rayonunda olan hərbi qüvvələr tamamilə nəzarətsiz qaldı. Bizə də deyilmişdi ki, siz ancaq Ermənistanla olan sərhədləri qorumalısınız, sizin Qarabağa heç bir aidiyyatınız yoxdur. Yəni, dediklərindən belə çıxırdı ki, ora bizim nə nəzarətimizdə idi, nə postumuz vardı, nə orada bizim hərbi qüvvəmiz yox idi. Biz Bakıya və aiddiyyatı orqanlara saysız teleqram vurmuşduq. Həmin dövrdə bundan başqa əlaqə vasitəsi yox idi, hamısı məhv edilmişdi. Amma Laçın işğal olunan gün Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri oradaydı. Bizə də göstərişi onlar vermişdilər ki, Laçından çıxın.

Mənsur Rəğbətoğlu








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений