Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Məşhur meyxanaçı: "Neftçi" "xalq komandası" ola bilər, amma "Zirə"ni uda bilmirsə... - MÜSAHİBƏ



Rubrikamızın budəfəki qonağı məşhur meyxanaçı Mirfərid Zirəlidi. Təbii ki, bir məşhur Zirə sakininin qəsəbəsinin doğma komandasına olan münasibətini öyrənmək maraqlı olardı. Bu mənada Mirfəriddən məşhur zirəlini tapmaq çətin məsələ idi. Şirin ləhcəsi və mənalı sözləri ilə xiridarların könlünü oxşayan Mirfəriddən “Zirə” haqda müsahibə götürdük və meyxana həvəskarı Kamran Ağayevlə bağlı fikirlərini də öyrəndik. O, hətta doğma komandası haqda meyxana da dedi.
 

- "Zirə" yaranana qədər Zirə sakinlərinin futbola olan maraq səviyyəsi nə dərəcədə idi?
- Zirəlilərin futbola marağı həmişə yüksək səviyyədə olub. Çünki "Zirə"dən qabaq 1994/95 mövsümündən 1998/99 mövsümünə qədər qəsəbəni təmsil edən "Neftqaz" komandası olub. Amma 2014-cü ildə Zirə qəsəbəsinin intibah dövrü olduğu məqamda "Zirə"nin yaranması yerinə düşdü. Belədə zirəlilərin yenindən futbola olan marağı birə on artdı.
- "Zirə" daha populyardı, ya sən?
- Açığı, bu bir az qəliz sual oldu. Siz 11 nəfərlə bir nəfəri qarşı-qarşıya qoyursuz. Təbii ki, bu bir zarafatdı (gülür). "Zirə Futbol Klubu"nun əvvəlində, mənim isə adımın ardından Zirənin adı çəkilir. Bu da o deməkdi ki, Zirənin öz adı həm futbol klubundan, həm də mənim adımdan məşhurdu.
- İndiyə qədər "Zirə"nin stadionunda futbola baxmısan?
- Açığı, bir o qədər də vaxt olmur. Amma özüm həmin meydançada futbol oynamışam. Orda futbol oynamaqla da, demək olar ki, əməlli-başlı istirahət etmişəm. Amma "Zirə"nin oyunlarını bir neçə dəfə televiziya vasitəsiylə izləmişəm. Onların oyunu mənə zövq verir. Yaxşı oynayırlar.
- "Zirə"dən kimi tanıyırsan? 
- Zirə sakinləri və bu kəndin futbolsevərləri kimi komandanın oyunçularının hamısını tanımasam da, 5-6 nəfəri qiyabi tanıyıram. Məsələn, qapıçı Kamal Bayramov, sahə oyunçuları Adil Nağıyev, Sadiq Quliyev, Vüsal İsgəndərli və bir neçəsinin adını çəkə bilərəm.
- Hansısa toya meyxana deməyə gedəndə "Zirə"dən sənə sual verirlər?
- Bəli, "Zirə"nin az bir vaxtda tanınmağı respublikada hər bir futbolsevərin marağına səbəb oldu. Bu baxımdan siz dediyiniz hal bir neçə toyda müşahidə olunub. Komandayla maraqlanıblar. Məsələn, sual verirlər ki, necə oldu, belə bir futbol klubu yarandı, az bir müddətdə tanındı, sponsorları kimdi, ordakılarla tanışlığın varmı? Düzü, belə suallar çox olur.
- "Zirə" çempion olsa, qeyri-adi nə edərsən?
- "Zirə" çempion olsa, qeyri-adi heç nə etmıərm, amma qeyri-adi sevinərəm. Çünki mənim futbola o qədər də böyük marağım yoxdu. Yəni başqa iki komanda oynasa, mənim üçün onlardan kimin udub-uduzmağı fərq etməz. Amma "Zirə" udsa, sevinərəm. Məncə, bunun özü də qeyri-adi olar.
- Ümumiyyətlə, hansı futbolçularla tanışlığın var?
- Futbolçularla münasibətim pis deyil, hamıya hörmətim var. Amma şəxsi münasibətim olan futbolçular da var. Məsələn, Kamran Ağayevə həm dost, həm də bir futbolçu kimi xoş münasibətim var. Çox səmimi insandı. Ruslan Əmircanov da yoldaşlıqda Kamrandan geri qalmır. Hakimlər arasında da xoş münasibətim olanlar var. Məni tanıyanlar bilir ki, həm Zirədə, həm də Mərdəkanda yaşayıram. Mərdəkanda bir neçə tanınmış hakim mənimlə bir məhləni bölüşür. Yəni onlarla qonşuyam. Məsələn, Fariz Yusifov, Tahir Süleymanov, Həsən Babayevin adını çəkə bilərəm.
- Kamranın meyxana deməyi yaxşıdı, yoxsa qapıda durmağı?
- Kamranın qapıda durmağı məsləhətdi. Çünki onun kimi yüksək səviyyəli çox az qapıçı var. Yeri gəlmişkən, Kamrana gələcək karyerasında uğurlar arzulayıram.
- Futbol oynamaq çətindi, yoxsa meyxana demək?
- Futbolu pis-yaxşı ayağı top tutan hər kəs oynaya bilər. Meyxananı isə pis-yaxşı demək olmaz. Meyxana deyirsənsə, gərək mükəmməl deyəsən. Bu sənət peşəkarları sevir. Odu ki, meyxana futboldan qat-qat çətin sənətdi. 
- Meyxanaçılar arasında kim daha çox futbol "xəstəsidi"?
- Sənət yoldaşlarım arasında futbola maraq göstərənlər az deyil. Buna misal olaraq meyxananın inkişafında əvəzsiz rol oynayan maştağalı Vüqarın, dostum Vasif Əzimovun adını çəkə bilərəm. Yəni onlar vaxtaşırı yığışıb futbol oynayırlar. Hərdən məni də dəvət edirlər. Vaxt olanda gedib tamaşa edirəm.
- 80 illik “Neftçi” hələ də ölkə çempionatı çərçivəsində “Zirə”ni məğlub edə bilməyib. Bir zirəli kimi bu sindrom haqda nə deyə bilərsən?
- “Neftçi” “xalq komandası” ola bilər. Amma hazırda “Zirə”ni uda bilmirsə, deməli, “Zirə” güclüdü (gülür).
- "Zirə"yə aid qafiyə açıb bir neçə bəndlik meyxana deyə bilərsən?
- Qazanıb ölkədə ad-san, “Zirə” futbol klubu
Sizinlədir uğur hər an, “Zirə” futbol klubu.
Olur hərdən bu sevinc hissini biz gizləyirik,
2014-dən onun hər oyunun izləyirik.
Atacaq tarixə imza, hələlik gözləyirik,

Olacaq çempion hökman “Zirə” futbol klubu.
Var həvəskarlarınız; orta nəsil, yaşlı nəsil,
Günü-gündən sizə sözsüz maraq artır elə bil.
Zirə sakinlərinin arzusu vardır, gələn il
Olsun Avropada elan “Zirə” futbol klubu ("Futbol plus" qəzeti)

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений