Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

NATO Rusiyanı mühasirəyə alır



Alyansın “Hərbi şengen” layihəsi Bakı-Tiflis-Qars dəmir yolundan da yan keçməyəcək.

NATO üzvü olan ölkələrin müdafiə nazirləri Şimali Atlantika Alyansının Avropa sərhədlərində "hərbi şengen" yaratmaq barədə razılığa gəliblər. NATO-nun müdafiə qurumlarının rəhbərləri Brüsseldə keçirilən görüşdə Avropada qüvvələrin və vasitələrin köçürülməsini təmin etmək üzrə komanda qərargahının yaradılmasını təsdiqləyiblər.

"Söhbət "hərbi şengen" görüntüsü yaratmaqdan gedir", - NATO komandanlığındakı belə  mənbə deyib.

Qeyd edək ki, bu ideyanı ilk olaraq ABŞ-ın Avropadakı sabiq Quru Qoşunları komandanı, general-leytenant Ben Hoces irəli sürüb. Onun sözlərinə görə, müttəfiq qoşunlar və hərbi texnika qitə ərazisində miqrantlar kimi sürətlə hərəkət etməlidir.

NATO-nun 2018-ci ilin iyul ayında keçiriləcək növbəti sammitində sözügedən məsələ ilə bağlı yekun qərarın qəbul olunacağı istisna edilmir. NATO üzvü olan ölkələr arasında “hərbi şengen zonası”nın yaradılması alyansın yüklərinin Avropa Birliyi ölkələri sərhədlərindən  daha sürətli keçidini təmin etmək məqsədi daşıyır. Bu təklif qəbul olunarsa, ABŞ-dan Fransaya və və Almaniyaya, eləcə də Qərbi Avropadan şəqrdə Rusiya  sərhədlərinədək qısa müddətdə daşınması mümkün olacaq.  Bu isə NATO-nun fəaliyyətinin çevikliyini artırmağa imkan verəcək.  Qeyd edək ki,  NATO-ya məxsus hərbi yüklərin daşınmasında əsasən hava nəqliyyatından istifadə olunur. “Hərbi şengen” tətbiqi  ilə yerüstü daşınmaların həcmini bir neçə dəfə artıracağı gözlənilir. Bu məqsədlə çox güman ki, alyansa üzv olan Avropa Birliyi ölkələri öz aralarında və eləcə də ABŞ-la gömrük prosedurlarına əlavə və dəyişikliklər etməli olacaq.  Ekspertlərin fikrincə,  NATO yüklərinin avtomobil və dəmir yolu ilə daşınması üçün üçün infrastrukturun genişləndirilməsinə ehtiyac var. Söhbət əlavə körpülərin tikilməsindən və yeni dəmiryolu xətlərinin çəkilməsindən gedir.  Bu çevik sistemin qurulması məsələsi  hələ NATO-nun 2016-cı ilin ilyul ayında Varşavada keçirilən sammitində gündəmə gətirilib. Brüssel bu ideyaya  Şərqi  Avropa ölkələrinin Rusiya təcavüzündən  qarşı  müdafiəsinin  təşkili üçün daha əlverişli imkanın yaradılması kimi baxır. Polşa və Baltikyanı ölkələrdə alyansın 4 tabordan ibarət 4 min nəfərlik canlı qüvvəsi yerləşdirilib.  Lakin NATO Rusiyanın Kalininqrad və Ukrayna istiqamətində yerləşdirdiyi iki diviziya  silahlı qüvvənin qarşılığında silahlı qüvvələrin sayını 20 min nəfərə qədər artırmağı planlaşdırır. Ona görə də NATO üzvü olan dövlətlər  böyük ehtimalla, “hərbi şengen” sisteminin yararadılmasına dəstək verəcək. Şengen zonasının  müxtəlif  məntəqələrindən yola salınan hərbi yüklər  gömrükdə ləngimədən vahid nəqliyyat qovşağından keçəcək ki, bu da onların idarə olunmasını asanlaşdıracaq. Artıq alyansın bütün üzvləri özünəməxsus hərbi qoşun və hərbi texnika üçün “qrin-kart” sisteminin tətbiqinə dair ilkin razılığa gəlib.  Ancaq  “hərbi şengen”in necə reallaşacağına dair yekun qərara gəlinməyib. Əgər əvvəllər  belə yükləruin daşınması  üçün 4-5 gün əvvəldən bildiriş göndərmək lazım gəlirdisə, bundan sonra xəbərdarlığa ehtiyac olmayacaq.

Lakin çoxlu sayda sərhədlərin keçilməsi də az vaxt aparmayacaq. Qoşunların və hərbi texnikanın yerdəyişməsi  üçün ən azı 48 saat vaxt lazım olacaq. 2016-cı ilin may ayında İspaniyadan Portuqaliyaya keçirilən  sınaq daşımaları 4 sutkaya yekunlaşmışdı. Ona görə də indi mütəxəssislər İspaniyadan Polşaya və ya Litvaya daşınacaq yüklərin nə qədər tez vaxta başa gələcəyini  hesablayır.  Ekspertlərin rəyinə görə, NATO-nun “hərbi şengen” sisteminə keçməsi  üçüncü ölkələrə təsirsiz ötüşməyəcək. Məsələn, alyansa üzv olmayan və Rusiya ilə geniş əlaqələr Serbiya yükdaşımalardan gəlir əldə etmək üçün öz ərazisindən istifadəyə razılıq verəcək. Monteneqroya yüklərin quru yolu ilə daşınması üçün ən münasib ərazi Serbiya olduğundan NATO-nun  belə bir  təklif irəli sürəcəyi qaçılmazdır. Bu isə sonda Serbiyanın NATO-ya inteqrasiyası ilə nəticələnə bilər. Eyni zamanda, yerüstü daşımalar NATO-ya öz hərbi yüklərini  Rumıniya,  Macarıstan və Polşa vasitəsilə Moldovaya  və Ukraynaya qısa müddətdə çatdırmaq imkanı yaradacaq. Bu arada NATO-nun sabiq baş katibi Foq Rasmussenin alyansın 20 min nəfərlik  silahlı qüvvəsini Donbasa sülhməramlı mandatla yerləşdirmək təklifi diqqəti cəlb edir. Polşa və Ukraynada 20 min nəfərlik silahlı qüvvə yerləşdirən NATO qeyd edilən təklifi reallaşdırarsa Rusiya ilə sərhəddə 40 minlik müasir silahlarla təchiz olunmuş qoşun cəmləşdirmiş olar.

NATO yüklərinin  dəmiryolu ilə daşınması baxımından, Bakı-Tiflis-Qars  nəqliyyat dəhlizi də NATO-nun diqqətini cəlb edir. Doğrudur, Azərbaycan və Gürcüstan nə NATO-nun üzvü, nə də Avropa Birliyinin şengen zonasına daxil deyil. Amma Türkiyənin NATO-nun üzvü olması, Gürcüstanın alyansa üzv olma üçün müraciət etməsi,  Azərbaycanla geniş hərbi əməkdaşlıq imkanları buna şərait yaradır. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin  yanvar ayında  ABŞ-a səfəri  zamanı prezident Donald Trampla yüklərin Aktau və Kunık limanları vasitəsilə Əfqanıstana daşınması barədə razılıq əldə olunub. Ancaq həmin yüklərin Qazaxıstana keçməsi üçün ən münasib yol Bakı-Tiflis-Qars dəmir yolu sayıla bilər. Bakıya Ələt limanına gətirilərək oradan bərələrlə Qazaxıstanın Aktau və Kunık limanlarına daşına bilər. Əfqanıstana yüklərin daha sürətlə daşınması baxımından Azərbaycan-Gürcüstan və Türkiyəni birləşdirən dəmir yolu xəttinin strateji əhəmiyyəti NATO mütəxəssislərinin diqqətini cəlb etməyə bilməz.  NATO Gürcüstanın da hərbi cəhətdən quruma inteqrasiyası və silahlı qüvvələrinin modernləşməsi üçün yeni dəmir yolunun imkanlarından istifadə etməyə çalışacaq. “Hərbi şengen” zonasından keçməklə Şərqi Avropaya daşınan yüklər həm də Gürcüstana və Azərbaycan üzərindən Qazaxıstandan keçməklə Əfqanıstana yola salına bilər. Bu da hazırda Rusiya ilə NATO arasında Şərqi Avropada müşahidə olunan geostrateji  çox keçmədən Cənubi Qafqaza da sirayət edəcəyini söyləməyə əsas verir.

Müşfiq Abdulla  
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений