Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Məscidlərində uşaq, yollarında polis yox: Bazarlar isə ucuzluq - II MƏQALƏ



Müxalif yox, təhsilli özbək gənclər...

(Yazının əvvəlki hissəsini buradan oxuya bilərsiniz)

Daşkənddən tərpənən sürət qatarı əvvəlcədən elan olunduğu kimi düz 3 saat 5 dəqiqədən sonra Nəvaiyə yetişdi. Havanın qaralmasına baxmayaraq, +37 dərəcə isti vardı, bürküdən nəfəs almaq olmurdu. Gəlməmişdən əvvəl bu şəhəri Türkiyənin Konyası ilə müqayisə edirdim. Amma kökündən yanıldığımı gördüm. Sən demə, Nəvai dörd bir tərəfdən səhra kimi çöllüklərlə əhatə olunan sənaye şəhəri imiş. Paytaxtda dincələ bilməməyim və 3 saatlıq yol yorğunluğum vadar etdi ki, tələsik şam yeməyi yeyib hotelə yerləşim. Ucuz bir yer tapıb gecələdim. Yeri gəlmişkən, Özbəkistanda bütün sosial şəbəkələr nəzarətdə olsa da, heç bir məhdudiyyət yoxdur, internetin sürətinə də söz ola bilməz. İnsanlar WhatsApp-dan daha çox “Telegram”dan istifadə edirlər. Nəvaidə də su tərtəmiz və boldur, adi kranlardan da sanki bulaq suyu gəlir. Bu vilayətin avtomobil seriyası 85-dir.

İş adamlarına müftə obyekt

Mayın 11-də Azad İqtisadi Zona elan olunan Nəvaidə Azərbaycan, Çin, Tunis, İordaniya, Koreya, Pakistan, Qırğızıstan, Tacikistan, İran və Türkiyə dövlətlərindən gəlmiş iş adamlarının iştirakı ilə beynəlxalq forum işə başladı. Çox maraqlı keçdi. Məlumat üçün bildirim ki, Özbəkistan hakimiyyəti ölkəyə investisiya cəlb etmək naminə böyük işlər görür, yatırım edənlərə ağlagəlməz güzəştlər var. Məsələn, ilk 10 ildə hər hansı vergi ödənilmir (yalnız yatırım 10 milyon dollardan yuxarı olarsa, buna müvafiq qurumlar qərar verir – S.R.). Köhnə tikililəri, uçmuş, zədələnmiş obyektləri iş adamlarına təmənnasız olaraq təklif edirdilər ki, istehsal yaransın. Tək Nəvai deyil, Zərəfşan, Karmana, Kuçkuduk bölgələrində də eyni tədbirlər təşkil olunur. Xüsusən də Tacikistan, Koreya, Çin, İran və Türkiyədən olan iş adamları regionda genişmiqyaslı fəaliyyət göstərirlər. Özbəkistanda pambıq, şüşə, gibs, əhəng istehsalı yüksək səviyyədədir. Regionun ən zəngin qaz yataqları da bu ölkədədir, lakin istismarı Rusiya həyata keçirdiyi üçün Özbəkistana qəpik-quruş qalır, eynilə sovet dönəmində neftdən bizə qaldığı kimi.

12 min dollarla başlayıb və indi...

Forumda müxtəlif ölkələrdən gələn iş adamları ilə maraqlı söhbətlərim oldu. Təbii ki, məni maraqlandıran biznes yox, mənəvi müstəvi idi. Çox şey öyrəndim. Anladım ki, bacarıqlı insanlara maneə olmasa, xarüqələr yarada bilərlər. Məsələn, Yi Ling adlı 29 yaşlı çinli bir biznesmen xanımla söhbət zamanı öyrəndim ki, Misirdən Dubaya, İordaniyadan Hindistana, Balkanlardan İtaliyaya metal qırıntılarının satışını təşkil edir. Güclü maliyyəsi var və biznesə cəmi 12 min dollarla başlayıb. Şahidi oldum ki, forumda hamı ona böyük ehtiramla yanaşır. Nə qədər büdcəyə malik olmasını gizlətsə də, iki ay əvvəl Dubayda 300 min dollara ikiotaqlı mənzil aldığını gizlətmədi. Ling xanım Nəvaidə metal zavodu tikdirmək barədə sənəd imzaladı. Azərbaycandan gələn iş adamları da iki mühüm müqaviləyə qol çəkdilər.

Forumda müxtəlif dillər üzrə xeyli məktəbli tərcüməçilik edirdi. Yeri gəlmişkən, Özbəkistanda az qala bütün gənclər ingilis dilində sərbəst danışırlar. Rus, çin və Türkiyə türkcəsini də gözəl bilirlər. Tərcüməçilər arasında 11 illik məktəbin 10-cu sinfində oxuyan Əzim Daniyarov adlı istedadlı bir gənclə tanış oldum. Azərbaycan türkcəsində bizim qədər təmiz danışır, ölkəmiz haqqında çox şey bilirdi. Bu marağın səbəbini soruşanda bildirdi ki, onların nəsli 400 il əvvəl Azərbaycandan gəlib və babası hər zaman deyirmiş ki, Azərbaycan dilini, Azərbaycan tarixini yaxşı öyrənin. Mənim üçün maraqlı, həyəcanlı və xoşbəxt bir an idi. Bu vaxta qədər Özbəkistandan kənara çıxa bilməyən Əzimi ulu vətəninə dəvət etdim, hətta onu efirlərimizə dəvət edəcəyimə də söz verdim. O qədər sevindi ki, dərhal evlərinə zəng vurub bu müjdəli xəbəri bölüşdü. Bu gənc forumda rus, ingilis, koreya dilləri üzrə tərcüməçilik edirdi.

Türküstan qızlarının əli ürəyində

Tədbirdə Qırğızıstanın Oş vilayətindən gələn 22-24 yaşlarında üç qızın da dilimizdə mükəmməl danışdıqlarını gördüm. Dedilər ki, tarix və ədəbiyyat müəllimlərimiz bu dili mütləq öyrənmək lazım olduğunu deyir. Həqiqətən də fərəhləndirici hal idi. Onlar da rus, ingilis və çin dillərini gözəl bilirdilər.

Beynəlxalq forumun sonunda 150-ə yaxın iştirakçıya “Zərəfşan” hotel-restoranında yüksək səviyyədə ziyafət verildi. Yerli məktəblilər dünya xalqlarının rəqslərini nümayiş etdirdilər. Onların eşqlə, səhvsiz və sinxron rəqs nömrələrinə baxdıqca Mədəniyyət Nazirliyimizin yerinə utandım. Çox utandım. Bir epizodu da xatırladım ki, səhnəyə çıxmağa hazırlaşan bir qızlar kollektivinə yaxınlaşıb onlarla şəkil çəkdirmək istədiyimi bildirdim. Məmnuniyyətlə razı oldular. Ortalarına keçib yüksək səslə “Türküstan canımdır” deyib əlimi ürəyimin üstünə qoydum. Bunu görən qızların hamısı eyni hərəkəti təkrar etdilər. Çox qürur duydum.

Gecə saatlarında başa çatan ziyafət yaddaşıma unudulmaz xatirələr hopdurdu. Xüsusən də hamılıqla hamımıza məxsus havaların sədası altında rəqs etməyimiz ruhsal vəhdətimizi bir az da bərkitdi. Belə xoş duyğular altında da yuxuya getdim.

20 qəpiklik bilet

Mayın 12-də nahara yaxın bir neçə həmyerlimlə üz tutdum Səmərqənd istiqamətinə. Yolüstü Karmana deyilən ərazidə (Çilək rayonu) ilk dəfə “Quran”ı əllə yazan, minlərlə səhih hədis qələmə alan İmam Buxarinin məqbərəsini ziyarət etdik. Yağış sel kimi yağsa da, ziyarətə bəlkə də yüz min zəvvar gəlmişdi. Növbənin uzunluğu kilometrə çatırdı. Dünyanın müxtəlif ölkələrindən buraya zəvvarlar gəlmişdi. İnanların Buxari həzrətlərinə inancı tükənməzdir. Məqbərə-muzey kompleksinin sahəsi və quruluşu İstanbuldakı Topqapı muzeyinə çox bənzəyir. Buxarinin qəbri ilə yanaşı burada “Quran” muzeyi də var ki, dünyanın müxtəlif ölkələrindən, tanınmış xadimlərindən hədiyyə olunmuş “Qurani-Kərim” kitabları var. Kompleksə giriş bileti yerli əhali üçün 1000 som (təxminən 20 qəpik), əcnəbilər üçün 20 min som idi.

18 yaşdan kiçiklərin namaz qılmasına icazə verilmir

Özbəkistanda dinə münasibət daha çox güclü inanca söykənir. Ölkədə nümayişkaranə, yaxud fanatik dini meyllər nəzərə çarpmır, hər kəsin fərdi yanaşması, içində kök atmış ruhi bəndəlik inamı var. Lakin burada ritual ayinlərə və ibadətə hökumət tərəfindən ciddi təpki var. Böyük məscidlərin qarşısında polislər dayanır, 18 yaşdan aşağı gənclərin namaz qılmasına icazə verilmir. Buxarinin məqbərəsinə gedən yolun hər iki tərəfində dini əşyalar, bəzək məmulatları, üzərlik, gözmuncuğu, dini rəsmlər və təsbehlər satılan bazar mövcuddur. Ən maraqlısı da eks-prezident İslam Kərimovun şəkli və ərəbcə yazılar əks olunmuş rəngli vərəqlər də satılır.

Azərbaycandan qat-qat ucuz bazar

Ziyarəti bitirib füsunkar Səmərqəndə üz tutduq. Əvvəl şəhərin girişindəki Syob adlı bazara baş çəkdik. Olduqca böyük bazar idi və satıcılar daha çox gənclərdən ibarət idi. Orta Asiyanın ən böyük bazarı olan Syobda qiymətlər Azərbaycanla müqayisədə qat-qat ucuz idi.  Məsələn, mən 2 kq badam, 1 kq qara kişmiş, 1 kq ərik qurusu və 1 kq qoz ləpəsinə bizim pulla təxminən 18 manat verdim. Halbuki bizdə təkcə qoz ləpəsinin 1 kq-ı 20 manatdan aşağı deyil. Maraqlı bir hal da o idi ki, pulu alan satıcılar pul tutduğu əli ilə əlimizi sıxıb “bərəkətlər olsun” deyirdilər.

Əmir Teymurun məzarında

Yağış ara verməsə də, dövrünün nəhəng sərkərdəsi, tarixdə böyük izlər qoymuş Əmir Teymurun məzarını ziyarət etməkdə israrlı oldum. İqlimin əlverişsiz olmasına baxmayaraq, ziyarətgahda yüzlərlə insan vardı. Burada da bilet əcnəbilər üçün 20 min som idi. Lakin orta statistik azərbaycanlı metodundan istifadə edib biletləri özbək sürücümüzə aldırdıq. Çünki cibimizdə qalan 19 min soma azı iki dəfə rahatca nahar edə bilərdik. 40 dəqiqəlik növbədən keçib məqbərəyə daxil olduq. İçəridə 7 qəbir vardı. Tən ortada qara mərmərdən Əmir Teymurun, onun başı üzərində böyük ölçüdə ustadı Seyid Bərkənin məzarı yerləşirdi (Teymur vəsiyyət edibmiş ki, məni müəllimimin ayağı altında basdırın – S.R.). Əmirin sol tərəfində böyük oğlu Şahruh basdırılıb, sağ tərəfində isə üç məzar var: iki nəvəsinin və “Nəsimi” filmindən bizlərə tanış olan oğlu Miranşahın məzarı. Teymurun ayaq hissəsində isə dünya astronomiya elminə böyük töhfələr verən, Türküstanda ilk rəsədxana inşa etdirən, astrofizika ilə yanaşı astrologiya haqqında da traktatlar yazan, astronom, astroloq, filosof və şair nəvəsi Uluqbəy dəfn olunub.

Səmərqənd əhalinin 80 faizi taciklərdir. Yerli əhalinin dediyinə görə, Əmir Teymur zamanında onlar əsas dini kəsim olduğu üçün başlıca imtiyazların daşıcıları olmuş, sarayın kübar elitası kimi heç bir təzyiq görməmişlər. Bu səbəbdən də daima nüfuzlu işlərdə çalışmışlar. Həmsöhbətlərimiz dedi ki, Səmərqənd vilayətində ən zəngin adamlar məhz taciklərdir. Onların heç biri kəndlərdə çalışmır.

Yağışın leysana dönməsi nəzərdə tutduğumuz bəzi ünvanlara getmək planımızı pozdu. Bu səbəbdən yaxınlıqda yerləşən bir hoteldə dayandıq. Səmərqənddə hotellər daha yaraşıqlı və komfortlu, üstəlik Daşkənd və Nəvaidən çox ucuzdur. Səmərqəndə yolu düşənlər mütləq eyniadlı restorana baş çəksinlər. Aurası, canlı musiqisi və xidməti insana xüsusi zövq verir. Sanki bura gələn müştərilərin hamısı bir-birinə doğma insanlardır.

Mayın 13-ü, günəşli bir gündə bacardığımız qədər bu füsunkar şəhəri gəzdik. İlk ziyarətə Səmərqəndin görkəmli yerində ucaldılmış Əmir Teymurun heykəlinə baş çəkməklə başladıq. Daha sonra Daniyel peyğəmbərlə Uluqbəyin movzoleyində olduq. Nəhayət, nəzərdə tutduğumuz vacib insanlarla görüşüb “Səmərqənd” restoranında nahar etdik. Axşam saatlarında artıq Daşkəndə qayıtdıq. Çünki mayın 14-ü səhər saatlarında Bakıya uçmalı idik. Yadımdan çıxmamış deyim ki, Səmərqəndin avtomobil seriyası 30-dur...

Başqa nələr gördüm?

Özbəkistan səfəri məndə bu ölkə haqqında dolğun təəssürat yaratdı. Yuxarıda yazdıqlarıma əlavə olaraq qeyd edim ki, burada qadın və qızlar kafe və restoranlarda sərbəst şəkildə içki içir, siqaret çəkirlər. Türkiyə və Qazaxıstan qədər kütləvi olmasa da, müəyyən qədər gözə dəyir. Çay qəndsiz içilir, dəfələrlə deyəndən sonra bəlkə şəkər tozu gətirələr. Amma çox gözəl mürəbbələri olur. Xörəklər çox dadlıdır, elə bir yemək olmadı ki, ağız büzüm. Əslində özbək mətbəxi haqqında ayrıca fəsil də yazmaq olardı, lakin Ramazan olduğu üçün günaha batmaq istəmirəm.

Ölkədə jurnalistika olduqca zəif durumdadır. Mətbuatda azad fikirlər, rəngarəng mövzular sıfır səviyyəsindədir, TV-lərdə xüsusən. Uşaqlar isə çox sərbəst və təşəbbüskardır. Onların tez-tez kollektiv şəkildə, müəllimsiz gəzintiyə çıxdığının, ailəvi restoranlarda birgə nahar etdiklərinin şahidi oldum.

Özbəkistanın hər regionda mütləq İslam Kərimovun adını daşıyan bir küçə, bir obyekt var. Görkəmli yerlərdə çox ibrətamiz və imzasız şüarlar da az deyil. Ölkədə hamı qaraqalpaqlar haqqında pis danışır. Onların daha çox qara işlərlə məşğul olduqlarını söyləyirlər. İnsanlar eyniadlı muxtar respublikanın istənilən vaxt Özbəkistana qarşı çıxa biləcəyindən əndişələnirlər.

Yol polisi az, nəzarət çox

Yollarda bizim kimi sürücülər bir-birinə “qabaqda polis var” işarəsi verirlər. Özbək gəncləri nəticəsiz müxalifətçilik etməkdənsə, təhsilə üstünlük verib bacardıqca çox dil öyrənirlər. Özbəkistan xüsusi xidmət orqanları güclü işləyir. Ölkə qanunlarına görə, xaricdən gələnlər mütləq harada qaldıqlarını təsdiqləyən yazılı məlumat verməlidirlər: hansı şəhərdə, hansı hoteldə qalmaq barədə. Əks təqdirdə ölkədən çıxışda ciddi problemlər yaşanır. Hotellərdən ayrılanda onsuz da bu barədə sənəd verirlər. Amma kiminsə evində qalırsansa, bu barədə də yerli polis orqanlarından təsdiq sənədi almalısan. Yeri gəlmişkən, olduğum 5 bölgədə küçə polisləri görmədim, yol polisinə isə cəmi üç dəfə rast gəldim. Qaraçıları isə hər addımda gördüm, üstəlik bizdəkindən fərqli olaraq onlar çox üzlüdürlər. Bəzən 200 metrə qədər arxanca gəlib pul istəyirlər.

Özbəkistanda özəl qurumlar olduqca azdır. Tarla və bağlar, restoran və xəstəxanalar, o cümlədən digər iaşə obyektləri dövlətə məxsusdur. Maraqlı bir şeyə də şahidlik etdim: onlar bəzi beynəlxalq sözlərə öz dillərində qarşılıq tapıblar. Məsələn, dərmana dəri (dori) dedikləri üçün apteki “dorixona” adlandırırlar.

Əsas məsələ odur ki, özbəklərin hamısı türk olduqlarını anlayırlar, Türkiyə və Azərbaycana böyük ümidlərlə baxsalar da, Rusiyanı da məğlubedilməz hesab edirlər. Qərb dəyərləri haqqında isə təsəvvürləri primitivdir.

SÖZARDI: Hə, ötən söhbətimdə yazmışdım axı, sürət qatarında tacik yazıçı Mollazühur Tahiri adlı birisi ilə mübahisəm düşmüşdü. O, iddia edirdi ki, Nizami tacik şairi olduğu halda onu öz adınıza çıxarırsınız. Məqaləm çıxar-çıxmaz mənə saysız müraciətlər oldu ki, ona nə cavab verdim?! İnandırım sizi, cəmi 15 dəqiqə ərzində onu elə susdurdum ki, məhkəmədə ağır hökm oxunan müttəhimlər kimi dərin fikrə getdi. Əgər mən vətən oğlu kimi Nizamini müdafiə edəcək qədər hünərli olmayacağamsa, onda niyə yaşayıram ki? Ən sonda bu iddialı yazıçının sükutunu pozub bir az da üstünə getdim: “Narahat olmayın, bir gün Azərbaycana təşrif buyurun, sizi Gəncə şəhərindəki Nizami məqbərəsinə ziyarətə aparım”.

Səbuhi Rəhimli

Bakı-Daşkənd-Nəvai-Səmərqənd-Daşkənd-Bakı








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений