Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Məhkəmə-bank işbirliyi: Zərəri vətəndaş ödəyir



Bank-vətəndaş münasibətləri getdikcə gərginləşir.Bu gün məhkəmə işlərinin 60 faizdən çoxu məhz problemli kreditlərə aiddir.Problemli kreditlərin həcmi isə günü-gündən artır və bu da problemli kreditlərə görə məhkəmə işlərinin sayının çoxalması deməkdir.Mərkəzi Bankın son açıqlamasına görə, ölkədə vaxtı keçmiş, qaytarıla bilməyən kreditlərin həcmi artır. Təkcə keçən il ərzində belə kreditlər 30 faizə qədər - təqribən 418 milyon manat artım qeydə alınıb. Son rəqəmlərə görə, indi problemli kreditlər 2 milyard manata yaxındır.Maraqlıdır ki, bankları kreditlə bağlı qaldırdığı məhkəmə iddialarında məhkəmələr ancaq bankın xeyrinə qərar çıxardır.

Bu da borcluların ciddi şəkildə narazılığına səbəb olur.Nəzərə almaq lazımdır ki, bununla bağlı şikayətlərin sayı da kifayət çoxdur.Hətta məhkəmələrdə borcuların iştirakının təmin olunmadığı da iddia olunur.Ümumiyyətlə, məhkəmələrin problemli kreditlərlə bağlı bankların xeyrinə çıxardığı qərarları ədalətli hesab etmək olarmı?Maraqlıdır, bu qərarlar problemin həllinə nə qədər kömək edir?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə şərhində məhkəmə qərarlarının problemi həll etmək gücündə olmadığını deyib. N.Cəfərli hesab edir ki, dövlət bu məsələyə müdaxilə etməsə, problem çıxılmaz hal alacaq:

“Problemli kreditlərlə bağlı dəfələrlə demişik ki, məhkəmə çəkişmələri bu problemin həlli yolu deyil. Devalvasiyadan öncə kreditlərin təxminən 60 faizi dollarla verilib ki, bu da çox böyük bir rəqəmdir.Vətəndaşın günahı deyildi ki, götürdüyü kreditlər birdən- birə 2 dəfədən artıq bahalaşdı.Faizlərin də çox yüksək olduğu bir ölkədə yaşayırıq.Azərbaycanda olan kredit faizləri hətta dünya ölkələrində olan faiz nisbətindən də yüksəkdir.Bu cür səbəblərdir ki, vətəndaş götürdüyü krediti qaytara bilmir.Əgər qaytara bilmirsə, məhkəmənin verdiyi qərardan və ya hansısa digər bir qurumun atdığı addım heç nəyi dəyişməyəcək.Burada söhbət 10 minlərlə insandan gedir.Bu qədər insanı nə həbs etmək, nə də onlara qarşı sərt addımlar atmaq mümkün deyil.Deməli, bu problemin həlli daha ciddi müzakirələrdən və məsuliyyətin bölgü prinsipindən asılıdır.İki ildir təklif edirik ki, problemli kreditlərlə bağlı məsuliyyət 3 yerə bölünməlidir.Bu məsuliyyətin bir hissəsini dövlət, bir hissəsini bank, bir hissəsini isə vətəndaş üzərinə götürməlidir.Ancaq indi bütün yük vətəndaşın üzərinə düşüb.Nə banklar, nə də dövlət bu istiqamətdə heç bir addım atmır.Bu gün məhkəmələrdə olan işlərin 60-70 faizi məhz bank-vətəndaş münasibətləri ilə bağlı qaldırılan iddialardır.Bu məhkəmələrin işləməsini də çətinləşdirir, normal araşdırma aparmağa imkan vermir.Verilən qərarların bankların xeyrinə olmasının isə bir səbəbi var ki, kredit müqavilələri bağlanarkən, çox təəssüflər olsun vətəndaşlar hüquqşünaslarla məsləhətləşmirlər və bütün fors-major situatsiyalarda müqavilələr bankların xeyrinə bağlanır.Banklar da bunu bəhanə gətirərək, məhkəmələrə həmin müqavilələri təqdim edir və vətəndaşın imzasını göstərərək bildirirlər ki, bütün hallarda məsuliyyəti vətəndaş öz üzərinə götürüb.İndi də vətəndaşlar bunun acısını çəkir.Ancaq məhkəmələrin bu cür qərar verməsi, problemin həll olunması demək deyil.Dövlət bu prosesdə iştirak etməsə, bu problemin həlli mümkün olmayacaq”.

Natiq Cəfərlinin sözlərinə görə, problemli kreditlər məsələsi həll olunmadıqca, bankların sağlamlaşması mümkün deyil:

“Banklar bir-bir bağlanacaq, ancaq bankların ayaqda durması, iqtisadi proseslərdə iştirakı, kreditləşmə siyasətinə başlaması qeyri-mümkün olacaq. Ona görə də həm Mərkəzi Bank, həm də hökumət bu məsələnin həllində çox gecikib.İki ildən çoxdur ki, bu problem yaranıb və hər keçən gün daha da şişir.Ancaq bir müddət sonra bu çıxışı olmayan problemə çevriləcək və dövlət məcbur olacaq ki, müəyyən addımlar atsın. O, zaman isə bu dövlətə daha baha gələcək. Əgər iki il öncə bu problemi həll etmək uzuc idisə, artıq bu problemin həlli bahalaşıb. Müddət artdıqca, daha çox vəsait tələb olunacaq.Bunu hökumət, Mərkəzi Bank anlamalıdır”.

Vilayət Muxtar

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений