Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Manat üçün 2018 gözləntisi: Milli valyutanı növbəti ildə nə qoruyacaq?



Maliyyə naziri Samir Şərifov dövlət televiziyasına müsahibəsində manatla bağlı maraqlı fikirlər səsləndirib. “Milli valyutamızın məzənnəsi sabitləşib. İlin əvvəlinə baxsaq, manatın məzənnəsi bir qədər möhkəmlənib. İlin əvvəli ilə müqayisədə təxminən 3,4 faiz, fevral ayı ilə müqayisədə 10 faizdən yuxarı möhkəmlənmə baş verib. Onu da qeyd etmək istəyirəm ki, manatın məzənnəsinin daha da möhkəmlənməsinə təzyiqlər mövcuddur”- deyən nazir, manatın nörbəti ildə bir növ möhkəmlənəcəyinin anonsunu verib. Maraqlıdır, manat hansı amillərin hesabına möhkəmlənəcək? Bunun üçün iqtisadi mühit mövcuddurmu? 

“Cümhuriyət” qəzetinə şərhində iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, manatın bahalaşması üçün yeganə səbəb neftin qiymətinin artmasıdır: “Doğrudan da neftin bahalaşması ölkəyə əlavə valyuta gətirdi. Bu da ticarət balansının müsbət saldosunu xeyli artırdı. Əgər neftin qiyməti bu səviyyədə, yəni 60-65 dollar səviyyəsində qalacaqsa, təbii ki, manatın daha rahat nəfəs alması, hətta möhkəmlənməsi üçün şərait yarana bilər. Amma burada problem başqa məsələdədir. İlk növbədə neft qiymətləri sabit deyil, dəyişməyə meyillidir. Digər tərəfdən, Azərbaycanda əgər yeni iqtisadi modelə keçid elan edilib və qeyri-neft sektoru prioritet elan olunubsa, ixracatın artırılması üçün işlər görülürsə, dünyada və iqtisadi nəzəriyyədə qəbul olunmuş qayda var ki, bir ölkənin valyutası möhkəmlənirsə, həmin ölkənin ixracat potensialı zəifləyir.

Ona görə də bir çox ölkələr  hətta çalışırlar ki, məzənnənin aşağı salınması üçün addımlar atsın. Məsələn, Çin uzun müddətdir bu siyasəti yürüdür və buna görə Ümumdünya Ticarət Təşkilatından, ABŞ, Avropa Birliyindən ciddi iradlar var ki, bilə-bilə məzənnəni ucuzlaşdırırsız ki, Çin malları daha rəqabət qabiliyyətli olsun. Bu nöqteyi-nəzərdən də manatın gələcəkdə möhkəmlənməsi ixracat potensialında ciddi zəifləməyə səbəb ola bilər. Hesab edirəm ki, bu baıxmdan  gələn il üçün hətta neft qiymətləri bu səviyyədə qalsa belə, Azərbaycan hökumətinin qarşısına qoyduğu məqsədlər qeyri-neft sektoru ilə bağlıdırsa, manatın möhkəmlənməsi hökumətin prioriteti olmayacaq. Hökumət bu yöndə addımlar atmaqdan çəkinəcək”.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə hesab edir ki, manatın möhkəmlənməsi üçün heç bir zəmin yoxdur: “Ola bilər ki, manat sabit qalsın. Bu da manat kütləsinin azaldılması və valyuta ehtiyatlarının xərclənməsi hesabına ola bilər. Əlbəttə, Azrbaycanın 40 milyard dollara yaxın valyuta ehtiyatı var. Manat o zaman möhkəmlənməyə başlaya bilər ki, hökumət valyuta ehtiyatlarını xərcləməyə başlayır. Bu gün Azərbaycanın pul bazası 8 milyard 686 milyon manatdır. Yəni, dövriyyədə bu qədər manat var. Mərkəzi Bankda olan valyuta ehtiyatları 5 milyard 154 milyon dollardır. Ölkənin əsas ehtiyatlarının saxlanıldığı Dövlət Neft Fondunda isə oktyabrın 1-nə olan məlumata görə 36 milyard 20 milyon dollardır. Yəni, ümumi olaraq ölkədə 41 milyard 174 milyon valyuta ehtiyatı var. Əgər bu gün bütün valyuta ehtiyatları xərclənsə, 1 dollar 0.21 manat olar. 

Dövlət istəsə manatı bu həddə qədər bahalaşdıra bilər. Valyuta təkcə manatın məzənnəsinin saxlanılması üçün deyil. Onun min dənə təyinatı var. Bu halda manat özünü saxlamır, dövlət neftdən qazandığı puldan istifadə edərək bunu edir. Əslində 2015-ci ilin devalvasiyasından öncə məhz bu proses gedirdi. Yəni, dolların məzənnəsini 0.78-də zorla saxlamışdılar. Bu ildə valyuta ehtiyatları hesabına manatı 1.70 səviyyəsində saxladılar. İstəsələr, yenə də edə bilərlər. Ancaq bu qeyri-real məsələdir. Real olan budur ki, növbəti ildə də manatı 1.70-1.80 arasında saxlayacaqlar”.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений