hava haqqinda Bakı
Bu gün +3 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.9202
  • NEFT - $ 66.56
  • clouds-weather

“Bu şəhərdə”nin Sumqayıt qalmaqalı: “Onlara “yox” cavabı verilməyib” – İcra Hakimiyyəti

“Bu şəhərdə”nin Sumqayıt qalmaqalı: “Onlara “yox” cavabı verilməyib” – İcra Hakimiyyəti

Xəbər verdiyimiz kimi, “Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov bildirib ki, Sumqayıtda “Bu şəhərdə”nin konsertinin keçirilməsinə icazə verilməyib.

O qeyd edib ki, tamaşaçıların istəyinə görə, konsertin keçirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edilsə də, cavab müsbət olmayıb.

“Əziz Sumqayıtlılar! Bizim telefona, “İnstagram” və “Facebook”a gələn sms-lərə cavab olaraq nəzərinizə çatdırırıq ki, mart ayında konsertlərimizin keçirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə (Cənab Zakir Fərəcova və onun müavini Teymur Səmədova) iki məktub ünvanlamışıq. Nəticədə bizə məlum olmayan səbəbdən, Sumqayıtda "Bu şəhərdə" nin konsertlərinin keçirilməsinə icazə verilmədi. "Bu şəhərdə" sizin şəhərdə olmayacaq”, - deyə Müşfiq Abbasov bildirib.

Bu barədə Cebhe.info-ya açıqlama verən Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat katibi Eyvaz Qocayev bildirib ki, Sumqayıt şəhərində son illərdə digər sahələrdə olduğu kimi mədəniyyət sahəsinə də xüsusi diqqət yetirilir:

“Mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb və şəhərdə davamlı olaraq insanların mədəni istirahəti üçün kütləvi tədbirlər keçirilir, konsertlər təşkil olunur. “Bu şəhərdə” komandası da ötən ilin mart ayında Sumqayıt səhnəsində olub, yüksək səviyyədə konsert proqramları təşkil olunub. “Bu şəhərdə”nin konsert proqramında şəhər rəhbərliyi, eləcə də şəhər ictimaiyyəti iştirak edib. Əgər bu il də Sumqayıt şəhərində konsert proqramı ilə iştirak etmək niyyətləri varsa, Şəhər İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlayıblarsa, ötən il olduğu kimi yenə də konsertlərini keçirə bilərlər. Onu da qeyd edək ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən “Bu şəhərdə” üzvlərinə “yox” cavabı verilməyib”.

Hicranə İsmayılova
Cebhe.info


Oxunma sayı: 821