Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Naxçıvan-Qazax-Qarabağ üçbucağı: Azad edilən strateji yüksəkliklər nəyi ehtiva edir? – ANALİZ (HƏRBİ EKSPERT)



Azərbaycan Respublikası ərazisinin relyefi çox müxtəlif və mürəkkəbdir. Ərazinin yarıdan çoxu əsasən, 400-500 m (Orta və Aşağı Araz çökəkliklərində 800-1000 m), bəzi yerlərdə 100-120 m (Talış, Ceyrançöl-Acınohur və Ləngəbiz-Ələt ön dağlıqları) və 0-50 m (Qobustan, Abşeron) mütləq hündürlükdən başlayan dağ silsilələri və tirələrindən, qalan hissəsi isə düzənlik və ovalıqlardan ibarətdir. Hündürlüyü Xəzər dənizi sahilində təqribən 28 m-dən Baş Qafqaz silsiləsində 4466 m-dək (Bazardüzü zirvəsi) dəyişir. 

Orta hündürlük 384 m-dir. Azərbaycan Respublikasının əsas oroqrafiya vahidləri Böyük Qafqaz dağ sistemi, Samur-Dəvəçi ovalığı, Kür çökəkliyi, Kiçik Qafqaz və Talış dağ sistemləridir.

Böyük Qafqaz dağ sisteminin yalnız cənub-şərq hissəsi Azərbaycan Respublikası ərazisinə daxildir. Böyük Qafqazın çox hissəsini təşkil edən Baş Qafqaz silsiləsi Azərbaycan Respublikası ərazisində Gürcüstan Respublikası və Dağıstan MR ilə sərhəddəki Tinov-Rosso zirvəsindən (3385 m) başlayaraq cənub-şərq istiqamətində uzanır. Silsilənin çox yerində hündürlüyü 3000 m-dən, mərkəzi hissəsində isə 4000 m-dən artıqdır (Bazardüzü - 4466 m, Tufandağ - 4191 m, Bazaryur dağı - 4126 m). Babadağ zirvəsindən (3629 m) cənub-şərqdə həmin silsilə tədricən alçalmağa və genişlənməyə başlayır. 

Kiçik Qafqaz dağ silsiləsinin Azərbaycan Respublikasındakı hissəsi, əsasən, Murovdağ, Qarabağ, Mıxtökən silsilələri, Şahdağ, Şərqi-Göyçə, Zəngəzur, Dərələyəz silsilələrindən ibarətdir. Şahdağ silsiləsi şimal-qərbdə eyni adlı zirvədən (2901 m) başlanır və cənub-şərqdə Hinaldağ zirvəsinədək (3367 m) davam edir. Hinaldağdan şərqə Murovdağ silsiləsi (Gamış d., 3724 m) uzanır. Bu silsilələrdən şimalda Başkənd-Dəstəfur çökəkliyi, daha şimalda isə Şəmkir günbəzvarı yüksəkliyi yerləşir. Həmin yüksəklik Şahdağ və Murovdağ (hündürlüyü 3000 m-dək) silsiləsidir. 

Ümumilikdə dağlıq ərazilər 3 müxtəlif növə bölünür:

- 500-1000 m mütləq yüksəkliklərdə olan alçaq dağlıq ərazilər;

- 1000-2000 m intervalında olan orta yüksəkliklı dağlıq ərazilər;

- 2000 m-dən yüksək olan yüksək dağlıq ərazilər.

Bu dağları xatırlatmaqda məqsədim Azərbaycanın cəlb edildiyi Qarabağ münaqişəsi ərazisində yerləşən Kiçik Qafqaz sıra dağlarına aid yüksəkliklərin əhəmiyyətini, əməliyyatların planlaşdırılmasında və düşməni maraqlarımıza uyğun hərəkətə məcbur etməkdə onlardan səmərəli istifadə edilməsinə diqqət çəkməkdir. Hər bir dağ döyüş əməliyyatları teatrının landşaftı unikal və rəngarəng olur.

Dağlıq Qarabağdakı 2016-cı ildə bərpa olunan döyüşlər, 1994-cü ildə dayandığı yerdən də başladı: Odundağ, Lələtəpə, Seysulan, Talış və Günnüt. Bu yüksəkliklər Ermənistan tərəfindən 1994-cü il atəşkəs razılaşmasına qədər işğal edilən son yüksəklik və yaşayış məntəqələrimiz idi.

"Odundağ" yüksəkliyinin əldə saxlanılması Ermənistan ordusuna Qazax rayonunun magistral yolunu və bəzi ətraf kəndlərini atəş və müşahidə altında saxlamağa imkan verirdi.

Günnüt - Azərbaycanın Şərur rayonunda kənddir, 1992-ci ildə ətraf yüksəkliklərlə bərabər işğala məruz qalıb. Buna qədər isə, Ermənistan ordusu 1990-cı ildə Kərki kəndini də işğal edib. 

Seysulan 1993-cü ilin yayına qədər Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində idi, ciddi strateji əhəmiyyətə malik yüksəklikdir, zirvəsindən ətraf kəndlərlə Tərtər rayonunun bəzi ərazilərini atəş altında saxlamaq mümkündür.

Talış kəndi, 1992-ci ildə və 1994-cü ildə iki dəfə azad edilsə də, onu əldə saxlaya bilmədik və həmin il yenidən işğalçı qüvvələrin nəzarəti altına keçdi. Bu yüksəklik isə Goranboy və Naftalan rayonlarını atəş altında saxlamağa imkan verirdi.

Lələtəpə yüksəkliyi də Dağlıq Qarabağ ərazisindəki strateji yüksəkliklərə aiddir. Fizuli rayonunda yerləşir, ərazi 1994-cü ildə Horadiz əməliyyatı zamanı ələ keçirilsə də, 3 ay ərzində döyüşlərdən sonra Lələtəpə yüksəkliyi yenidən düşmənin nəzarətinə keçdi. Lələtəpədən Horadiz istiqamətində hücuma keçmək, ətraf rayon və qəsəbələri atəş altında saxlamaq mümkün idi. Lələtəpə hər iki tərəf üçün hücum plasdarmı ola biləcək yüksəklik xüsusiyyətinə malikdir.

Atəşkəs elan edildikdən sonra sadalanan yüksəklik və məntəqələr 22 ildən artıq müddət ərzində Ermənistan ordusunun nəzarətində qaldı. Hərbi baxımdan bu ərazilərin hər biri ayrı-ayrılıqda mühüm strateji əhəmiyyətə malik idi. Yüksəkliklərə nəzərət edən erməni tərəfi, Azərbaycan Ordusunu öz mövqelərindən aralıda saxlamağa, ətraf kənd və rayon ərazilərini atəş altında tutmaqla avtomobil yol və qovşaqlarına nəzarət edirdi. Bu yüksəkliklərdən ərazilərimiz yaxşı müşahidə edilirdi və atəş açmaq üçün daha uyğun idi. Ordumuzun ehtiyatlarını gizli döyüşə daxil etmək də mümkün deyildi. Yüksəklikdən keçən müdafiə xətti, düşmənin möhkəmləndirilən müdafiə zolağının bir hissəsini təşkil edirdi.

Passiv atəşkəs dövrü 2016-cı ilin yanvarında Qazax rayonunun ərazisində yerləşən "Odundağ" zirvəsinin ordumuz tərəfindən ələ keçirilməsi ilə sona çatdı. Azərbaycanın Qazax rayonu ilə Ermənistanın Noyemberyan yaşayış məntəqəsi arasındakı ərazidə yerləşən "Odundağ" yüksəkliyinin Azərbaycan ordusunun nəzarətinə keçməsi, ətraf erməni ərazilərinin və İcevan magistralının Azərbaycan Silahlı Qüvvələri tərəfindən tam nəzarətə götürülməsinə və eyni zamanda sərhədyanı kəndlərin həmin yüksəklikdən atəşə tutulmasının qarşısını almağa imkan verdi. Həmin bölgədə ərazidə nəzarət və üstünlük Ordumuzun tərəfinə keçdi.

2016-cı ilin Aprel ayının ilk gönlərində başlayan hərbi əməliyyatlar nəticəsində isə Talış kəndi ətrafındakı bir neçə yüksəklik qısa zamanda azad edildi, nəticədə Tap Qaraqoyunlu kəndinin və ətraf ərazilərin atəşə tutulmasının qarşısı alındı, kurort tipli Naftalan şəhəri təhlükəli vəziyyətdən xilas oldu. Talış və ətrafdakı yüksəkliklərin azad edilməsi birbaşa olaraq Ağdərə və Sərsəng su anbarı istiqamətində aparılacaq gələcək əməliyyatların da önünü açdı.

Paralel olaraq Lələtəpə yüksəkliyi də ələ keçirildi, Horadiz və digər yaşayış məntəqələri düşmən atəşi təhlükəsindən xilas edildi. Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Nəticədə Ordumuz Xocavənd-Füzuli-Cəbrayıl istiqamətində hücuma kecmək üçün ideal bir plasdarm əldə etdi.

2018-ci ilin may ayının ikinci yarısında Naxçıvan Əlahiddə Ümümqoşun Ordusunun kəşfiyyat bölmələrinin şəxsi heyəti işğal edilən ərazilərdə əks-həmlə əməliyyatları həyata keçirərək tarixi Azərbaycan torpaqlarının bir hissəsini erməni işğalından azad etdi. Əməliyyat nəticəsində Qızılqaya dağı və Xunut dağı ələ keçirildi. Qızılqaya dağı 1683 metr yüksəklikdə yerləşir. İkinci azad edilən yüksəklik 2065.8 m yüksəklikdə yerləşən Xunut dağının zirvəsidir. 

Son iki ildə azad edilən əraziləri ayrı-ayrılıqda analiz etdikdə məlum olur ki, Azərbaycan Silahlı Qüvvələri geniş miqyaslı hərbi əməliyyatların bərpa edilməsi üçün aktiv hazırlıq tədbirləri həyata keçirir. Hazırlıq tədbirlərinin uğurlu nəticələnməsi üçün ən vacib elementlərindən biri də doğru zamanda, doğru istiqamətdən gözlənilməz və sarsıdıcı zərbə endirməkdən ibarətdir. Bu faktorlar isə hücum əməliyyatlarının başlanması üçün uyğun plasdarmların və əsas zərbə istiqamətinin seçilməsi deməkdir. 

Hazırda Ordumuz bütün istiqamətlərdə qələbəni asanlaşdıra biləcək, hər bir istiqamət üzrə ciddi plasdarmlara malikdir: 

- İlkin mərhələdə yaxın tapşırıq çərçivəsində Naxçıvan Əlahiddə Ordusunu Şahbuz-Sisyan istiqamətində atəşlə Gorus-Laçın dəhlizini bağlayaraq düşmənin ümümqoşun ehtiyatlarının döyüşə daxil edilməsinə mane ola bilər; 

- Zirehli texnikaların dəstəyi ilə Şərur-Arni-Exeqnadzor-Cermuk istiqamətində, əlverişli mövqelərdə möhkəmlənib daimi yaşayış məntəqələrindən çıxmağa imkan tapan Ermənistan Ordusunun ehtiyat qüvvələrinin Dağlıq Qarabağa yeridilməsinin qarşısını ala bilər; 

- Qərb istiqamətindəki qüvvələr işğal altında olan Qazax rayonunun kəndlərinin azad edilməsi ilə düşmən qüvvələrinin digər istiqamətlərə dəstək verməsini önləyə bilər, yayındırıcı hücumla düşməni daha məşğul edə bilər;

- Cənub qüvvələri Lələtəpə plasdarmından istifadə edərək Fizuli- Cəbrayıl istiqamətində hücuma keçə bilər; 

- Mərkəz qüvvələri isə əsas zərbəni Talış- Ağdərə istiqamətində, digər zərbəni isə Bərdə-Ağdam istiqamətində endirərək sağ və sol birliklərlə qarşılıqlı əlaqədə fasiləsiz hücumun templərini maksimuma çatdıra bilər. 

İkinci mərhələdə və ya sonrakı tapşırıq çərçivəsində qoşunlar Ağdərə- Ağdam, Ağdam-Fizulu hüdudlarında geri çəkilməyən düşmən bölmələrinin mühasirəsini daraldıb düşməni sülhə məcbur etmə prosesinin nəticəsini gözləmədən yüksək hücum templərini saxlamağa çalışmalıdır. Ehtiyat birliklərin döyüşə daxil edilməsi ilə hücumu inkişaf etdirərək əməliyyatı məntiqi sonluğa yaxınlaşdırmaq mümkündür.

HHQ-nin aviasiya vasitələri və artilleriya qoşunları intensiv fəaliyyətlə 7/24 rejimində hücum edən birlikləri hücumun bütün mərhələlərində fasiləsiz olaraq dəstəkləməlidir. Qoşun növü və birləşmələr arasında qarşılıqlı əlaqə yüksək səviyyəyə çatdırılmalıdır. Yalnız bu yolla Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi nəticələr əldə etmək mümkündür. 

Əməliyyatların planlaşdırılmasına gəldikdə isə Ordumuzun gələcək hərbi əməliyyatlar teatrı əsasən yüksək və orta dağlıq relyefdən ibarət olduğunu nəzərə almalıyıq. Dağlıq relyefin bütün xüsusiyyətləri, sərt iqlim şəraiti, mürəkkəb meteroloji vəziyyəti, sərt qayaları, dik yoxuşlari, uçqunları, buzlaqları, əriməyən daimi qar təbəqələri nəzərə alınmalı, şəxsi heyət və texnikaların hazırlığı müvafiq tələblərə uyğun həyata keçiilməlidir.

Hazırda düşmən Qazax rayonunun 7 dağ kəndini işğalda saxlayır. Ərazilərin Qarabağ müharibəsi zamanı ələ keçirilməsi isə Azərbaycana onu istədiyi zaman geri qaytarmaq üçün kimsənin razılığını gözləmədən hərəkət etməyə imkan verir.

Azərbaycan uzun müddət Ermənistanın işğalçı mövqeyinə dözümlülük nümayiş etdirə bilməz və etdirməyəcək də . İşğalın 3-cü onilliyi artıq başa çatmaq üzrədir, Ermənistan isə mövcud vəziyyəti qorumaq üçün müxtəlif bəhanələrlə danışıqlar prosesini uzadır. Kimsə danışıqlar yolu ilə ermənilərin torpaq qaytaracağına inansa da , mən buna qətiyyən inanmıram. Dünyada heç bir işğalçının etmədiyini Ermənistanın edəcəyini təsəvvür belə edə bilmərəm. Belə bir praktikaya hələ rast gəlinməyib. 

Alınan yeni texnikalar, silahlar, sursatlar təyinatı uzrə istifadə edilmələdir. Məsələn, çox da dərin düşünmədən Qazax rayonunun işğal altında olan kəndlərinin azad edilməsini reallaşdırmaq mümkündür. Hamını nə deyəcəyini düşünsək, hamının mövqeyini gözləsək gec olacaq. Naxçıvan Əlahiddə Ordusu 11000 hektarı azad edəndə kimin nə deyəcəyini nə düşündü, nə də gözlədi. Aldı və möhkəmləndi. Bu digərlərinə də nümunə olmalıdır. Eyni hərəkətlər Qərb istiqamətində niyə baş verməsin? Əslində düşmən hər gün bizim torpaqlarda itki verməlidir, qorxu ilə yatıb səksəkə ilə oyanmalıdır. Belə olması şərtdir.

BMT-nin tanıdığı sərhədlərimiz daxilində əməliyyat aparmaq üçün heç kimin mövqeyini nəzərə almamalıyıq. Qırmızı xətlərimizi təyin etməli, işğalın sona çatmalı olduğu yaxın tarixi elan etməliyik. İşğal faktı təbii ki aradan qalxmayacaq, bu halda məsuliyyəti bütün səviyyələrdə əks tərəfin üzərinə yükləyib son savaşa girməliyik. Şəhid olan şəhid olacaq, qalanlar isə qalib Ordunun əsgəri kimi şərəflə yaşayacaq. İşğalçı düşmənə harda yerləşməsindən asılı olmayaraq layiqli və sarsıdıcı zərbə endirilməlidir. Bizim heç bir qonşu dövlətin ərazisini işğal etmək və bu ideyanı həyata keçirmək üçün digər ölkələrin ordularını evimizə buraxmaq fikrimiz yoxdur. Tək məqsədimiz işğal altında olan Dağlıq Qarabağımızı və 7 ətraf rayon və digər kəndlərimizi erməni işğalından tam azad etməkdir.

Bütün böyük qələbələr isə hakim mövqelərin ələ keçirilməsindən başlayır. Son illərdə azad etdiyimiz yüksəkliklərin isə baş verə biləcək hərbi əməliyyatlarda vacib plasdarm rolunu oynayacağını düşmən də yaxşı anlayır.

Azərbaycan Respublikasının 100 illiyi ərəfəsində xalqımızın çox susadığı Qələbə xəbərlərini yazmaq ümidilə...

Hərbi ekspert Ədalət Verdiyev 
Ordu.az

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений