hava haqqinda Bakı
Bu gün +3 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.9202
  • NEFT - $ 66.56
  • clouds-weather

“Qarabağ itirilib, öz karyeranı düşün”:Əli Kərimli öz kolleqasına, Elçibəyin silahdaşına daha nələr demişdi...

“Qarabağ itirilib, öz karyeranı düşün”:Əli Kərimli öz kolleqasına, Elçibəyin silahdaşına daha nələr demişdi...

Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində aktivlik müşahidə olunur.

Bir sıra siyasi ekspertlər 2019-cu ildə 31 il öncə başlamış münaqişənin həlli istiqamətində mühüm irəliləyişin olacağını bildirirlər. Ötən il münaqişənin başlanmasının 30-cu ili idi. Maraqlıdır ki, Qarabağ ətrafında aktivlik də ötən ildən başlanıb. 2016-cı ilin 4 günlük aprel savaşı sanki “Qordi düyünü”nü kəsdi, danışıqlar prosesinin “donu” açıldı. 

Ötən ilin payızında ictimai-siyasi təşkilatlar, partiyalar, ayrı-ayrı şəxslər Qarabağla bağlı fəallığı artırdı. Qarabağ Komitəsi yarandı, noyabrda bu qurum “Qarabağa azadlıq” tələbi ilə mitinq də keçirdi. Rəsulzadə-Elçibəy ideya-siyasi platformasında olan təşkilatlar Qarabağı, Güney Azərbaycanı, Borçalı və digər tarixi torpaqlarımızda yaşayan soydaşlarımızın problemlərini heç zaman diqqətdən kənarda qoymayıb. Lakin Əli Kərimlinin rəhbərlik etdiyi “Yurd” və Demokratik Qüvvələrin Milli Şurası adlanan təşkilat hər zaman milli problemlərə biganə yanaşıb. Bu qurumlar ötən il keçirilən Qarabağ mitinqinə də nə təşkilati, nə lojistik dəstək verdi. Asif Yusifli və digər  qazilərin arxasında gizlənib Avropadan böyük qrantlar alan Əli Kərimli Qarabağa ögey yanaşdığını ortaya qoydu. Əli Kərimli və onun kosmopolit təfəkkürlü komandası hələ ötən əsrin 90-cı illərindən milli məsələlərə yanaşmada fərqli mövqe ortaya qoyurdular.  Onlar AXCP-nin və müxalifətin lideri Əbülfəz Elçibəyin bütün addımlarına qarşı gedirdilər.

Elçibəy hələ 96-cı ildə Kələkidə olarkən müavinlərindən birinə “Bundan sonrakı siyasi fəaliyyətimdə əsas prioritet Güney Azərbaycan və Qarabağ olacaq”,- demişdi. Bəy Bakıya qayıdandan sonra milli düşüncəli ziyalıları topladı, Aydınlar Birliyi, Bütöv Azərbaycan Birliyi və  digər milli təşkilatları yaratdı. Lakin Əli Kərimlidən təlimat alan “Yurd” şəbəkəsinin QHT sektorunda, mediada çalışan, ayrı-ayrı siyasi təşkilatlarda yerləşdirilmiş üzvləri Elçibəyin ideyalarını ələ salır, utopiya kimi qiymətləndirirdilər. Bir dəfə “Yurd”dan olan iki jurnalist “Xaqani-33”dəki redaksiyanın zalında keçirilən BAB-ın toplantısında müzakirə olunan məsələni danışıb gülürdülər. Toplantıda isə Güney Azərbaycanın xəritəsi müzakirə olunurdu.

Əli Kərimlinin Qarabağ məsələsinə yanaşması Elçibəyin, milli demokratların mövqeyindən kəskin şəkildə fərqlənirdi və indi də belədir. “Yurd” lideri üçün şəxsi və qrup maraqları hər zaman Qarabağdan və bütün milli problemlərdən üstün olub. İndi ara-sıra saxta Qarabağ sevgisi izhar etsə də, onun itirilmiş torpaqlarımızın qaytarılmasına inamı heç zaman olmayıb və heç bununla maraqlanmayıb da. Əbülfəz Elçibəy 2000-ci ildə Ankarada Gülhanə xəstəxanasında son günlərini yaşayarkən belə gənclərə etdiyi müraciətdə “rusun əli ilə işğal olunmuş Qarabağın” qaytarılacağına inam ifadə olunurdu. Bütün siyasi xadimlər, dövlət rəsmiləri hər zaman Azərbaycanın gec-tez Qarabağa sahib çıxacağını, ərazi bütövlüyümüzün müzakirə mövzusu olmadığını bildirirlər. 

AXC şinelindən çıxmış siyasətçilərdən yalnız Əli Kərimlidir ki, artıq ərazilərimizin itkisi ilə barışıb. Onun 90-larda “Xaqani-33”dəki kabinetində (yeri gəlmişkən, bu kabinet Elçibəyə ayrılmış otaqdan 3 dəfə böyük idi-müəll.) Elçibəyin müavinlərindən birinə dediyi söz unudulmayıb. Elçibəyə, milli xəttə sadiq adamları ələ almağa, “verbovka” etməyə çalışan “Yurd” lideri həmin şəxsə əməkdaşlıq təklif edib. Rədd cavabı aldıqda ona “bəzi reallıqları” izah etməyə başlayıb.  Elçibəyin müavininin “Biz sən deyən yolu tuta bilmərik. Bizim hədəfimiz Qarabağın azadlığı, Güney Azərbaycanın  qurtuluşudur” fikrinə Əli Kərimlinin cavabı belə olub: “Güney Azərbaycanın azadlığı nağıl söhbətdir. Siyasi cəhətdən tükənmiş adamların (o, bu ifadə ilə Elçibəyi və silahdaşlarını nəzərdə tuturmuş-müəll.) varlığını qoruma cəhdidir. Qarabağ isə itirilib, bir də heç zaman qayıtmayacaq. Erməni qanla torpaq alıb ki, sənə qaytarsın? Özünü, karyeranı düşün”. 

Bu söhbət 1995-ci ilə parlament seçkiləri ərəfəsində olub.  Elçibəyin müavinini deputat mandatı qarşılığında  öz tərəfinə çəkməyə çalışan Əli Kərimlinin qrupu həmin seçkidə 4 mandat qazandı. Əli Kərimlinin təklifini rədd edən  Elçibəyin silahdaşı isə bir neçə gün sonra “Yurd”un qəzetlərində “gerilikçi”, “təfəkkürü 88-də qalmış siyasətçi” kimi aşağılandı. 25  il keçsə də, “Yurd”un mübarizə metodları, Əli Kərimlinin düşüncəsi dəyişməyib. Bu gün də ona Qarabağ, Güney və digər qrant gətirməyən mövzular  maraqlı deyil.

Aydın Turan
Cebhe.info


Oxunma sayı: 1793