Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Məğlubiyyətə məhkumların seçki bəhanəsi: Partiyaların mənzərəsi - TƏHLİL



2018-ci ildə keçiriləcək prezident seçkilərində ənənəvi müxalifət partiyalarının hazırlıq taktikası ilə bağlı xeyli müddətdir səslənən suallara cavab tapıldı. Məlum oldu ki, ənənəvi müxalif qüvvələr seçkilərdə vahid mövqe ortaya qoya bilmədi. Yəni, 2013-cü ilin prezident seçkilərində vahid namizədlə çıxış edən müxalifət öz məğlubiyyətini siyasi cəhətdən kompensasiya edəcəyinə dair rəy yaratmağa çalışırdı. Lakin növbəti seçkilər ənənəvi müxalifət üçün heç də uğurlu sayıla bilməz. Bu özünü ilk növbədə, seçkilərdə həmin siyasi dairələrin vahid siyasi mövqe ortaya qoya bilməməsində göstərir. Yəni ənənəvi müxalifətin seçkiyə münasibətində haçalanma ciddi fikir ayrılığı müşahidə olunur. Hazırda bəzi ekspertlərin “köhnə-yeni müxalifət” adlandırdığı siyasi təşkilatlar seçkilərə münasibətdə üç qrupa bölünüb. Birincisi, seçkidə işriraka üstünlük verənlər, ikincisi, seçkilərdə namizədlə iştirak etməkdən imtina edənlər, üçüncüsü, boykot qərarı çıxaranlar.

Qeyd edilən siyasi qüvvələri ətraflı təsnif etdikdə qarşıdan gələn prezident seçkilərində ənənəvi müxalifətin qələbə şansını dəyərləndirmək mümkündür. 

Seçkilərdə iştirak edən ənənəvi müxalifət partiyaları Azərbaycanın siyasi həyatında uzunmüddətli təcrübəyə malik olsalar da, daha çox sosial bazasının zəif olması ilə seçilir. Məsələn, Azərbaycan Demokrat Partiyası 1998-ci ildə Rəsul Quliyevin liderliyi ətrafında formalaşıb. Lakin sonrakı illərdə Rəsul Quliyevin Azərbaycana qayıda bilməməsi onun hakimiyyətə gələcəyinə dair ADP-çilər arasında formalaşmış inamın da tədricən aradan qalxmasına səbəb oldu. 2000-ci ildə isə ADP-nin sabiq həmsədri İlyas İsmayılovun təşkilatdan ayrılaraq Ədalət Partiyasını yaratması birincinin sosial bazasına və siyasi reytinqinə ciddi təsir göstərən amillərdən olub. Sonrakı mərhələdə isə ADP-nin rəhbərliyində baş qaldıran ziddiyyətlər, Rəsul Quliyevlə sədrin birinci müavini Sərdar Cəlaloğlu arasında yaranmış narazılıq partiyadan qopmalarla nəticələndi. Sərdar Cəlaloğlu prezidentliyə namizəd kimi seçkilərə qatılsa da, vaxtilə Azərbaycan müxalifətinin favorit təşkilatlarından olan Demokrat Partiyası bu gün çox zəifləmiş durumda görünür. Bir sözlə, ADP-nin aparıcı mövqeyini itirməsi, təbii ki, sədrin də qələbə şansını aradan qaldırır. Ona görə də, prezident seçkilərində S. Cəlaloğlunun hakim Yeni Azərbaycan Partiyasının namizədinə qalib gələcəyini söyləmək siyasi reallıqdan kifayət qədər uzaq və bəlkə də mümkünsüz görünür. 

Seçkilərə öz namizədi ilə qatılan digər ənənəvi müxalifət partiyası isə Vətəndaş və İnkişaf Partiyasıdır. Doğrudur, VİP Azərbaycanın siyasi səhnəsinə 2006-cı ildə çıxdığından bu, cəmi 12 ilə yaxın yaşı olan bir təşkilat üçün o qədər böyük tarix deyil. Çünki ənənəvi müxalifət partiyaları və ya onların liderləri bir qayda olaraq, 1988-ci ildə başlanmış milli-azadlıq hərəkatının üzvləri və 1990-cı illərin əvvəlində siyasətə gəlmiş şəxslərdir. Bu baxımdan, VHP cavan təşkilat hesab olunur. Ancaq partiyanın sədri və prezidentliyə namizədi Əli Əliyev klassik siyasətçilərdəndir. 1989-1991-ci illərdə gənc siyasi fəal kimi Azərbaycan Xalq Cəbhəsinin sıralarına qoşulan Əli Əliyev 1992-ci ildə Azərbaycan Milli İstiqlal Partiyasının qurucularından olub. Həmin səbəbdən Əli Əliyev ənənəvi müxalifətin təmsilçilərindən biri sayılır. Əli Əliyevin siyasi proseslərdə fəal mövqe sərgiləməsinə baxmayaraq, VİP-in sosial bazası seçkilərdə qalib gəlmək üçün yetərli deyil. Belə situasiyada seçkilərin hansı tarixdə keçirilməsi ciddi əhəmiyyət kəsb etmir. Yəni hər bir partiyanın və liderin seçici kütləsi ilə işləmək imkanlarının nə qədər geniş olması daha vacibdir. Seçkidə iştirak etməyən və boykot taktikasına üstünlük verən siyasi qurumlara gəlincə, onlar demək olar ki, analoji problemlərdən əziyyət çəkir. Bunlar daha çox elektorat və liderlik amili ilə bağlıdır. 

Seçikilərdə iştirakdan iilkin olaraq imtina edən Respublikaçı Alternativ Hərəkatı olub. REAL-çı lar bu qərarını təşkilatın lideri İlqar Məmmədovun həbsdə qalması və seçkilərdə iştirak edə bilməməsi ilə əsaslandırır. Ancaq İlqar Məmmədov azadlığa çıxacağı halda belə, onun prezidentliyə namizəd kimi seçkilərdə iştirak edə biləcəyi gerçəklikdən uzaq görünür. Hətta Azərbaycanda prezident seçkiləri oktyabr ayında keçirlərsə, REAL sədrinə qarşı ittiham hökmünün yaxın perspektivdə dəyişdiriləcəyi gözlənilmədiyindən təbii ki, İlqar Məmmədov azadlığa çıxacağı təqdirdə də seçkilərə qatılmaq şansı mümkünsüz sayıla bilər. Həmçinin, REAL Hərəkatı əsasən cavan, texnokrat fəalları sıralarında birləşdirən və müəyyən qədər də məhdud elektoral bazaya malik qurum sayılır. Ona görə də adıçəkilən hərəkatın seçkilərə böyük seçici kütləsi ilə getmək imkanı demək olar ki, çox məhduddur. Deməli, seçkilərin vaxtının dəyişdirilməsi barədə iddialar sadəcə olaraq, siyasi bəhanə xarakteri daşıyır. 

Müsavatdan ciddi istefalar gözlənilir

Seçkidə iştirakdan imtina etmiş digər siyasi təşkilat isə Müsavat Partiyasıdır. Son dövrlər partiyanın sabiq başqanı İsa Qəmbərin səhhətində yaranmış problemlərin seçkilərdə iştiraka mane olmayacağı barədə verilən açıqlamalar, faktiki olaraq, özünü doğrultmadı. İsa Qəmbərin 2018-ci ildə prezidentliyə namizədliyi barədə qərar Müsavat Partiyasının hələ 2014-cü ildə keçirilmiş qurultayında irəli sürülsə də bunu həyata keçirmək mümkün olmadı. Partiya daxilində sabiq başqanı əvəz edə biləcək daha güclü harizmatik lider olmadığından görünür, adıçəkilən təşkilat könüllü şəkildə geri çəkilməyə üstünlük verib. Lakin İsa Qəmbərin 2025-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini iddia etmək mümkün deyil. Ona görə də yaxın müddətdə Müsavat Partiyasında ciddi siyasi dəyişikliklərin baş verəcəyini proqnozlaşdırmaq o qədər də çətin deyil. Qurultayda Arif Hacılının başqan seçilməsinə etiraz edən, yaxud sonradan təşkilatın sıralarına qayıdanlar əsasən İsa Qəmbərin namizədliyinə inanaraq bu addımı atmışdı. Ancaq sabiq başqanın seçklərə qatıla bilməməsi bu ümidlərə son qoyduğundan çox keçmədən Müsavatın sıralarından ciddi istefaların olacağı gözləniləndir.

Xatırladaq ki, partiyanın VIII qurultaynın nəticələrindən narazı qalanların bir çoxu fəaliyyətini başqanlığa namizəd olmuş Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatında davam etdirməyə üstünlük verdi. Buna baxmayaraq, ADR-in siyasi partiyaya çevriləcəyinə dair gözləntilər özünü doğrultmadı və Qubad İbadoğlu daha çox QHT sədri kimi fəaliyyət göstərməyə üstünlük verdi. Qeyd edilən səbəbdən, Müsavatdan ayırlanların ADR-ə üz tutacağını da inandırıcı hesab etmək olmaz. Bu da öz növbəsində, ölkənin ənənəvi müxalifəti öz sıralarında birləşdirən daha böyük partiyalarından birinin siyasi səhnədəki aparıcı rolunun aradan qalxmasına yol aça bilər. 

AMİP-də lider problemi

Seçkilərdə iştirak etməkdən imtina edən Azərbaycan Milli İstiqlal Partiyası isə faktiki olaraq, siyasi durğunluq dövrü yaşayır. Partiyanın lideri Etibar Məmmədovun siyasətdən getməsindən sonra milli istiqlalçılar üzləşdikləri liderlik problemini aradan qaldıra bilmir. 2015-ci ildə AMİP-in sədri Yusif Bağırzadənin istefa verməsi qarşıdan gələn qurultayda yeni sədrin seçilməsini zərurətə çevirmişdi. Ancaq qurultayın vaxtından iki il ötsə də AMİP-çilər toparlana bilmir. Partiyanın seçkilərə qatılmaması da əslində səsvermə gününün aprel ayına keçirlməsi ilə deyil, məhz təşkilatdaxili fikir ayrılığının aradan qaldırıla bilməməsinə dayanır. 

Prezident seçkilərini boykot etdiyini bəyan edən Milli Şura və Əli Kərimli isə müxalifətin böyük hissəsinin bu qərara qoşulduğunu bildirir. Əli Kərimlinin facebook vasitəsilə yaydığı video-müraciətə diqqət yetirsək, onun seçkilərdə iştirak edənləri boykotçular sırasına aid etdiyini görmək çətin deyil. Bununla da Ə.Kərimli Milli Şuranın tərəfdarlarının və üzvlərinin sıralarını süni şəkildə genişləndirməyə çalışır. Halbuki, seçkidə iştirakdan imtina və boykot tamamilə fərqli siyasi taktikadır. Seçkilərdə iştirakdan imtina edən partiyalar öz üzvlərinə səsverməyə getməyə məhdudiyyət qoymur. Boykotçular isə bundan fərqli olaraq, seçkiyə qatılanlara “Mənim kimi düşünməyən məndən deyil” prinsipi ilə yanaşaraq düşmən münasibət bəsləyir. 

Milli Şuranın seçkilərə münasibətdə keyfiyyətə deyil, kəmiyyətə üstünlük verdiyi göz qabağındadır. İnsanları mitinqlərə dəvət etmək və aksiyalarda daha çox iştirak etmək çağırışları da məhz süni say artımının yaradılmasına xidmət edir. “Mitinq perepiskası” isə əslində Milli Şuranın ana müxalifət imicini formalaşdırmaq məqsədi daşıyır. Çünki istər Əli Kərimli, istərsə də Milli Şuranın digər rəhbərləri seçkilərdə hakimiyyətin namizədi İlham Əliyevin qalib gələcəyini yaxşı bilir. Onlar bunu sosial şəbəkələrdəki çıxışlarında da etiraf edir. Milli Şura boykot qərarını prezident seçkilərinin keçirilmə tarixinin qabağa çəkilməsi ilə izah edir. Amma Milli Şuranın təşkil etdiyi mitinqlərə 5-10 min nəfərdən artıq adam gəlməyib. Həmin aksiyaların siyasi effekti isə “Məhsul” stadionunun divarları arxasından o yana getməyib. Ona görə də digər ənənəvi müxalifət nümayəndələri kimi Əli Kərimlinin də prezident seçkilərinə təsiri nəticələri dəyişəcək gücdə deyil. Yəni seçkilərin 2018-ci ilin, aprel, oktyabr, hətta ilin sonunda keçirilməsi belə, ciddi fərq olacağını vəd etmir. Bu da hakimiyyətin namizədinin ənənəvi müxalifət liderlərindən nüfuzlu olması ilə bağlıdır. Xalq məsələyə daha praqmatik yanaşaraq, “Mən kimi dəstəkləməliyəm” sualını qoyur və ona uyğun hərəkət edir. Bu seçkilərdə ən güclü namizəd kimi İlham Əliyevi dəstəkləmək boykot qərarının arxasınca getməkdən daha faydalı görünür. 

Müşfiq Abdulla
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений