hava haqqinda Bakı
Bu gün +9 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0259
  • EURO - 1.9270
  • NEFT - $ 66.97
  • clouds-weather

Manatın sınaq dövrü: NECƏ ÇIXACAQ?

Manatın sınaq dövrü: NECƏ ÇIXACAQ?

“Fitch” beynəlxalq reytinq agentliyi 2018-2021-ci illərdə Azərbaycanda ABŞ dollarının məzənnəsinin dəyişməyərək 1,7 manat qalacağını proqnozlaşdırır.  

Digər beynəlxalq kredit reytinqi agentliyi “S&P Global Ratings” isə, ölkəmizə dair proqnozunda manatın ABŞ dollarına münasibətdə bu ildən başlayaraq ucuzlaşacağını bildirib. Belə ki, dollar/manat məzənnəsinin 2019-cu ilin sonunda 1.79 manat səviyyəsinə, 2020-ci ilin sonunda 1.87 manata, 2021-ci ilin sonunda isə 1.97 manata qalxacağını gözləyir. Xarici təşkilatlar da belə deyirsə, manata görə narahat olmalıyıqmı?

İqtisadçı-ekspert Pərviz Heydərov “Cümhuriyət” qəzetinə bildirib ki, agentliyin nəyə əsasən belə proqnoz irəli sürdüyünü demək çətindir: 

“Amma açıqlamada "Əgər neftin qiyməti az əlverişli olarsa, Azərbaycan hökuməti 2015-ci ildə baş verdiyi kimi, böyük həcmdə valyuta ehtiyatlarının itkisinə yol verməmək məqsədilə mübadilə məzənnəsinin düzəlişinə gedəcək",- deyilməsindən aydın olur ki, ucuzlaşmanın neftin qiymətinin dünya bazarında baş verəcək tendensiyası ilə əlaqədar ortaya çıxacağı gözlənilir.

Sual yaranır: ölkəmizin valyuta bazarı məgər 2021-ci ilədək də neftin ixrac qiymətindən asılı olacaq? Həmçinin, neftin dünya bazarlarında qiymətinin heç 1 həftə sonra belə necə olacağını müəyyən etmək mümkün olmadığı halda, “S&P Global Ratings” haradan bilir ki, gələn il neftin orta qiyməti necə olacaq? Məgər ölkəmizin valyuta bazarı yaxın 3 ilərzində yenə sərbəst şəkildə deyil, inzibati yolla tənzimlənəcəkmi?

Bəri başdan qeyd edim ki, adı çəkilən qurumun proqnozu absurddur. 2021-ci ilin sonunadək manat 1 ABŞ dollarına görə 2 manata yaxın və ya bundan da çox ola, yaxud, indiki kimi - yəni 1,70 səviyyəsində də qala bilər. Sadəcə olaraq, 1,70-dən aşağı bahalaşan deyil. Dəqiq olan yalnız budur.Yəni bahalaşsa, yalnız dollar bahalaşacaq, manat yox. Buna keçən il ərzində real zəmin mövcud olsa da, inzibati yolla imkan verilmədi və verilməyəcək də. Söhbət, hökumətdən, konkret olaraq, Mərkəzi Bankdan (AMB) gedir. Bir ara maliyyə naziri Samir Şərifovun da milli valyutanın, yəni manatın son dərəcə möhkəm olmasının Azərbaycan üçün faydalı olmadığı barədə söylədiyi fikir kəskin ajiotajla qarşılandı ki, guya, nazir bununla növbəti devalvasiya barədə anons vermiş oldu. Halbuki maliyyə nazirinin açıqlaması növbəti devalvasiya xəbərdarlığı deyildi.Sadəcə olaraq, Samir Şərifov xatırlatdı ki, manat bir az da möhkəmlənərsə, xarici məhsullar ixrac üçün daha az rəqabətə davamlı olur və digər tərəfdən, yerli istehsalçılar daxili bazarda rəqabətdə uduzmağa başlayırlar, o səbəbdən ki, idxal malları ucuz başa gəlir”.

Ekspert qeyd edib ki, 2018-ci il ərzində ölkənin valyuta bazarında dollara tələbat yüksək olub: 

“Nəticədə, təklif sarıdan yeganə "oyunçu" kimi çıxış edən Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən yanvar-dekabr ayları ərzində hərraclarda bütövlükdə 6 460,4 milyon dollar satıldı ki, bu da, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 862,3 milyon dollar və ya 79,55 faiz çox edib.

2017-ci il ərzində ARDNF 3 598,1 milyon dollar satmışdı. Artımın əsas səbəblərindən biri kimi idxalın genişlənməsi çıxış etdisə də, ikinci səbəb ölkə iqtisadiyyatında, onun bir sıra sferalarında müəyyən aktivlik elementlərinin müşahidə olunması hesab edilirdi.Belə ki, iqtisadiyyatın bu və ya digər sektorunda cüzi də olsa canlanma yaranırsa, bu, həmişə ölkədə xarici valyutaya olan tələbatı artıran amillərdən biri kimi çıxış edir. Yəni, əhalinin gəlirləri faktoru burada heç də rol oynamırdı: vətəndaşların əlində keçən il elə böyük həcmdə sərbəst manat vəsaiti yox idi ki, kütləvi şəkildə dollara dəyişməklə valyuta satışının artmasına zəmin yaratsınlar”.

Pərviz Heydərovun qənaətincə, bu il manat möhkəmlənməyə meylli olacaq: 

“Yuxarıda qeyd olunanlara rəğmən, əslində keçən il belə idi. Belə ki, dollara tələbatın artmasına baxmayaraq, manatın bahalaşmasını şərtləndirən amillər daha güclü idi. Odur ki, hökumət bu il də daha çox manatın bahalaşmasının qarşısını almaqla məşğul olacaq, nəinki ucuzlaşmasından sığortalanmaqla. Çünki tədiyyə balansında, ticarət saldosundakı mövcud vəziyyət manatın bahalaşmasına daha çox şərait yaradır.

Ümumiyyətlə, nə qədər ki, neftin qiyməti 60 dollar civarındadır, manatın dəyəri ucuzlaşmağa deyil, bahalaşmağa meylli olacaq.Əgər 50 dollardan aşağı düşərsə, məzənnəni saxlamaq çətinləşəcək.Belə bir ehtimal isə hələ yoxdur.“S&P Global Ratings” kimi qurumlar sırf neftə görə manatın məzənnəsi haqda ildən artıq müddət üçün proqnoz verə bilməzlər.Bu, kökündən səhv yanaşmadır.Bundan ötrü iqtisadiyyatın bütün sektorlarında mövcud vəziyyət və görülən işlər nəzərdən keçirilməli, təhlil olunmalıdır”.

Analitik hesab edir ki, manatın ucuzlaşması üçün real təhlükə neftin qiymətinin 50 dollardan aşağı düşəcəyi təqdirdə yaranacaq: 

“Yalnız bu halda manatın ucuzlaşmasına yönəlik təzyiqlər güclənəcək. Lakin belə olduğu təqdirdə də, hökumət müəyyən müddət ərzində məzənnəni saxlamağa çalışacaq.Neftin qiyməti 40 dollardan aşağı həddə düşərsə, hökumət məzənnəni 3 aydan artıq saxlaya bilməyəcək.Ancaq nəzərə almalıyıq ki, qeyri-neft sektorumuz artır və bu sahədən ixrac getdikcə enişlənir.Azərbaycanın valyuta gəlirləri üzrə mənbələr tədricən, şaxələnmək üzrə işartı göstərir.Düzdür, bu, hələ vaxt aparacaq.Ancaq ona qədər ARDNF və AMB tandeminin valyuta bazarında "oyunu" makroiqtisadi sabitliyi istənilən halda ümumən qoruyub saxlamağa imkan verəcək”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 466