Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Məmur-oliqarxların “cəzasızlıq sindromu”: QIRILIR?



Son zamanlar yüksək rütbəli, imtiyazlı şəxslərin adları müxtəlif  qalmaqallı hadisələrdə hallanır. İstər avtomobil qəzaları, istərsə də digər neqativ  hadisələrdə məmur, oliqarx, iş adamlarının özləri və ya yaxınlarının birbaşa iştirakçı olması cəmiyyət tərəfindən narazılıqla qarşılanır. 

Bir neçə gün öndə “Nurgün Motors” şirkətlər qrupunun rəhbəri Nuru Əhmədovun oğlu Nurxan Əliyev YPX əməkdaşına yumruq vurub. Qeyd edək ki, hadisə ötən gün Rəşid Behbudov küçəsində baş verib. “90-AN-949” dövlət qeydiyyat nişanlı "İnfiniti" markalı avtomobilin sərnişini Əliyev Nurxan Nuru oğlu yol ilə paralel hərəkət edən YPX avtomobilinin əməkdaşlarını söyərək təhqir edib. YPX əməkdaşları sürücünün sərxoş olması ehtimalı ilə avtomobilə “saxla!” əmri verib. Əmrə tabe olmayan sürücü ikinci “saxla!” əmrindən sonra avtomobili dayandırıb. Bu zaman avtomobildə olan N.Əliyev maşından enərək kiçik çavuş Sənan Ədilzadənin üz nahiyəsinə yumruq zərbəsi endirib. Ardınca sürücü və sərnişin xidməti maşını idarə edən digər polisi təhqir etməyə başlayıb. Əraziyə Polis Post Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hadisədən sonra avtomobil cərimə meydançasına yerləşdirilib. N.Əliyev inzibati qaydada məsuliyyətə cəlb olunub.

Zaman-zaman cəmiyyət bu cür hadisələrin şahidi olur və etirazını bildirir. Təkcə iş adamlarının deyil, yüksək vəzifəli məmurların övladlarının da adı bu cür hadisələrdə  hallanır. Məsələn, bu ilin avqust ayında Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin rəhbəri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev Heydər Əliyev prospektində "Mercedes Gelandewagen" markalı avtomobillə qəza törədərək 2 nəfərin ölümünə, 2 nəfərin isə xəsarət almasına səbəb olub. Ondan bir az əvvəl isə general Novruzəli Orucovun oğlu bir avtobus sürüüsünü döydü və əməlinə görə həbs olundu.

Yaxud bu ilin may ayında da başqa bir hadisə yaşandı. Belə ki, hadisəni törədən şəxs məşhur iş adamı Füzulu Fərəcovun oğlu Ağəli Fərəcli hadisə yerindən qaçmışdı. Qeyd edək ki, 14 yaşlı Ağəli Fərəcli "Porsche Cayenne Magnum” markalı, 99 BS 999 dövlət nömrə nişanlı avtomobillə 24 yaşlı Xəyalə Məmmədovanı vuraraq ölümünə səbəb olmuşdu. F.Fərəcov mətbuata açıqlamasında hadisəni törədən oğlunun hələ 14 yaşında olduğunu deyib: "Mənim oğlumun 14 yaşı var. Törətdiyi hadisə ilə bağlı cinayət işi açılıb, məsuliyyətə cəlb olunub və hazırda araşdırma aparılır. Qanun nəyi tələb edirsə, o da olacaq”. Qeyd edək ki, bu hadisə ictimaiyyətdə geniş müzakirələrə səbəb oldu. Sonda isə yayılan məlumatlara görə hər iki tərəf razılaşaraq barışıblar.

Bunlar məmur, oliqarx və iş adamlarının özlərinin və ya yaxınlarının iştirakı ilə yaşanan hadisələrin bir hissəsidir. Ləğv olunan Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən hadisələr zamanı müxtəlif şəxslərə təzyiqlər, hədə-qorxu gəlmələr və bununla da vəzifəsindən sui-istifadə edərək şəxsi maraqlarını təmin edilməsi də gündəmə gəldi. Maraqlıdır, bu şəxslərə bu əməlləri törətmək üçün niyə “yaşıl işıq” yandırılır? Yaxud onlar özlərini niyə toxunulmazlıqda hiss edərək qanunları, ictimai əxlaqı açıq şəkildə pozmağa cəsarət edirlər?

Qanunvericiliyə görə, vəzifəsindən asılı olmayaraq hər kəs qanun qarşısında eynidir, törətdiyi əmələ görə cəzasını çəkməlidir. Ancaq hələlik görünən odur ki, bəziləri məmur və ya varlı olmağı həm də cəzasız qalmaq kimi anlayır, həyatını da elə buna görə qurur. Son zamanlar güclənən ictimai qınaq və yüksək səviyyədə sərt xəbərdarlıqlar  onlaırn düşüncə və davranışlarında olan cəzasızlıq sindromunu müəyyən qədər qırdı. Nəzərə alsaq ki, son hadisələrdə birbaşa iştirakçı olan yüksək “imtiyazlı” şəxslər müəyyən cəza alıblar. Ancaq hələ də özünü “toxunulmaz” elan edib buna uyğun davrananlar da az deyil və bir şeyi unudurlar ki, qanunsuzluq varsa, cəza da olacaq. Ən azı ilahi ədalət unudulmasın... 

Vilayət Muxtar

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений