Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Maaş artımı, yoxsa komitənin rəqəmlə oyunu?



2018-ci il aprelin 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 532,3 min nəfər olub, onlardan 888,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 643,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Dövlət Statistika Komitəsinin məlumatına görə, muzdla işləyənlərin 21,7 faizi təhsil, 19,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,5 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,2 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 11,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

2018-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,5 faiz artaraq 532,4 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. Hazırda Azərbaycan Mərkəzi Bankı tərəfindən inflyasiya həddi “dövlət sirri” kimi qorunub saxlanılır. Hökumətin birrəqəmli inflyasiya proqnozunu nəzərə almaqla, Mərkəzi Bank 2018-ci ildə inflyasiyanı 6-8 faiz civarında saxlamağa çalışacağını bəyan etmişdi. Lakin 2018-ci il üzrə inflyasiya səviyyəsi rəsmi olaraq açıqlanmadığı üçün, Statistika Komitəsinin orta aylıq nominal əməkhaqqının 3,5 faiz artması barədə açıqladığı fikirlər reallıqdan uzaq görünür.

Ölkədə orta aylıq əməkhaqqının 3,5 faiz artmasına münasibət bildirən iqtisadçı-ekspert Akif Nəsirli “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycanda 2018-ci ildə əməkhaqqı artımları gözlənilən idi: 

“Çünki dövlət büdcəsində əhalinin həm gəlirlər, həm də xərclər bölməsi ötən illə müqayisədə daha çox artırılıb. Büdcənin yarıdan çox hissəsi tikinti sektoruna cəlb olunması proqnozlaşdırılırdı. Bu isə, əməkhaqqının 2-5 faiz artımına səbəb ola bilən amillərdəndir. Bu, gözlənilən haldır. Amma məsələ ondadır ki, Azərbaycan statistikasına tək mənim yox, ölkə vətəndaşlarının da etibarı itib. Çünki gözlə görüləsi statistik məlumatlar ya şişirdilir, ya da kiçildilir. Müvafiq qurumlar rəqəmlərlə vətəndaşın hiss edəcəyi qədər oynayır. Azərbaycan Statistika Komitəsinin iş prinsipi artıq köhnəlib, mənəvi aşınmaya məruz qalıb. Artıq dünyanın inkişaf etmiş statistikası nominal rəqəmlərlə işləmir. Məsələn, bu gün söhbət Azərbaycan vətəndaşının əməkhaqqının artımından gedirsə, artım bazarda qiymətlərlə müqayisə olunmalıdır. Dəqiq rəqəm çıxarılmalıdır ki, Azərbaycan vətəndaşı real gəlirə malikdir, yoxsa, gəlir yükünə. Ola bilsin ki, ölkə vətəndaşının 3 ayda əməkhaqqı nominal olaraq artsın. Amma 3 ayda qiymətlər o qədər artıb ki, bəlkə də əməkhaqqı 20 faiz artsa da, xərcləri kompensasiya edə bilmir”.

Ekspert hesab edir ki, əgər düzgün statistika aparılsa, artırılan əməkhaqqına rəğmən əhalinin real gəlirlərində inflyasiya və qiymət artımı hesabına azalma müşahidə edərik: “Təkcə əməkhaqqının artırılması, insanların güzəranının yaxşılaşdırılması demək deyil. Bu, yaxşılaşdırmanın bir əlamətidir, amma tam mənzərəni əks etdirmir. Ola bilər ki, vətəndaş cəmiyyətinin statistikası birtərəfli olsun. Amma dövlət statistikası büdcədən maliyyələşdirilir, buna görə də ölkə vətəndaşına müfəssəl, hərtərəfli məlumat verməyə borcludur. “Əməkhaqqı 3 faiz artıb” deməklə vətəndaşı aldatmaq lazım deyil”.

Akif Nəsirli onu da qeyd edib ki, artım 3,5 faiz olsa da, 2018-ci ilin birinci rübü üçün inflyasiyanın birrəqəmli olmasını iddia etmək ağlasığmazdır: “İstənilən şəxs bazardakı qiymətləri müqayisə edəndə görür ki, yanvardan bu günə qədər qiymətlərdə kifayət qədər artım var. Bu, 3-5 faizlik artım, hətta neft məhsulu olsa belə, orda bir şübhə var. Çünki 3 aylıq inflyasiya bu artımı yuyub aparır. Əməkhaqqı artsa da, vətəndaşın real gəliri yoxdur. Bu, statistika deyil, rəqəmlə manipulyasiyadır”.

Yeganə Oqtayqızı








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений