Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Mer-AYB qalmaqalı böyüyür: Kim qalib gələcək? - Yazarlar da qütbləşdi 



“26” kafesi ətrafında müzakirələr səngimir. Daha doğrusu, iki tərəf arasında açıq savaşa başlanıb. Savaşın nədən başlandığı və hansı məqsəd daşıdığı bəllidir. Ancaq söz savaşında hansı tərəfin qazanacağı məlum deyil. “26” kafesi ətrafında gedən qalmaqalın kökü əslində başqadır. Hər halda bu qənaətdə olanlar az deyil. Ehtimal edilir ki, səbəblərdən biri həmin obyektin yerləşdiyi tarixi bina uğrunda mübarizədir. 

Savaş necə başladı...

Xatırladaq ki, “26” adlı kafe Yazıçılar Birliyinin binasının bir hissəsində açılıb. Kafe yeri icarəyə götürülüb. Obyekt bir neçə ay imiş ki, fəaliyyət göstərirmiş. Bundan duyuq düşən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı məsələyə müdaxilə edib və problem ictimailəşib. Beləliklə, əraziyə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov da gəlib. İcra başçısı obyektin bağlanacağını və cavabdeh şəxslərin isə cinayət məsuliyyətinə cəlb olunacağını deyir. Hətta məsələyə hüquqi qiymət veriləcəyini də bildirir. Hazırda kafenin fəaliyyəti dayandırılıb, əmlakı müsadirə olunub. Bakı meri fikirlərini belə əsaslandırır: “Təəssüf edirəm ki, Bakının mərkəzində, Yazıçılar Birliyinin binasının bir hissəsini icarəyə götürərək "26" adlı kafe açıblar. Bu sözü təkcə Azərbaycan dilində yox, hətta ingilis dilində yazmağa cürət etmişlər. Qoy ermənilər və havadarları bilsinlər ki, nə qədər ki Azərbaycan xalqı var, nə qədər ki Azərbaycan xalqı yaşayır, erməni qatillərə, soyqırımı təşkilatçılarına və onların havadarlarına nəinki Bakıda, ümumiyyətlə, Azərbaycanda yer yoxdur və heç zaman da olmayacaq".

Daha sonra Azərbaycan Yazıçılar Birliyindən sərt cavablar gəlir və bildirilir ki, kafenin onlarla heç bir əlaqəsi yoxdur. Getdikcə qalmaqal daha da böyüyür və məsələ polemikaya çevrilir. Mövzuya kənardan da müdaxilələr edilir. Nəhayət, kafenin yerləşdiyi ərazinin icarəçisi də beləcə aydın olur. Qalmaqallı “26” adlı kafesi Yazıçılar Birliyinə aylıq 8000 manat icarə haqqı ödəyirmiş. Kafenin icarəsi ilə bağlı müqavilə Çingiz Abdullayevlə sahibkar Ramil Məmmədli arasında bağlanıb. Müqaviləyə əsasən, Yazıçılar Birliyinin binasında kafe açılıb və buna görə Birlik hər ay 8 min manat alıb. Müqavilə 2017-ci il martın14-də bağlanıb. İcarədən gələ gəlirin isə imkansız, xəstə və çarəsiz yazıçılar arasında paylandığı bildirilir. Nə qədər inandırıcı olması hələki sual altındadır. Hər halda yardım edilən yazıçıların adları da açıqlansa, daha məqbul olar. 

Qeyd edək ki, Yazıçılar Birliyinin ünvanına ittihamlar səslənməyə başladığı bir vaxtda Hacıbala Abutalıbovla Birliyin katibi Çingiz Abdullayev arasında mübahisələr başlamışdı. Halbuki Çingiz Abdullayev bildirmişdi ki, onun təmsil etdiyi strukturun kafenin açılması üçün yerin icarəyə verilməsinə heç bir aidiyyatı yoxdur.

Hacıbala Abutalıbovun o binada gözü var...

Gələk, məsələnin özəyinə... Hacıbala Abutalıbovun bu məsələdə birbaşa iştirakı maraq və təəccüb doğurur. Ortada məhkəmə qərarı olmadan kafenin bağlanmasına niyə təlimat verdi? Bəziləri iddia edir ki, Hacıbala Abutalıbovun o binada gözü var. Məhz onun kafenin bağlanmasında iştirakı da normal qarşılanmadı. Hər halda bu da iddialardı... 

Ötən gün Azərbaycan Yazıçılar Birliyi kafe qalmaqalı barədə bəyanat verdi. Bəyanatda diqqəti cəlb edən məsələ isə bu oldu: “Yazıçılar Birliyinin əmlakı olan birinci mərtəbədəki sahə kirayə verilir. Bu kirayədən gələn gəlirlər qəpiyinəcən Birliyin az maaşlı işçilərinə əlavə ödəniş kimi, xəstə və ehtiyacı olan yazıçılara yardım üçün və ara-sıra kiçik kitabların nəşrinə xərclənir, hamısının dəqiq hesabatı aparılır. “Buranı bağlayacayıq, qoymayacayıq” və s. deyənlərin buna nə hüquqi, nə mənəvi haqqı çatır. Neçə-neçə ağır maddi durumda olan yazıçını köməksiz qoymaq heç kəsə başucalığı gətirməz. Doğrudur, xalqımız onu da yaxşı deyib ki, toxun acdan xəbəri olmaz”. Yazıçılar Birliyi 26 rəqəminin Bakı komissarlarıyla əlaqələndirildiyini də absurd və gülünc hal kimi dəyərləndirib. Prosesin gedişatı hələki bir nəticəyə varmayıb. Amma məmurların əmlak davası etdikləri konkret bəllidir ki, bu da ictimaiyyətdə birmənalı qarşılanmır. 

Yazarların əks baxışı...

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid “Cümhuriyət” qəzetinə açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin bəyanatında qeyd olunanları təsdiqləyərək, icarədən gələn gəlirin hər qəpiyinə qədər köməksiz, ehtiyacı olan yazıçılara xərcləndiyini deyib: “Orada yazılıb da... Siz siyahını məndən istəməməlisiz. Yazıçılar Birliyinin üzvü o siyahını hardan bilir? Siz bunu Birliyin maliyyə idarəsindən istəyin. Hər halda bunu Anar yazıb. Gedin Anarın bir-iki kitabını oxuyun, o zaman biləcəksiz ki, Anar səhv, ya düz deyir. Bu məsələni mühasibatlıq bilər ki, hər ay kimə nə qədər bölüşdürüb verirlər. Ölən olur, qalan olur...Tutaq ki, hər ay 10 yazıçı xəstəliyə görə müraciət edir, hərəsinə 100-200 manat pul verirlər. Etik də deyil ki, kimə nə qədər pul verildiyi açıqlansın. Yaxud da ölən yazıçının ailəsinə 1000 manat pul verildi. Amma Azərbaycanda maliyyə məsələsində etibarlı, düz adam varsa, o da Anardır. Ona da əgər inanmırsızsa.... Görmürsüz ki, bu şoudur... Ümumiyyətlə, çalışdığım dövrdə də görmüşəm ki, Anar həddindən artıq şəffaf adamdır. Çingiz Abdullayev o 8 mini cibinə qoymur ki! Elə təşkilatlar var ki, icarə yerini ayda 20-30 minə verirlər”. 

Yazar Şərif Ağayar Azərbaycan Yazıçılar Birliyinin köməksiz, xəstə və ehtiyacı olan yazıçılara az şəkildə yardım etdiklərindən xəbərdar olduğunu deyib: “Son illər bunu etdiklərini dəqiq deyə bilmirəm. Ümumiyyətlə, bu məsələ ilə bağlı onu deyə bilərəm ki, Yazıçılar Birliyi nə qeyri-hökumət təşkilatı kimi təşkilatdır, nə də dövlət strukturu kimi dövlət strukturudur. Bu hüquqi baxımdan düz deyil ki, qeyri-hökumət təşkilatı büdcədən maliyyələşsin. Yaxud QHT-dirsə bu bizneslə niyə məşğuldur? Dövlət strukturudursa, adını niyə müstəqil qoyub, ictimai əsaslarla, nizamnamə ilə fəaliyyət göstərir? Bu hüquqi cəhətdən də yanlış bir şeydir. Təklifim budur ki, Azərbaycanda bu cür köhnə təfəkkürün məhsulu olan strukturlar ləğv olunmalıdır. Özü də hər hansı sərəncamla yox, sadəcə özü-özünü buraxmalıdır. Həmin insanlar dövrün tələblərinə uyğun müstəqil pen-klublarda birləşməlidirlər.

Dövlət isə pen-klubların ayrı-ayrı layihələrini maliyyələşdirməlidir. Yəni konkret işi maliyyələşdirməlidir. Tutaq ki, kimsə xalq şairidir, xalq yazıcısıdır, nüfuzu var, filankəsin oğlu və ya atasıdır, ona görə deyil, konkret işə görə maliyyə ayrılmalıdır. Necə ki, nazirliklə prodüserlər mərkəzləri çalışır. Layihə verirsən, ən yaxşı roman yazırsan və dövlət sənin yaradıcılıq ezamiyyətinə maliyyə ayırır. Daha yaxşı pyes yazırsan, dövlət sənin əsərini səhnəyə qoyur. Bu da Yazıçılar İttifaqı kimi strukturlarda ədəbiyyatı qoyub, dələduzluqla məşğul olan, pul qazanan, ədəbiyyat adıyla “moşenniklik” edən insanların fəaliyyətinin qarşısını almış olar. Sənət də inkişaf edər və hamı da dövlətimizdən razı qalar ki, bu sahədə reketliyə qarşıdır”. 

Yazarın sözlərinə görə, əslində dövlət ədəbiyyatın dəstəyi üçün kifayət qədər pul ayırır: “Ancaq onlar necə xərclənir, ümumiyyətlə bu pullar hara gedir? Onlar nə iş görürlər? Girin, Yazıçılar Birliyinin saytına, o cür ədəbiyyat saytı olar? Nə olsun xalq şairisən? Xalq şairisən prezident təqaüdü alırsan, get evində nəvələrinlə oyna... Gəlib oturur beynəlxalq şöbədə və heç bilmir ki, email, sayt nədir...Saat 12-də güclə oyanır, çəliklə əsə-əsə gəlir Yazıçılar Birliyinə, qeybət eləyib gedirlər. Dövlət sənə təqaüd verir, yaşlı adamsan, get Bilgəhdə dincəl...Cavan adamlar isə gəlib oturub konkret iş görsünlər”. 

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений