Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Müsəlman qətliamının arxasındakı QÜVVƏ: Daha bir ölkə qarışacaq



Myanmada müsəlman əhaliyə qarşı davam edən kütləvi qətliam siyasi müstəviyə keçməyə başlayıb. Buddistlərin müsəlmanlara qarşı dini ayrı-seçkilik zəminində törətdiyi bildirilən bu qətliamın arxasında beynəlxalq güclərin geoiqtisadi və geosiyasi maraqları toqquşur. Ona görə də siyasi ekspertlər yaxın perspektivdə Myanmada dünyanın böyük siyasi və maliyyə gücləri arasında irimiqyasılı müharibənin baş verəcəyini istisna etmir. 

Bunun üçün artıq ciddi əsaslar formalaşıb. Müsəlmanlara qarşı həyata keçirilən qırğınlar, soyqırımın qarşısının alınması ilə bağlı Qərbin hadisələrə müdaxiləsi, Myanmanın neft-qaz sektorunda investor kimi çıxış edən ölkələrin toqquşan iqtisadi maraqları, ASİAN regionunda ABŞ-la Çin arasında artan geostrateji rəqabət bu bölgədə genişmiqyaslı müharibənin baş verməsi ehtimalını gündəmə gətirib. 

Əslində, proseslər göründüyündən daha qəlizdir və Myanmma Yaxın Şərqdən sonra dünyanın ikinci ağır münaqişə bölgəsinə çevrilməkdədir. Myanmanın Arakan (Rakhayn) əyalətində həyata keçrilən qətliamın arxasında geosiyasi və geoiqtisadi maraqlar dayansa da din amilinin təsirini də nəzərə almamaq mümkün deyil. Ona görə də Myanmadakı münaqişənin bölgəyə yayılmaq ehtimalı yüksəkdir. Bu birinci növbədə, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri kimi dövlətlərin Myanmada iqtisadi maraqlarının olması ilə bağlıdır. İkinci səbəb kimi adıçəkilən müsəlman dövlətlərinin Arakandakı Rohinca silahlı islamçı qruplaşmalarını dəstəkləməsini göstərmək olar. Ancaq bu silahlı birləşmələr terror təşkilatı kimi deyil, Arakan Rohinca Azadlıq Ordusu adı altında leqal fəaliyyətə üstünlük verir. Lakin Myanma hakimiyyəti Rohinca ordusunu cinayətkar və separatçı hesab edir. Üçüncü amil isə Cənub-Şərqi Asiyada müsəlmanların sayının sürətlə artmasıdır. Aparılan tədqiqatlar 2030-cu ildən sonra dünyada ən çox müsəlmanın İndoneziya, Hindistan, Malaziya, Myanma, Banqladeşdə yaşayacağını göstərir. Yəni islam dünyasının dini ağırlıq mərkəzi Cənub-Şərqi Asiyaya keçəcək. Bu baxımdan geosiyasi və geoiqtisadi maraqların toqquşması müəyyən mərhələdə həqiqətən konfessional zəmində müharibə müstəvisinə keçə bilər. 

Siyasi və ya iqtisadi zəmində baş verən münaqişələri bir müddətdən sonra dayandırmaq, sülhə nail olmaq daha asandır. Ancaq dinlərarası qarşıdurmanın sivilizasiyalararası münaqişəyə keçmək ehtimalı yüksək olduğundan bu məsələdə kompromisə nail olmaq ciddi problemdir.

Beynəlxalq ictimai təşkilatların da hesabatlarında qeyd edilir ki, Arakanda müsəlmanların qətliamı ifrat dərəcəyə çatıb. 2013-cü ildən bəri həyata keçirilən soyqırım aktının və zorakılığın arxasında əslində, Çin dövlətinin dayandığına dair iddialar yer alır. Bildirilir ki, müsəlman əhalinin öldürülməsi, qovulması və onların yaşadıqları ərazilərdə gettolaşma siyasətinin aparılması uzunmüddətli strategiyanın tərkib hissəsidir. Myanma isə Səudiyyə Ərəbistanını Rohinca müsəlmanlarını silahlandırmaqda ittiham edir. Etnik qruplar arasında münaqişələr zaman-zaman baş versə də, keçən il ərzində silahlı Rohinca qiyamçılarının sayı artıb. Daha əvvəllər Harakah əl-Yəqin kimi bilinən ARQO, 20-dən çox polis nəfəri və təhlükəsizlik qüvvələri üzvlərini öldürüb.

Arakan Rohinca Azadlıq Ordusu müsəlman rohincalıların üstünlük təşkil etdiyi Myanmanın şimalında yerləşən Raxin ştatında fəaliyyət göstərir. Myanma dövləti onlara vətəndaşlıq verməkdən imtina edib və onları Banqladeş miqrantları adlandırır.

Avqustun 25-i onlar Raxin ştatındakı polis postlarına hücum edərək 12 nəfəri öldürüb. Əvəzində isə təhlükəsizlik qüvvələri əks-hücuma keçiblər. Hakimiyyət qrupu terror təşkilatı adlandırır və bildirir ki, onun liderləri xaricdə təlim keçib. Beynəlxalq Böhran Qrupu da döyüşçülərin xaricdə təlim keçdiyini təsdiqləyir və 2016-cı ildə yaydığı hesabatında qrupun Səudiyyə Ərəbistanında yaşayan rohincalılar tərəfindən idarə olunduğunu iddia edir.

Fəqət qrupun sözçüsü bunu təkzib edərək “Asia Times” qəzetinə bildirib ki, onların heç bir cihadçı qrupla əlaqəsi yoxdur və Rohinca insanlarının etnik qrup kimi tanınması uğrunda mübarizə üçün yaradılıb. Bütün təkziblərə baxmayaraq, Səudiyyə Ərəbistanının rohincalılara hərbi və maliyyə dəstəyi göstərməsi inandırıcıdır. Çünki Səudiyyə Krallığı Myanmanın karbohidrogen ehtiyatlarının istismarı ilə bağlı layihələrdə Çinin əsas rəqibi kimi çıxış edir. 

Arakan Rohinca Azadlıq Ordusu isə soyqırımın buddist faşistlər tərəfindən mərhələli şəkildə, plan üzrə həyata keçirildiyini bəyan edir: “Biz kütləvi soyqırımın sonuncu mərhələsindəyik. Biz əhalimizi müdafiə etməliyik” - bəyanatda belə deyilir. 

Qətliamda ittiham olunan Myanma hakimiyyəti güclü dayaq kimi Çinə arxalanır. Çin BMT Təşhlükəsizlik Şurasının beş daimi üzvündən biridir və Myanmaya qarşı sərt tədbirlərin görülməsinə mane olur. Rusiyanın da dəstək verməsi Çinə Myanmada baş verənləri ört-basdır etmək imkanı yaradır. Çin Myanmanın neft-qaz sektoruna 20 milyard dollar həcmində sərmayə yatırıb. Çinin güclü dəstəyi olmadan Myanma hakimiyyəti hərbi rejimi saxlaya bilməz. Myanma-Çin boru kəməri Pekin üçün quru ərazi ilə Hind okeanına çıxışı təımin edir və strateji əhəmiyyət daşıyır. Bu boru kəməri ABŞ gəmilərinin patrul çəkdiyi Malakka boğazına alternativ sayılır. Sözügedən kəmər Rakhayn və Şan ştatlarından keçir. Soyqırımın əsl səbəbi də həmin kəmərin keçdiyi ərazilərə nəzarəti təmin etmək məqsədi ilə bağlıdır. Kəmərin dənizdən quruya çıxdığı ilk məkan Arakan (Rakhayn) ştatıdır. Beləliklə, həmin boru Myanma ilə Çini bir-birinə strateji cəhətdən bağlayır. 

Myanmada baş verənlərə İslam Əməkdaşlıq Təşkilatı da göz yummaq niyyətində deyil. Çünki İƏT-in aparıcı dövlətlərinin Çinə təzyiq imkanları heç də az deyil. Myanma-Çin boru kəmərinin əsas tədarükçüləri Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdir. Hər üç müsəlman dövlətinin Myanmanın enerji daşıyıcıları sahəsində güclü sərmayələri var. Tədarükçülər sırasına İran da daxil olmaqdadır. Ancaq müsəlman dövlətləri arasında hələlik Türkiyə daha çox Myanmadakı qırğınlara son qoymaq üçün diplomatik təşəbbüs göstərir. 

Münaqişə Çinə sıçraya bilərmi? 

“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu hesab edir ki, Yaxın Şərqdə mövcud olan bir sıra müsəlman dövlətləri Cənub-Şərqi Asiyadakı dini tərəfdaşlarına dəstək verir. Amma belə bir faktın olması böyük bir etnosun soyqırıma məruz qalması üçün əsas yaratmır: 

“Əgər hər hansı bir separatçı qrup yaradılırsa, ona qarşı mübarizə aparmaq olar. Ancaq Myanmada böyük bir etnik təmizləmənin şahidi oluruq. Orada qətlə yetirilən uşaqlar, qadınlar da hansısa separatçı qruplaşmanın üzvləridirmi? Əlbəttə ki, xeyr. Ərəb ölkələrinin, İranın hansısa tayfaları, dini qrupu dəstəkləməsi təcrübəsi var. Ancaq bu bütöv bir etnosu kütləvi qətl etməyə əsas vermir. Bu da insanlıq dramıdır”. 

Şərqşünas İŞİD-in məhv edilməsindən sonra Myanmada yeni islamçı terror təşkilatının meydana çıxacağı və həmin bölgədə qanlı müharibənin baş verəcəyinə dair proqnozları real saymır: 

“Terror təşkilatlarına görə, bütün müsəlmanları məhv etmək düşüncəsi nə dərəcədə düzgündür. Terrorizmin qarşısını almaq üçün həmin şəraiti aradan qaldırmaq lazımdır. Ümumiyyətlə, həmin bölgə etnik və dini cəhətdən rəngarəngdir. Banqladeşlə sərhəddə krişnaidlərin müxtəlif qolları var. Müxtəlif dini qruplar köçüb gəlib və oradakı dövlətlər tərəfindən dəstəklənib”. 

Vüqar Zifəroğlu Myanmada baş verən münaqişənin Çin ərazisinə keçə biləcəyinə dair fikirləri inandırıcı hesab etmir. Ekspert onu da vurğuladı ki, Çin neft və qaz kəmərlərinin keçdiyi əraziyə nəzarəti gücləndirmək üçün müsəlman əhalinin deyil, öz müttəfiqi olan Myanma hökumətinin mövqelərinin möhkəmlənməsində maraqlıdır. 

Müşfiq Abdulla
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений