hava haqqinda Bakı
Bu gün +3 ° C
  • USD - 1.7000
  • RUBL - 0.0257
  • EURO - 1.9202
  • NEFT - $ 66.56
  • clouds-weather

Nazirin anonsundan 6 ay keçib: DƏYİŞİKLİK YOXDUR

Nazirin anonsundan 6 ay keçib: DƏYİŞİKLİK YOXDUR

Şagirdlərin dərs yükünün azaldılması məsələsi uzun müddətdir ki, müzakirə olunur. Bununla bağlı məsələ təhsil ekspertləri, hətta  dövlət məmurları tərəfindən qaldırılsa da, problem həllini tapmır. Məktəblilər yenə də ağır dərs yükünün altında əzilir. Bununla yanaşı, məktəblilər ağır dərslikləri də daşımaq zorundadır. Xatırladaq ki, may ayında təhsil naziri Ceyhun Bayramov növbəti tədris ilində tədris yükünün azaldılmasının başlıca hədəflərdən biri olduğunu bildirmişdi. 

Nazir həmçinin bu il məktəbdaxili qiymətləndirmənin dəyişdirilməsi ilə bağlı kifayət qədər iş aparıldığını söyləmişdi. O, şagirdlərin dərs yükünün yüngülləşdirilməsini nəzərdə tutan yeni məktəbdaxili qiymətləndirmə layihəsi əsasında xüsusilə ibtidai sinifdə oxuyanların dərs yükünün azaldılması üçün ciddi addımlar atılacağını açıqlamışdi. Ceyhun Bayramovun açıqlamalarına görə, bu tədris ilində azyaşlı şagirdlər üçün kiçik və böyük summativlərdə dəyişiklik edilməli idi.

Amma tədris ili başlayandan sonra məlum oldu ki, şagirdlərin dərs yükü aşağı salınmayıb. Bu il də əvvəlki illərdə olduğu kimi, şagirdlər dərsliklərdə verilən tapşırıqlardan əlavə iş dəftərləri, test kitabllarındakı tapşırıqları da yerinə yetirmək məcburiyyətində qalmış olur. Bu isə günün 4-5 saatını məktəbdə keçirən uşaqların saatlarla ev tapşırıqları yerinə yetirməsi ilə nəticələnir. Tədris yükünün ağır olması valideynləri məcbur edir ki, uşaqlarını repetitor məşğələlərinə cəlb etsinlər.  Əgər əvvəlki illərdə repetitor məşğələləri ali məktəblərə hazırlıq xarakteri daşıyırdısa, indi mahiyyətini dəyişərək, ev tapşırıqlarının yerinə yetirilməsi vasitəsinə çevrilib. 

Çantalarda daşınan əlavə kitablar, iş dəftərləri həm də şagirdlərin fiziki olaraq yüklənməsinə gətirib çıxarır. Bu arada qeyd edək ki, son illərdə ölkəmizdə onurğa xəstələrinin sayı xeyli artıb. Mütəxəssislər bildirir ki, çantanın çəkisi uşağın çəkisinin 14-15%-ni təşkil etməlidir. 8 yaşınadək uşaqlar 2, 8-12 yaşınadək uşaqlar 4, 12-15 yaş uşaqlar isə 5 kiloqram ağırlığında çanta götürə bilərlər. 

Bu günlərdə deputat Siyavuş Novruzov da Milli Məclisin iclasında bu məsələni qaldırıb: 

“Uşaq səhər saat 8-dən axşam saat 10- qədər ancaq təhsil almaqla məşğuldur. Cənubi Koreyada bu 12-13 saat çəkir. Valideynlər repetitorlar tutur. Elə valideyn var ki, bu gün nəinki repetitor, hətta “çantadaşıyan” da tutur. Çantaların çəkisi 12 kiloqrama çatır. 2-5-ci siniflərdə oxuyan uşaqlar onu özləri apara bilmirlər”. 

Təhsil eksperti Şahlar Əsgərov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, mütəxəssislər tədris yükü ilə bağlı tədqiqatlar aparıb, bunu müəyyənləşdirməli və cəmiyyətə informasiya verməlidirlər: 

“Mən də valideynlərdən, mətbuatdan şikayətlər eşidirəm ki, tədris yükü ağırdır. Amma biz bilikli gənclərlə yanaşı, fiziki cəhətdən də güclü gənclər yetişdirməliyik. Buna görə də şagirdin vaxt bölgüsü düzgün aparılmalıdır. Onlar günün bir hissəsində məktəbdə olur, digərində ev tapşırıqlarını yerinə yetirirsə, bir hissəsini də sağlamlıqlarına ayırmalıdırlar ki, bu vaxt ərzində idman edə, gəzintiyə gedə bilərlər”.

Şahlar Əsgərov bir sıra xarici ölkələrdə şagirdlərin tədris yükünün daha yüngül olduğunu dedi:

“Mən Finlandiyanı misal gətirə bilərəm. Bildiyimə görə, orada uşaqlara çox az tədris yükü verirlər. Məsələn, tarix, coğrafiya fənlərində bizdə olduğu kimi, Almaniya, Fransa, İngiltərəni tədris etmirlər. Onları “Avropa Birliyi ölkələri” kimi tədris edirlər. Şagirdlər də Avropa Birliyi ölkələri olaraq həmin ölkələri və onların bir-biri ilə siyasi qonşuluq münasibətlərini bilirlər. Bununla da vaxta qanaət olunur. Bu cür yanaşma ilə tədris yükünü azaltmaq olar”. 

Xatirə Nəsirova 
Cebhe.info


Oxunma sayı: 556