Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Namiq Məna bədihənin meyxanaya çevrilməsindən danışdı: "Meyxanə səviyyəsində təbliğ ediblər ki..."



Tanınmış meyxanaçı, özünün təbirincə desək, bədihə ustası Namiq Mənanın (Əliyev) bir müddət öncə Azərbaycan Yazıçılar Birliyinin Qubadlı rayon regional bölməsinin sədri seçilməsi cəmiyyətdə birmənalı qarşılanmayıb.

Cebhe.info-ya bu haqda danışan N.Məna söyləyib ki, qurumun artıq ilk tədbiri keçirilib. O, başda olmaqla bölməyə aid olan Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər rayonlarının ziyalıları, qələm adamları və gənclər tədbirdə iştirak ediblər. Sədr həmçinin tutduğu vəzifə ilə bağlı söylənən fikirlərə münasibətini açıqlayıb:

“Tədbirə ziyalı insanlar, professorlar, alimlər, müəllimlər qatıldı. Bir sıra məsələləri müzakirə etdik. Qarşıda planlarımız çoxdur. Orta məktəblərdə şagirdlərlə görüşlər keçirəcəyik. Şairlərin yaradıcılığını gündəmə gətirib, işıqlandıracağıq. Kitab təqdimatları olacaq. Həmçinin hərbi hissələrdə, cəbhədə əsgərlərimizlə şair və yazıçılarımızın görüşlərini də keçirəcəyik. Mənə qarşı söylənilən birmənalı olmayan fikirlərə gəlincə, buna normal yanaşıram. Düşünürəm ki, hər kəs öz fikrini söyləməkdə müstəqildir. Sadəcə, düşünürəm ki, fakta söykənən fikir daha dolğun olur. Biri də var ki, qərəzli mövqedən yanaşırsan. Bunlar fərqli şeylərdir. İnsanlarda yanlış fikir formalaşıb. Mən ali təhsilliyəm. Mədəniyyət və İncəsənət Universitetinin Dram teatrı və kino aktyoru fakültəsini bitirmişəm. 30 ildir şifahi xalq ədəbiyyatının bir qolu olan bədihə janrında fəaliyyət göstərirəm. Bir balaca ədəbiyyatla maraqlansaq, görərik ki, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir, Cəfər Cabbarlı, Əliağa Vahid, bir sözlə, bir çox şairlərimiz bədahətən şeirlər söyləyiblər. Azərbaycan ədəbiyyatına nəzər salsaq, Mir Möhsün Nəvvab da bədahətən şeir deyib. Sadəcə olaraq, mütaliə edib, kitablara baxsaq, bədahətən şeir söyləməyin çox qədim köklərə dayandığını görərik. Sovetlər dönəmində milli-mənəvi dəyərlərimizə dəyən zərbələr bizim janrdan da yan keçməyib. Bədihə janrını çalışıblar ki, meyxanələrə salsınlar, nüfuzuna xələl gətirsinlər. Meyxanə səviyyəsində təbliğ ediblər ki, mahiyyət etibarilə aşağılanmaq deməkdir. Bu da şifahi xalq ədəbiyyatının bir qoludur. Bədahətən şeir söyləmək məgər belə asan bir işdir ki? Bu düşüncə zənnimcə yanlışdır”.

Qeyd edək ki, Namiq Həsən oğlu Əliyev 1 noyabr 1971-ci ildə Sumqayıt şəhərinin Corat kəndində fəhlə ailəsində anadan olub. 12 yaşından məktəbdə yazdığı şeirlərlə tanınan, 13-14 yaşından el şənliklərində iştirak etməyə başlayıb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. O, söylədiyi meyxanalarla Namiq Məna kimi tanınmağa başlayıb.

Aytən
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений