Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

MARAQLI: “Restoran həvəsi”: Ərzağı bahalaşdırır



Ekspertlər dünyada ərzağın bahalaşmasının daha bir səbəbini müəyyən ediblər.Bir çox ölkələrdə aparılan tədqiqatlar göstərir ki, insanlar əsasən evdə deyil, müxtəlif iaşə müəssisələrində qida qəbul etməyə üstünlük verirlər.Yəni, restoranlarda, kafelərdə və digər yerlərdə gündəlik yemək yeyənlərin sayı sürətlə artır.Bu da öz növbəsində ticarətin həcminin böyüməsinə və qiymət artımına gətirib çıxarır. Tədqiqatçıların rəyinə görə insanların ev şəraitindən kənarda qidalanmağa üstünlük verməsi, qloballaşma, urbanizasiya prosesi və məşğulluq səviyyəsinin artması ilə bağlıdır. Məsələn, son araşdırmalara görə Türkiyə əhalisinin 65 faizi iaşə müəssisələrində bişirilən yeməklərə üstünlük verir.

Digər ehtimallara görə insanlar arasında evdən kənar yerlərdəki qidalara tələbatın artması, iaşə xidmətlərinin genişlənməsi ilə bağlıdır.Hazırda Rusiyada iaşə müəssisələri şəbəkələrinin 47 faizi ərzaqların çatdırılma xidmətini təqdim edir.Halbuki 2015-ci ildə yemək payı aparılması iaşə bazarı dövriyyəsinin 18 faizini təşkil edirdi.Göründüyü kimi son 2 ildə bu sahədə 2.08 dəfə artım baş verib.2015-ci ildən başlayaraq Rusiya iqtisadiyyatına tətbiq edilən sanksiyalar nəticəsində əhalinin gəlirlərinin azalması, restoran biznesinə mənfi təsir göstərib.Buna baxmayaraq Rusiyada yaşayanların daha çox fast-food yeməklərinə tələbatı artıb.2016-cı ildə ayaqüstü yemək və içkilərdən istifadə edən insanların sayı 2015-ci illə müqayisədə 11 faiz çox qeydə alınıb.

Dünya ölkələrində ticarət mərkəzlərində açılmış restoran və kafelərdə yemək yeyənlərin sayının artması müşahidə olunur.Bu da ticarət məhsullarının reklamlarına və satışın səviyyəsinin yüksəlməsinə xidmət edir.Ancaq bir çox hallarda ticarət mərkəzlərindəki restoran və “koffe-break”lərin həddindən artıq səs-küylü olması istehlakçıların normal istirahətinə mane olur.

Azərbaycanda da xidmət ticarətinin bu növü getdikcə inkişaf etməkdədir. Hazırda ölkədə restoranlara üz tutan insanlar az deyil. Əhalisinin böyük əksəriyyəti ayaqüstü, fast-food, eləcə də restoranlarda bişirilən xarici yeməklərə üstünlük verir.

Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov “Cümhuriyət” qəzetinə bildirib ki, dünya ölkələrinin bir çoxunda yeməkxanalarla bağlı xüsusi qanunlar var:

“Rusiyada, Türkiyədə, eləcə də bir sıra ölkələrin qanunlarına əsasən hər işəgötürən heç olmasa, gündə bir dəfə işçisinə qaynar yemək verməlidir. İşçiyə pulsuz yemək verildiyi üçün onlar işdə yeməyə çalışır.İşçilərin işəgötürən hesabına pulsuz yeməklə təmin olunması, dünya praktikasında var və çox normal qəbul olunur.Fəhlə yeməkxanaları hesabata daxil olduğu üçün statistikaya təsir göstərir.

Bir çox ölkələrdə yarımfabrikat istehsalçılar üstünlük təşkil edir.Belə ki, xanımların çoxu işlədiyi üçün evdə yemək bişirmir.Yeməklərin çoxu evə yarımfabrikat şəklində gəlir.Onların çoxu qida mədəniyyətinə dərindən bələd olmayan adamlardır.Çünki yarımfabrikat qidalar həmişə xeyirli deyil”.

Baş kulinarın sözlərinə görə, inkişaf etmiş ölkələrdə yaşayan əhalinin böyük çoxluğu evdən kənarda qidalanmağa üstünlük verir:

“Bunun üçün evlərin altında olan kafe, restoranların xidmətindən istifadə edirlər. Evdə yemək bişirmək baha başa gəlir.İaşə müəssisələrində yemək bişirmək həm ucuz başa gəlir, həm də peşəkarlar tərəfindən hazırlanır. Həmçinin xaricdə olan yeməkxanalara, restoranlara çox güclü nəzarət var. Məsələn, Norveçdə aşbaz 7 il təhsil alır və 3 il işləyəndən sonra onu aşbaz köməkçisi götürürlər. Azərbaycanda isə heç bir kulinariya təhsili olmayan savadsız adamların adını aşbaz qoyub işə götürürlər.Əlbəttə, peşəkarın bişirdiyi yeməklər evdəki xörəklərdən dadlı olmalıdır.Çünki peşəkar aşbaz yeməyi mütəmadi və çox bişirir. Sırf yemək satan yeməkxanalarda qiymətlər evdə bişəndən təxminən 1.5 və ya 2 dəfə ucuz olur. Ona görə də xaricdə əhali həmin yeməkxanalarda oturub dərs də hazırlayır, kitab da oxuyurlar, iş görüşləri də edirlər. Artıq orada bu sistem formalaşıb”.

Tahir Əmiraslanov bütövlükdə Azərbaycandakı restoran sistemindəki vəziyyətin çox aşağı səviyyədə olduğunu da vurğulayıb:

“Ölkədəki restoranlarda savadsız adamlar şişirdilmiş qiymətlərlə pis xidmət göstərirlər. Başqa sözlə, keyfiyyətdən oğurlanaraq yeməklər bişirilir.Sürətlə artan fast-foodlarda yüksək səs-küy, düzgün musiqi seçimi kimi problemlər var. Normal musiqiyə qulaq asmamaq insanların təfəkkürünü dəyişdirir.Ümumiyyətlə, mən ayaqüstü yeməklərin əleyhinəyəm.Azərbaycanda yüksək mərtəbəli binalar tikilir.Həmin binanın bir mərtəbəsini orada yaşayanlar üçün restoran açsalar və sakinlər görsə ki, oradakı xörəklər evdə bişəndən ucuzdur, o zaman niyə vaxt və enerji sərf edib evdə yemək bişirməlidir?!İctimai iaşənin əsas məqsədi insanların asudə vaxtını artırmaqdır.Restoranlara təkcə yemək yeməyə getmirlər. Yaxşı restoran hissləri, duyğunu və bir az da yemək satır, orta restoran verdyi hiss, duyğu qədər də yemək satır. Təkcə yemək satan restoran deyil, yeməkxanadır. Bu cür yeməkxanaların bütün evlərin yaxınlığında olması lazımdır.Əvvəllər - sovet dövründə Bakıda pəhriz yeməkxanaları var idi.İnsanlar bu yeməkxanalardan səhhətindəki probleminə uyğun yeməklər alırdı.Onların da qiyməti çox ucuz deyildi.Məsələn, tələbə yeməkxanalarında bir dəfəyə tam nahar üçün qəlyanaltı, ana yemək, şorba və sonda çay, kompot və digər meyvə şirələri cəmi 35 qəpik idi.Amma şəhərdə bu qiymət 55 qəpiyə qədər gedirdi.İmkan var idi ki, insanlar orada yemək yesin.Çünki buradakı qiymətlər evdəkindən qat-qat ucuz başa gəlirdi”.

AMKM-nin rəhbəri onu da qeyd edib ki, iaşə müəssisələrində əsas məsələ əhalinin sağlamlığının gözlənilməsidir:

“Sovet dönəmində orta məktəbdə verilən yeməkləri yeyirdik. Bilirdim ki, bu yeməyin tərkibi yaxşıdır və mənə xeyirdir.Əgər o yeməklər mənə ziyan etsə, bişirənin başına tökərdim.Sovet sistemini bəyənməsək də, orada müəyyən üstünlüklər var idi.Ona görə də peşəkar olmayan adamı aşpaz kimi işə götürmürdülər.Onlar mətbəxin kənarından belə içəri girə bilməzdi.İndi bu cür yanaşma Almaniyada, Rusiyada, Türkiyədə və digər ölkələrdə var. Azərbaycanda restoranların bir çoxu insanlar üçün təhlükəlidir.Əgər yüksək səviyyəli mütəxəssislər evdə bişən yeməklərdən ucuz və gözəl xörək bişirə bilirlərsə, bu, gözəldir.Əgər tərsinədirsə, onda evdə yemək yaxşıdır”.

Yeganə Oqtayqızı

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений