Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Nazirlər Azərbaycan-Rusiya iqtisadi əlaqələrini müzakirə edib



İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının İqtisadi inkişaf naziri Maksim Oreşkinlə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumata görə, Azərbaycan və Rusiya tərəfindən bir sıra dövlət qurumlarının rəhbər şəxslərinin də iştirak etdiyi görüşdə Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin strateji səviyyədə olduğunu, iqtisadi-ticarət sahəsi də daxil olmaqla bütün sahələrdə inkişaf etdiyini vurğulayıb.

Qeyd edilib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 22% artıb. Ticarət əlaqələrinin artım dinamikası 2018-ci ilin I rübündə də davam edib və bu dövrdə ölkələrimiz arasında ticarət dövriyyəsi 32%, Azərbaycanın Rusiyaya ixracı isə 50%-dək artıb. Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə Rusiya birinci yerdədir. Təsadüfi deyildir ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi məhz Rusiya Federasiyasında yaradılıb.

2017-ci ildə Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması Rusiya ilə Azərbaycan arasında ticarət əlaqələrinin genişlənməsində mühüm addımdır. Azərbaycan şirkətləri Rusiyada keçirilmiş “Worldfood Moscow” və “Prodexpo” sərgilərində vahid ölkə stendi ilə təmsil olunub, bu ölkəyə ixrac missiyası təşkil edilib, “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə “Rossiya 24” kanalında Azərbaycan meyvələrinə və meyvə şirələrinə dair video çarxlar nümayiş olunub.

Nazir Şahin Mustafayev qarşıdakı 5 ildə istehsal ediləcək yerli məhsullara dair Rusiya tərəfinə məlumat təqdim edildiyini və ölkəmizin yaxın 5 ildə Rusiyaya ixracının 3 dəfə artırılmasının hədəf olduğunu bildirib. Qeyd edilib ki, Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 mlrd. ABŞ dollarından çox, Rusiya isə Azərbaycan iqtisadiyyatına 4 mlrd. ABŞ dollarına yaxın investisiya yatırıb.

Pirallahı Sənaye Parkında yaradılan Azərbaycan-Rusiya birgə əczaçılıq müəssisəsi də ölkələrimiz arasında əməkdaşlığın önəmli istiqamətlərindəndir. 2018-ci ilin sonunda əczaçılıq zavodunda qablaşdırma xəttinin istifadəyə verilməsi nəzərdə tutulur. Bundan başqa, Hacıqabul Sənaye Məhəlləsində kiçik tonnajlı “QAZ” avtomobillərinin yığılması barədə razılıq əldə edilib. Hazırda Samur çayı üzərində yeni körpünün tikintisi uğurla davam edir və tikinti işlərinin 2019-cu ildə başa çatdırılması nəzərdə tutulur. 

Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı məlumat verən nazir Mustafayev Azərbaycanın bu dəhlizin yaradılmasına böyük töhfə verdiyini, artıq dəhlizin Azərbaycan hissəsində işlərin başa çatdığını, Rəşt-Astara hissəsinin maliyyələşdirilməsində ölkəmizin iştirak edəcəyini vurğulayıb. Bildirilib ki, hazırda dəhlizin İran hissəsində terminalın yaradılması işləri aparılır.

M. Oreşkin Azərbaycan və Rusiyanın strateji tərəfdaşlar olduğunu, Azərbaycan və Rusiya prezidentlərinin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsinə böyük önəm verdiklərini vurğulayıb. Qeyd olunub ki, iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün böyük potensial var. Maksim Oreşkin yaxın bir neçə ildə Azərbaycan məhsullarının Rusiyaya ixracının bir neçə dəfə artırılacağına əminliyini bildirib və bunun üçün müvafiq imkanların olduğunu qeyd edərək əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.

Görüşdə ticarət əlaqələrinin genişləndirilməsinə, gömrük-sərhəd prosedurlarının sadələşdirilməsinə, Azərbaycan-Rusiya sərhədində aksiz-gömrük postunun yaradılmasına, Sumqayıt Texnologiyalar Parkında neft maşınqayırmasının təşkilinə, Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan, Rusiya və İran arasındakı əməkdaşlığın genişləndirilməsinə, Azərbaycan məhsullarının Rusiyaya ixracının artırılmasına, kənd təsərrüfatı, vergi, maliyyə, turizm, təhsil və s. sahələrdə əlaqələrin genişlənməsinə dair müzakirələr aparılıb.

Görüş çərçivəsində Azərbaycanın “Şahdağ” Turizm Mərkəzi ilə Rusiyanın “Şimali Qafqaz kurortları” ASC arasında əməkdaşlığa və təcrübə mübadiləsinə dair Saziş, həmçinin Rusiyanın “QAZ” ASC və Azərbaycanın “Azərmaş” ASC arasında kiçik tonnajlı avtomobillərin Azərbaycanda yığılmasına dair uzunmüddətli əməkdaşlıq haqqında Memorandum  imzalanıb.

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений