Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Lirəni "öldürən" açıqlamadan sonra: "Azərbaycana axan maliyyə də kəsilə bilər"



Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın inaqurasiya mərasimindən sonra hökumətin yeni tərkibinin açıqlanması ölkə valyutasının yenidən dollar qarşısında dəyər itirməsinə gətirib çıxarıb. İddia olunur ki, buna səbəb kimi prezident R.T.Ərdoğanın kürəkəni Berat Albayrakın xəzinə və maliyyə naziri təyin edilməsi göstərilir. Məsələ burasındadır ki, yeni təyinatlara qədər dollar lirə qarşısında 1% dəyər qazanaraq 4,51-ə qədər bahalaşmışdı. Hökumətin tərkibinin açıqlanmasından dərhal sonra isə dollar sürətlə bahalaşaraq 4,74 TL-ni keçib. İddialarla razılaşmayanlar da var. 

Məsələ ilə bağlı Cebhe.info-ya fikirlərini bölüşən iqtisadçı ekspert Pərviz Heydərov hesab edir ki, Türkiyədə lirənin ucuzlaşması hökumətin tərkibinidə kimlərin olmasından asılı deyil. Onun sözlərinə görə, lirənin ucuzlaşması bu günün və dünənin söhbəti deyil. Bunun artıq uzun müddətdir davam etdiyini deyən P.Heydərov qeyd etdi ki, Türkiyədə lirənin dəyər itirməsinə bundan əvvəl də səbəb kimi siyasi amillər göstərilirdi: 

"Həqiqətən də siyasi amillərin də burda müəyyən rolu var idi. Lirənin ucuzlaşmasını Türkiyə ABŞ münasibətlərindəki soyuqlaşma ilə də əlaqələndirənlər vardı. Amma sonrakı münasibətlər göstərdi ki, bu heç də təkcə siyasi məsələlərlə bağlı deyil. Eyni zamanda, Türkiyə iqtisadiyyatının özündə real mənzərə heç də əvvəlki illərdəki kimi deyil. Yəni, ticarət dövriyyəsində, tədiyyə balansında, ümumən Türkiyə iqtisadiyyatında son aylar ərzində azalmalar müşahidə edilib. Bu ciddi bir siqnaldır. İndi yeni hökumət formalaşıb, idarəetmə üsuluna keçiblər. Bunun iqtisadiyyat üçün nə kimi xeyri olacaq, uzun illər ərzində Türkiyə iqtisadiyyatının öyrəşdiyi idarəetmə üsulundan fərqli olaraq nə kimi yeniliklərin gətirəcəyi hələlik müəyyən vaxt tələb edir".

Türkiyə iqtisadiyyatının çox nəhəng olduğunu deyən iqtisadçı ekspertin sözlərinə görə, qardaş ölkənin səlahiyyətliləri bu sahədəki neqativ halların qarşısını mütləq almalıdır. P.Heydərov hesab edir ki, əks halda iqtisadiyyatdakı çöküş daha da dərinləşəcək və bu Azərbaycana da təsirsiz ötüşməyəcək: 

"Türkiyə iqtisadiyyatındakı neqativ hallar Azərbaycan iqtisadiyyatına da mənfi təsir edə bilər. Çünki Azərbaycanın ən çox iqtisadi əlaqədə, idxal-ixrac münasibətlərində olduğu ölkələrdən biri Türkiyədir. Bundan başqa Azərbaycanın ən çox investisiya yatırdığı ölkə Türkiyədir. Siz bilirsiz ki, SOCAR-ın orda müəyyən sərmayələri var. Bundan başqa Azərbaycanın ən çox pul yatırdığı ölkə də Türkiyə hesab olunur. Əgər orada geriləmə dərinləşərsə, Türkiyəyə axan Azərbaycan maliyyə vəsaitləri üçün də mənfi fəsadlar yarana bilər". 

Elmir Murad
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений