Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Məsuliyyətsiz valideynlərə CƏZA? - Parlament layihəni gözləyir 



Son vaxtlar faciəli uşaq ölümlərinin sayı artıb.Baş verən hadisələrin əsas səbəblərindən biri də heç şübhəsiz ki, valideyn məsuliyyətsizliyidir.Müşahidələr göstərir ki, bədbəxt hadisələr daha çox nəzarətsizlikdən baş verir.Bu baxımdan evdə uşaqları nəzarətsiz qoyan valideynlərin qanunla məsuliyyətə cəlb edilməsi məsələsi yenidən gündəmə gəlib.

Qanunun icrası niyə baş tutmur?

Xatırladaq ki, bir müddət əvvəl Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi "İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında" qanun layihəsi hazırlayıb. Həmin sənəddə evdə uşaqları nəzarətsiz qoyan valideynlərin qanunla məsuliyyətə cəlb edilməsi əksini tapır.Hazırda İnzibati Xətalar Məcəlləsində valideyn məsuliyyəti ilə bağlı yalnız bir maddə var. Həmin maddə əsasında da uşağın tərbiyəsinə lazımi qədər diqqət yetirməyən valideyn cərimələnir.Bu cərimənin məbləği isə çox azdır və 40 manatdan yüksək deyil.Yeni hazırlanan layihədə isə yalnız uşağın tərbiyəsi deyil, onun sağlamlığı və təhlükəsizliyi də nəzərə alınır.Layihəyə əsasən, əgər uşağın evdə nəzarətsiz (bağlı qapı arxasında) qalması bir dəfə aşkarlanarsa, valideyn cərimələnəcək.Ancaq uşağın evdə bağlı qapı arxasında, nəzarətsiz, tək qalması mütəmadi təkrarlanarsa, valideynin uşağın təhlükəsizliyi ilə maraqlanmadığı aşkarlanarsa, onda valideynə xəbərdarlıq ediləcək.Qanunvericiliyə görə, uşağın tərbiyəsi və ona nəzarət edilməsi üçün yerli icra hakimiyyəti orqanı tərəfindən nümayəndə təyin ediləcək.Həmin nümayəndə uşağa birbaşa nəzarət etməklə yanaşı, uşağın tərbiyəsində valideynlə birgə işləyəcək.

Əgər valideyn bu xəbərdarlıqlardan nəticə çıxarmazsa, İXM-yə əsasən, bir neçə dəfə cərimələnərsə, onda valideyn məhkəmə qaydasında valideynlik hüququndan məhrum edilə bilər.

Millət vəkili Musa Quliyev “Cümhuriyət” qəzetinə açıqlamasında sözügedən layihənin parlamentə təqdim olunmadığını deyib:

“Hələki belə bir layihə Milli Məclisə baxılması üçün təqdim olunmayıb. Həmin layihədə nəzərdə tutulan müddəalar barədə də xəbərsizik.Həmin layihə ilə tanış olduqdan sonra hər hansı söz deyə biləcəyik”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə sorğu şifahi olaraq cavablandırılmayıb.Bildirilib ki, sorğu rəhbərliyə ünvanlanacaq və yalnız onun vasitəsilə məsələ ilə bağlı mövqe açıqlanacaq.

Qeyd edək ki, valideyn diqqətsizliyi ucbatından həyatını itirənlər daha çox 1-3 yaşarası uşaqlardır.

Məlumat üçün qeyd edək ki, bu günlərdə Biləcəri qəsəbəsinin Asəf Zeynallı küçəsində yerləşən mənzildə yaşayan 2016-cı il təvəllüdlü Muxtarlı Fazil İlkin oğlu valideyn nəzarəti olmadan televizora toxunub. Nəticədə televizor onun başına düşüb.Azyaşlı ciddi xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Daha sonra Tovuz rayonunda uşaq-Yanıqlı kənd sakini, 1 yaş 6 aylıq Rüstəmzadə Nurlan Elməddin oğlu evdə valideynlərinin gözündən yayınaraq su ilə dolu hamam vannasına düşüb. Valideynləri tez onu sudan çıxarsalar da, uşağın halı pisləşdiyindən onu xəstəxanaya aparıblar.

Valideyn diqqətsizliyi Nəsimi rayonunda daha bir bədbəxt hadisəyə səbəb olub.Səməd Vurğun parkının yaxınlığında yerləşən hündürmərtəbəli evin 6-cı mərtəbəsində yaşayan 1 yaş 8 aylıq German Andreyeviç mənzilin pəncərisindən yerə yıxılıb.Körpə xəstəxanaya aparılarkən yolda ölüb.

Maraqlıdır, “Valideyn məsuliyyəti haqqında” qanunun icrası və valideynlərin cinayət məsuliyyətinə cəlb olunması problemi çözə biləcəkmi?
Valideynlərin cəzalanmasında balans qorunmalıdır...

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının milli koordinatoru Nabil Seyidov “Cümhuriyət” qəzetinə bildirib ki, valideyn məsuliyyəti ilə bağlı məsələ qanunvericilikdə nəzərdə tutulub:

“Valideynlərin tam və qismən valideyn hüququndan məhrum edilməsi, yaxud valideyn hüququnun məhdudlaşdırılması artıq qanunvericiulikdə xeyli müddətdir ki, var. Məsələ ondan ibarətdir ki, qanunvericiliyin icrası nə dərəcədə icrası mümkün və ya mümkün deyil. Kim müəyyən edəcək ki, valideyn öz vəzifələrini düzgün, tam yerinə yetirir və yetirmir?Biz yalnız kobud davranış, laqeydlik baş verdikdə, uşağın sağlamlığına böyük zərər yetiriləndə və nəhayət zorakılıq uşağın ölümü ilə nəticələnəndə xəbər tuturuq.Amma uşaqların məktəbə buraxılmaması, onların oyun oynamaq, istirahət hüquqlarının pozulması, “tərbiyə” məqsədilə döyülməsi, məktəbdə, həyatda və ya evdə alçaldılması kimi hallar həm Azərbaycanda, həm də dünyada gizli qalır.Belə hallar yalnız o zaman bəlli olur ki, onlar ya özləri qaynar xəttə zəng edib məlumat verirlər, ya da məktəbdə müəllimlər, klinikada həkimlər uşağa qarşı baş vermiş bu cür halları qeydə alır və müvafiq orqanları məlumatlandırırlar.Əslində əlavə müddəaların qanunvericiliyə əlavə edilməsinin nə dərəcədə fayda verəcəyini söyləmək bir qədər çətindir.Çünki qanunvericilikdə bunlar qeyd olunub.Sadəcə, bunun icra mexanizmi çətindir.Azərbaycanda azyaşlıların işi ilə bağlı komissiyalar var ki, onların fəaliyyəti yenidən təkmilləşməli və beynəlxalq stanadartlara uyğun qurulmalıdır.Bu həmin halların qarşısını almağa, vaxtında hadisəyə müdaxilə etməyə köməklik göstərə bilər. Əks halda, iş çətindir. Məlum olduğu kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də cəmi 15 filialı var. Yəni onlar bütün ölkəni əhatə edə bilməz. Bu məsələdə qeyri-hökumət təşkilatlarının da böyük rolu var”.

QHT rəhbəri qeyd edib ki, valideyn diqqətsizliyindən kənarda qalan uşaqların bədbəxt hadisələrdə ölümündə valideyn mütləq cinayət məsuliyyətinə cəlb olunmalıdır:

“Məsuliyyətin nə dərəcədə ağır olub-olmaması artıq vəziyyətdən asılıdır. Valideyn 7 aylıq uşağı masanın üzərinə qoyub gedir.Dərk etmir ki, uşaq bu yaşda artıq hərəkət edə bilir.Nəticədə yıxılır, başı əzilir və yaxud digər fəsadlar baş verir.Amma bunu hüquq-mühafizə orqanları bilmir.Çünki məişət hadisəsidir.Amma əslində xarici ölkələrdə xəbər verirlir.Əgər hadisə ehtiyatsızlıqdan baş veribsə, heç bir tədbir görülmür.Biz bu məsələdə balans saxlamalıyıq ki, lazımsız yerə insanlar cinayət məsuliyyətinə cəlb olunmasın.Bu həm məhkəmə-hüquq sisteminin fəaliyyətinin yükünün artması, həm də cəza aparatının gücləndirilməsidir.Bu da insanlar arasında sosial problemlərin artmasına gətirib çıxarır.Hesab edin ki, biz uşağa icazə verdik ki, gedib həyətdə oynasın.Həyətdə oynadığı yerdə onu maşın vurur.Bu halda məsuliyyət valideynin, sürücünün, yoxsa yolları düzgün qurmayanlarındır?Yəni burada şəffaf bir balans olmalıdır”.

Alçina Amilqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений