Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Müxalifət sürpriz namizəddən imtina etdi



Vüqar Zifəroğlu: “Seçkilərdə rəqabət AKP ilə İyi Partiyanın namizədləri arasında gedəcək”

Türkiyədə keçiriləcək prezident seçkilərində sabiq dövlət başçısı Abdulla Gülün müxalifətin vahid namizədi olması ilə bağlı müzakirələr nəticə vermədi.  Cebhe.info-nun məlumatına görə, İyi Partiyanın sədri Meral Akşener eks-prezidenti dəstəkləməkdən imtina edib: “Mən cənab Gülün namizəd olmasına çox sevinərəm. Cənab Gül namizəd olarsa, buna sevinər, uğurlar arzulayaram. Amma bir il əvvəl yola çıxmış və hər getdiyi yerdə 100 mindən artıq imza ilə öz namizədliyimi  irəli sürmüşəm. Bir qadın olaraq mənin bu namizədliyimi geri götürməyim mümkün deyil”-deyə xanım Akşener bəyan edib. Ana müxalifət olan Cümhuriyyət Xalq Partiyası isə namizədini yaxın günlərdə Ali Məclisdəki müzakirələrdən sonra elan edəcək. Müxalifət seçkilərə vahid namizədlə qatıla bilmədiyindən CXP də partiyanın sədri Kamal Kılıçdaroğlunun namizədliyini irəli sürəcək. 

Hakim Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Tayyib Ərdoğanın namizədliyini isə Milliyyətçi Hərəkat Partiyası və Böyük Birlik Partiyası da dəstəkləyəcək. Müxalifətin isə vahid namizəd taktikası baş tutmadığından seçkilərdə səslərin bölünməsi qalib gəlmək şanslarını azaldır. 

“Oğuz” Müstəqil Araşdırmalar qrupunun rəhbəri Vüqar Zifəroğlu isə cebhe.info-ya açıqlamasında bildirdi ki, müxalifətin vahid namizədlə çıxış edəcəyi gözlənilmirdi: “Tarixi təcrübə göstərir ki, Türkiyə siyasi sistemində müxalifətin vahid namizədlə seçkilərə qatılması ciddi önəm daşımır. Əsas vacib məsələ partiyaların nə dərəcədə möhkəm  təşkilatlanması və hansı liderin irəli getməsi ilə bağlıdır. Həm də Türkiyə siyasi sistemində ideoloji qütbləşmənin dərin tarixi kökləri var və bu, sağ və sol təşkilatların bir araya gəlməsini əngəlləyir. Bundan əvvəlki seçkilərdə də sag və sol təşkilatların AKP-yə qarşı vahid namizəd ətrafında birləşərək çıxış etməsi təklifi olub. Amma buna nail olmaq mümkün olmayıb. Eyni namizədlə Türkiyədəki siyasi partiyalara vahid namizədlə seçkilərə qatılmaqdan daha çox özlərinin liderini irəli sürməsi və siyasi sistemdən yararlanaraq  proqram təqdim etmələri lazımdr. AK Partiyanın seçkilərdə qalib gəlməsinin əsas səbəbi sağ mərkəzdəki boşluqla bağlı idi. İyi Partiya sağ mərkəzdəki bu boşluğu doldurmaq üçün yaradılıb.İyi Partiyaya 15 deputatın transfer etməsi ilə soldan dəstək də göstərildi.

Sadəcə olaraq, CXP ilə İyi Partiyanın bir araya gələrək vahid namizədlə çıxış etməsinə ehtiyac da görünmürdü. Çünki vacib olan böyük üstünlüyə malik sağ mərkəz elektoratın əldə edilməsidir. Bu da həm CHP-dən, həm də MHP-dən müəyyən mərkəzçi qüvvələrin İyi Partiyaya keçməsi ilə həmin boşluğu doldurmağa başladı. İyi Partiyanın AKP-MHP koalisiyasına duruş gətirə biləcəyi başqa müzakirə predmetidir. Abdulla Gülün indiki şəraitdə müxalifətin vahid namizədi olması onun tam məğlubiyyəti ilə nəticələnə bilərdi.  Birincisi, CXP öz seçicilərini Abdulla Gülə səs verməyə məcbur edə bilməzdi. İkincisi, İyi Partiyanın özündə olan sağçı-milliyyətçi qüvvələrin Abdulla Gülə səs verməsi inandırıcı görünmürdü. Bəziləri bildirirdi ki, Abdulla Gülün böyük şansı var. Amma mən hesab edirdim ki, vahid namizədə ehtiyac olarsa, Meral Akşenerin şansı daha yüksəkdir. İyi Partiya CXP-nin səslərinin müəyyən qismini  əldə edəcək. CXP-nin və MHP-nin səslərinin əhəmiyyətli bir hissəsi  İyi Partiyanın xeyrinə azalır. İyi Partiya boşluğun vahid namizədi  kimi AKP-nin qarşısına çıxır. Ona görə də CXP ilə İyi Partiyanın koalisiyasının formalaşmasına ehtiyac yox idi”. 

Bəzi siyasi müşahidəçilərin fikrincə, Abdullah Gül  güclü dini elektorata malik AKP-nin, CXP-nin timsalında Atatürkçü kəsimin, İyi Partiyanın vasitəsilə isə millətçilərin səslərini cəlb etmək üçün ortaq namizəd kimi düşünülüb. Vüqar Zifəroğlu isə hesab edir ki, bu üsul Türkiyə cəmiyyətinin siyasi  reallıqları ilə uzlaşmır: “Birincisi, CXP-nin solçu, yaxud İyi Partiyanın sağçı millətçilərini Abdulla Gülə səs verməsi üçün inandırmaq lazımdır. Abdulla Gül həmin tələblərə cavab vermir. İkincisi, AKP ilə yollarını ayırandan sonra Türkiyənin dini kəsimində Abdulla Gülə münasibət birmənalı deyil.  Son illər Türkiyədə dini kəsimdə baş verən bölünmələr aktiv elektoratın passivləşməsinə səbəb oldu. Bu da AKP-nin xeyrinə işlədi. Amma Gül kimi liderin əleyhinə işlədi”. 

Ekspert bildirdi ki, CXP-nin Meral Akşenerin namizədliyini dəstəkləyəcəyi inandırıcı görünmür. Amma Meral Akşener prezident seçkilərin ikinci turuna keçə bilərsə, CXP-çilərin səslərini əldə edə bilər. “Hazırda düşərgələrin mübarizəsi gedir. Müxalifətdən önə çıxan partiya İyi Partiyadır. İqtidarda AKP-dirsə, müxalifətdə İyi Partiyadır. CXP öz səslərini İyi Partiyaya axıda bilər. Seçkilərdə də əsas rəqabət AKP ilə müxalifətdən İyi Partiyanın namizədi arasında gedəcək”. 

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений