Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Minsk Qrupu lazımsız olduğunu etiraf etdi: Nəyə güvənirik?



ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində tutduğu kursla bağlı ciddi tənqidlər var. Azərbaycan rəsmiləri dəfələrlə bu təşkilatın fəaliyyətsiz olduğunu, münaqişənin həll olunması heç bir xidmətinin olmadığını dilə gətirib. Bu günlərdə isə ATƏT-in baş katibi Tomas Qreminger deyib ki, təşkilatın işi prosesin nəzarətdə saxlanılmasından ibarətdir, münaqişənin həlli deyil. Tənzimlənmənin məsuliyyəti tərəflərin üzərinə düşür”. Maraqlıdır, o, zaman  ATƏT-in Minsk Qrupu niyə yaradılıb və hansı işə yarayır? Əgər münaqişənin həlli tərəflərin siyasi iradəsindən asılıdırsa, prosesi də elə tərəflər özü nəzarətdə saxlaya bilərlər. Bunun üçün hansısa quruma, təşkilata ehtiyac yoxdur. Ümumiyyətlə, ATƏT-in Minsk Qrupunun fəaliyyətindən imtina etməyin vaxtı çatmayıbmı?

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini, siyasi-şərhçi Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, münaqişənin həllində əsas problem həmsədr dövlətlərdən qaynaqlanır:

“ATƏT Avropada münaqişələrin tənzimlənməsində tərəflər arasında etimad mühitinin yaradılmasında mühüm əhəmiyyət kəsb edən bir təşkilatdır. Qeyd edim ki, bu təşkilatın nizamnaməsində hər hansı bir ölkəyə qarşı təzyiq, yaxud sanksiya tətbiq etmək hüququ yoxdur. ATƏT-in baş katibi bunlara əsasən bu fikri qeyd edib. İşğalçı və beynəlxalq hüququ pozan ölkəyə qarşı BMT-nin Təhlükəsizlik Şurası sanksiya tətbiq edir, yaxud təzyiq vasitələrindən istifadə edir. ATƏT-ın Helsinki Yekun Aktında ölkələrin ərazi bütövlüyü əsas götürülüb. ATƏT bu istiqamətdə Ermənistan və Azərbaycan arasında danışıqların aparılmasında mühüm rol oynayır. Qeyd edim ki, 1992-ci ildən Qarabağ konfliktinin həllində ATƏT-in Minsk Qrupu görəvləndirilib. Münaqişənin tənzimlənməsində danışıqlar prosesi aparılır. 1994-cü ildə Minsk qrupunun tərkibində dəyişilik edildi, həmsədrlik Rusiya, ABŞ və Fransaya verildi. 20 ildən artıqdır ki, davam edən danışıqlar prosesində demək olar ki, həll variantı tapılmayıb. Konfliktin bu qədər həll olunmamasında əsas səbəb Minsk qrupu formatında həmsədr dövlətlərdi”. 

Politoloq hesab edir ki, Minsk Qrupu münaqişənin dondurulmasında əsas tərəfdir:

“Burada ABŞ və Rusiyanın baxışları konfliktin həllində ortaq mövqedə deyil. Fransa və Rusiya demək olar ki, Ermənistanın maraqlarına uyğun fəaliyyət göstərir. ABŞ-ın siyasətində isə bu ilin avqust ayında dəyişiklik edildi, Azərbaycanın maraqlarına uyğun olaraq Hoqland prinsipləri elan olundu. Göründüyü kimi Minsk Qrupunun həmsədrləri arasında fikirlər müxtəlifdir. Bundan əlavə ATƏT-in baş katibinin sözlərində həqiqət var. Bəli, konfliktin həllində Ermənistan və Azərbaycan ortaq mövqeyə gəlməlidir. Həmsədrlər kənara çəkilir. Rusiya da həmçinin. Ondan sonra İrəvanla Bakı arasında vasitəsiz dialoq yaranır. Onda Ermənistan və Azərbaycan münaqişəni həll etməyə qadirdir. Qarabağ münaqişəsindən Rusiya məharətlə istifadə edərək Ermənistan və Azərbaycana təzyiq edir. Minsk Qrupunu indiki formatda birtərəfli tərk etmək olmaz. Minsk Qrupu fəaliyyətsizdi. Ermənistanın keçmiş prezidentləri Levon-Ter Petrosyan və Robert Koçaryan ikitərəfli danışıqlara getdi. Problemin həllinə yaxınlaşanda Rusiya Ter-Petrosyanı devirdi. Ermənistan parlamentindəki məlum  güllələnmə hadisəsi ilə Koçaryana təzyiq etdi. 1999-cu ildən Rusiya Qarabağ konfliktinin həllini Ermənistandan aldı. Hazırda Rusiya yenidən fəallıq edir. Münaqişənin həlli ilə bağlı Lavrov planını ortaya atıb. Ermənistan bu planla razıdır. Amma Azərbaycanın milli maraqlarına ziddir. Rusiya-ABŞ və Fransa münaqişənin həllini istəyirlərsə, Minsk Qrupunun formatını dondurub, münaqişəni tərəflərin öhdəsinə buraxsınlar. Hesab edirəm ki, müharibəsiz və sülh yolu ilə İrəvan Azərbaycanın şərtləri ilə razılaşacaq”.

Vilayət Muxtar

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений