Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Müharibə və milyardlıq ticarət: Rusiya silahlarını bu bazarlarda satır - TƏHLİL



ABŞ-ın kəşfiyyat-analiz mərkəzi “Stratfor” Rusiyanın Suriyadakı fəaliyyəti ilə bağlı ilginc iddialarla çıxış edib. “Cümhuriyət” qəzeti xəbər verir ki, jurnal Rusiyanın Suriyadan poliqon kimi istifadə etdiyini və bu günədək 160-dan çox yeni silahını sınaqdan keçirdiyini bildirib. Mənbə həmçinin Bəşər Əsədin əsas dəstəkçisi  Rusiyanın bu silahlara alıcı tapdığını da vurğulayıb. Qeyd olunur ki, Rusiya üçün Suriya Əfqanıstandan və Gürcüstandan sonra praktik poliqon rolunu oynamağa başladı. Rusiya keçən illərdə Suriyada “Tu-160” strateji bombardımançı təyyarələri, “Su-35S”, “Su-30SM”, “Su-34”, “Su-30”, “Su-24” döyüş təyarələrini sınaqdan keçirib. Bir sıra əməliyyatlarda “Mİ-8AMTŞ” helikopterlərindən də istifadə etdi. 

Rusiya Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları (PUA) da ilk dəfə olaraq real hərbi əməliyyatlarda sınaqdan çıxarılıb. Bunlardan ilk olaraq “Leer-3” PUA-sı əməliyyatlara qatılıb. Daha sonra isə “Orlan-10” PUA-sı 2015-ci ildən başlayaraq, döyüşlərin aparılmasında rus hərbçilərinə yardım edib. “Krasuxa-4”, “Andromeda-D”, “Vixr”, “T-90SM” texnikaları da Suriya əməliyyatlarında sınaqdan keçirilib. “S-400” zenit-raket kompleksi isə Suriyada döyüş növbətçiliyinə başlayıb.

10 milyardlıq ticarət dövriyyəsi

Suriyada 6 ildir davam edən müharibənin başa çatmamasında bu ölkədə gedən silah ticarətinin ciddi rolu var. Hesabata görə, Avropa, ABŞ və Rusiyanın da maraqların olduğu ticarətin həcmi 10 milyard funt-sterlinqə yaxındır. Suriya bazarında satışa çıxarılan silahlar arasında “Kalaşnikov” avtomatları, iriçaplı silahlar, bombalar, tank əleyhinə silahlar, qırıcı təyyarələr və snayperlər üstünlük təşkil edir. Hələ 2012-ci ildən məlum idi ki, Balkan dövlətləri, Çexiya, Monteneqro, Serbiya və Rumıniya hökumətləri silahların bu ölkələr üzərindən daşınmasına icazə veriblər. Başqa sözlə, Şərqi Avropa, Suriyaya göndərilən silahların paylanması üçün əsas tranzit nöqtədir. Həmin il bu barədə BMT-yə göndərilən hesabatlar da araşdırılmışdı. Son hesabatlardan birinə görə müharibənin başlamasından bu günədək 8 ölkə - Səudiyyə Ərəbistanı, İordaniya, BƏƏ və Türkiyəyə Rusiya, ABŞ və digər Qərb ölkələrindən 2 milyard funt-sterlinq həcmində silah satışı reallaşdırılıb. Bu silahların bir hissəsi Suriya ilə yanaşı, vətəndaş müharibəsinin davam etdiyi Yəmən və İraqda da istifadə edilib. 

Zaqreb anlaşması

Ən maraqlısı budur ki, Suriya müharibəsinədək Şərqi Avropa ölkələri də silah almırdılar. Amma son 6 ildə bölgə dövlətləri də artan terrorizm təhdidinə qarşı silahlanma yarışına giriblər. Silah alıcısı olan dövlətlər arasında ən böyük anlaşma 2015-ci ildə əldə olunub. Lakin bu anlaşma ilə Yaxın Şərq ölkələri və Türkiyə, o cümlədən, Bəşər Əsəd rejiminə qarşı döyüşən Suriya Azadlıq Ordusu üçün nəzərdə tutulmuş silahların böyük hissəsi İŞİD, “Ən-Nüsra”, “Ənsar əl-Şəriyə” kimi terror təşkilatlarının əllərinə keçdi. 

Suriyada silah ticarəti 2012-ci ildə Səudiyyə Ərəbistanının Xorvatiyadan Yuqoslaviya dönəmindən qalmış silahları alması ilə başladı. Silahlar Zaqrebdən İordaniyaya göndərildikdən az sonra bunlar Suriyada peyda oldular. Xorvat hökuməti yayılan məlumatları təkzib etsə də ABŞ-ın Suriyadakı keçmiş səfiri Robert Stefan Ford bu silah ticarətinin baş verdiyinə dair sənədi açıqladı. Beləliklə, Səudiyyə Ərəbistanının başlatdığı ticarətə İordaniya, BƏƏ və Türkiyə də qoşuldu. İlk mərhələdə Səudiyyə Ərəbistanına 1 milyard, İordaniyaya 155 milyon, BƏƏ-yə 135 milyon, Türkiyəyə isə 100 milyon avro dəyərində silah göndərildi. Zaqrebdə imzalanmış müqavilə Suriya üzərindən slah ticarətini sürətləndirdi. Əlbəttə, belə bir vəziyyət, əsas silah ixracatçıları olan ABŞ, Rusiya və İsrailin işinə yarayırdı.  İngiltərədə nəşr olunan “The Guardian” qəzeti yazır ki, ABŞ, Rusiya və digər ölkələrdən alınan müasir silahlar alıcı ölkələrə göndərilsə də Suriyadakı terror təşkilatları, SAO və digər qruplaşmalara keçmiş SSRİ və Yuqoslaviya silahları göndərilir. Mənbə köhnə silahların Suriyada daha asan alıcı tapdığını iddia edir. 

Paylama nöqtələri

Silahların böyük əksəriyyəti dəniz, bir hissəsi də hava yolları vasitəsilə bölgəyə çatdırılır. Serbiya (Belqrad), Bolqarıstan (Sofiya) və Slovakiya (Bratislava) hava yolu vasitəsilə həyata keçirilən silah ticarətinin əsas mərkəzləridir. Texnikalar alıcılar arasında paylanılmaq üçün Şərqi Avropadan Səudiyyə Ərəbistanı və BƏƏ-dəki hərbi hava bazalarına göndərilir. Türkiyə və İordaniya da bir sıra hallarda paylama nöqtələri rollarını oynayırlar. Lazım olan silahların bir hissəsi də Suriyadakı alıcılara çatdırılır. Silahların əsas alıcıları Səudiyyə Ərəbistanı, Türkiyə, Qətər, BƏƏ, Küveyt, İordaniya, Suriya və İraqdakı terror təşkilatları, peşmərgələr və digər qruplaşmalardır.

Müharibəyə investisiya yatıran dövlətlər

Araşdırmaçı Franklin Lamb iddia edir ki, ABŞ, İsrail və Körfəz ölkələrin kəşfiyyatları vasitəsilə 20-dən çox ölkə silah ticarətinə qoşularaq Suriyadakı müharibədən böyük gəlirlər əldə edir. Lamb qeyd edir ki, həmin ölkələr hökumətlər səviyyəsində həm siyasi, həm də maddi maraqlarını həyata keçirirlər. Araşdırmaçının sözlərinə görə, Suriyada müharibəni qızışdırmaq və gəlir əldə etmək üçün bu ölkəyə silah göndərən 24 əsas ölkə bunlardır: ABŞ, İraq, Livan, İsrail, Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı, Yəmən, Bəhreyn, Böyük Britaniya, Fransa, Kanada, Belçika, Almaniya, Rusiya, Avstriya, Braziliya, Portuqaliya, Polşa, Çexiya, Bolqarıstan, İtaliya, İspaniya və Argentina. Görünən budur ki, Suriyada silah ticarətinin əsas iştirakçısı olan dövətlərin üçdə iki hissəsini NATO üzvü olan ölkələr təşkil edir. Suriyadakı alıcılara və bu ölkədə gedən müharibədə iştirakçı olan ölkələrə bir sıra hallarda saxta silahlar da göndərilir ki, bu da silah ticarətində iri məbləğlər deməkdir.

Mənsur Rəğbətoğlu

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений