Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Naxçıvanda 300 milyonluq saldo



Natiq Cəfərli: “İdxalın azalması fonunda müsbət saldonun yaranması suallar yaradır”

Naxçıvanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 300 milyon manata çatıb. Naxçıvanın Dövlət Statistika Komitəsinin məlumatına görə muxtar respublikada iqtisadiyyatın dinamik inkişafı xarici ticarət əlaqələrinin genişlənməsinə müsbət şərait yaradıb. 2017-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikada 360 milyon 203,8 min dollar dəyərində xarici ticarət dövriyyəsi qeydə alınıb. İxracın dəyəri son bir il ərzində 1,2 faiz artaraq 329 milyon 709,8 min dolları, idxalın dəyəri isə 8,1 faiz azalaraq 30,494 milyon dollar təşkil edib. Nəticədə 299 milyon 215,8 min dollar dəyərində müsbət saldo yaranıb.

Müqayisə üçün bildirək ki, 2016-cı ildə muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi 463 min 244,8 ABŞ dolları təşkil edib. Bu isə 2015-ci ilə nisbətən ixracın həcmi 1,1 faiz artaraq 419 min 120,8 ABŞ dolları, idxalın həcmi isə 54,9 faiz azalaraq 441 min 24 ABŞ dolları səviyyəsində olub. 2016-cı ildə xarici ticarət dövriyyəsinin 9,5 faizini idxal, 90,5 faizini isə ixrac təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanın xarici ticarət dövriyyəsinin 43 faizi Avropa İttifaqı ölkələrinin, 11,2 faizi MDB üzvü dövlətlərinin, 45,9 faizi isə dünyanın digər ölkələrinin payına düşüb. Belə ki, 2017-ci ilin yanvar-fevral aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 137 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 77 ölkəyə məhsul ixrac olunub, 132 ölkədən idxal olunub.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2017-ci ilin yanvar-fevral aylarında xarici ticarət dövriyyəsi 3287,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 2315,7 milyon dollar, idxalın dəyəri 972,0 milyon dollar təşkil edib, nəticədə 1343,7 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi real ifadədə 12,9 faiz, o cümlədən, ixrac 13,5 faiz, idxal isə 11,8 faiz azalıb.

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, idxalın azalması fonunda müsbət saldonun yaranması, bir tərəfdən müsbət dəyərləndirilsə də, digər tərəfdən suallar yaradır: “Deməli, əhalinin alıcılıq qabiliyyəti azalıb deyə, idxal da azalıb. Adətən, alıcılıq qabiliyyəti aşağı düşəndə idxal mallarına tələbat azalır. Bunun nəticəsi olaraq da keçən ilin müvafiq dövrünə nisbətən idxal mallarının həcmində azalma müşahidə olunur. İxracata gəlincə, Naxçıvanın Türkiyə və İranla çoxdan formalaşmış iqtisadi əlaqələri mövcuddur. Naxçıvanda istehsal olunan mineral sulardan tutmuş bir sıra məhsullara qədər hər şey  həmin ölkələrə ixrac olunur. Muxtar respublikanın həmin ölkələrlə ixracat əlaqələri əvvəllər də mövcud olub. İxracat səviyyəsinin bu həddə saxlanılması, təbii ki, pozitiv addımdır. Ümumi götürəndə o qədər də böyük həcm deyil. Aya təqribən 31-32 milyon dollarlıq ixracat düşür. Amma Naxçıvanın blokada şəraitində olduğunu nəzərə alsaq, belə nəticənin olması heç də pis deyil”.

Natiq Cəfərli qeyd edib ki, 2017-ci ildə ümumi Azərbaycanın da xarici ticarət dövriyyəsində müsbət saldo yarandı: 

“Yalnız iki ayda mənfi saldo yaranmışdı. Buna da iki məsələ təsir göstərdi. Birincisi, ümumi Azərbaycanda idxal olunan məhsulların həcmi azaldı. Təqribən 27-28 faiz azalma müşahidə olundu ki, bu da alıcılıq qabiliyyətinin düşməsi ilə əlaqədardır. İkinci məsələ isə neftin qiymətləri ilə bağlı oldu. 2017-ci ildə neftin qiyməti təqribən 20 faizdən bir qədər çox artdı. Azərbaycanın əsas ixrac məhsulu olan neftin qiymətinin artması, həcm olaraq daha çox valyutanın ölkəyə gəlməsinə səbəb oldu. Yəni, ümumən Azərbaycanın xarici ticarət dövriyyəsinə əsas iki faktor təsir göstərdi. Həm idxal azaldı, həm də neftin qiymətinin artması ixracatdan əldə olunan valyutanın həcmini artırdı. Bu da müsbət saldonun yaranmasına səbəb oldu”.

Yeganə Oqtayqızı








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений