Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Nəfslə mübarizə ayı: 11 ayın sultanı Ramazan – MÜSAHİBƏ



Bu gün  müqəddəs Ramazan ayı başlanır.

Cebhe.info şərqşünas, Qarabağ Seyid Ocaqlarının rəhbəri Seyid Camal Əzimbəylinin müsahibəsini təqdim edir. 

-Seyid Camal, orucluğun fəlsəfəsi nədən ibarətdir?

- Qurani Kərimdə Uca Allahın bizə buyurduqlarına görə, Ramazan ayında müqəddəs Qurani-Kərim nazil olub. Bu ayda savablar ikiqat artar, günahlar insanların əməl dəftərindən silinər. Ramazan həm də tövbə, bağışlanma şansıdır, sevgili peyğəmbərin özünün dediyi kimi cəhənnəmdən xilas olmaq üçün bir qapıdır. İbadət edən qulun günahların bağışlanması üçün Ramazan bir vəsilədir. Sevgili peyğəmbərimizin buyurduğu kimi, hər kəs gündüzlər oruc tutub, gecənin bir hissəsini ibadətlə keçirər və özünü günahlardan qoruyarsa, Allah-tala onun bütün günahlarını silər və anadan yeni doğulmuş bir körpə kimi olar. Ramazan ayı həm də zənginlər üçün bir fürsətdir, ibadət etməyən, amma zəngin olanlar öz mallarından fəqirlərə verməklə bu aydan vəsilələrini ala bilərlər. 

- Orucu digər ibadətlərdən fərqləndirən mühüm fərq nədir? 
- Oruc ibadətinin üstünlüyü ondan ibarətdir ki, oruc nəfsin tərbiyəsi üçün böyük qalxandır. Bir gün oruc tutan şəxs ac qalan adamların halını yaşamış olur. Həmin şəxs nəfsinə qalib gəlməklə ruhi azadlığının təminatını almış olur. Hətta mələk dərəcəsinə yüksələ bilir. Namaz da üstün ibadətdir. Amma zahirən namaz qılan şəxs daxildə küfr bəsləyə bilər. Oruc tutan şəxs isə özünü ilahi ziyafətə hazırlayır. Bu onun mənən saflaşmasına gətirib çıxarır.

- Oruc tutmağın başlıca qaydaları nədir? 
- Orucu elə tutmaq lazımdır ki, həmin şəxs şeytanın üzünü qaralda bilsin. Niyyətin axşamdan edilməsi daha yaxşı olar. Ümumiyyətlə, insan bir ayın orucunun niyyətini öncədən etsə, yaxşıdır. Tövsiyyə edərdim ki, imsakı sübh namazından 10-15 dəqiqə öncədən bitirsinlər ki, rahatlıq olsun. İftara qədər insanlarımız savab əməllərdə yarışsınlar, qeybət etməsinlər, qul haqqına girməsinlər, zənn etməsinlər, Quran oxusunlar, Azərbaycan dilində dualar oxusunlar. Ramazan ayında hər oruc tutan şəxs bir fəqiri sevindirsin, bir şəhid, bir qazisi ailəsinə gedib, heç nə aparmasalar belə, biz sizə borcluyuq-desinlər. Millətin, dövlətin varlığı, birlik və bərabərliyimiz üçün dualar etsinlər. İmkansızları sındırmadan, onlara yardım etsinlər. Bütün yaradılmışları sevmək, islamın bizə israrla tövsiyyə etdiyi əməllərdəndir.

-Bəzi insanların sübh tezdən oyanmaq kimi problemləri var. İmsaksız oruc tutmaq olarmı?
-Sevgili peyğəmbərimiz özü buyurur ki, sahurda bərəkət var. Can Allahın əmanətidir. Cana qəsd etmək ən böyük günahlardan biridir. Əgər kimsə axşamdan niyyətini edir və sabah yatıb qalırsa, o günah sayılmaz. Amma obaşdan durub sevərək imsak etmək, həm də ilahi ziyafətə durmaq deməkdir. Tövsiyyə edərdim ki, ilahi ziyafətə sayğısızlıq göstərməyək.

-Namaz qılmayan insanlar da oruc tutur. Orucluqda namaz qılmaq şərtdirmi?
-Namaz təbii ki, Allah dərgahında qəbul olunacaq birinci hökmdür. Amma insan zahirdə namaz qılır, daxildə küfr edirsə, belə namaz heç vaxt qəbul edilməz. Biri var insan namaz qılmır və oruc da tutmur, biri də var ki, namaz qılmır, amma oruc tutur. İnşallah, qəbul olunar. Mən islam qaydaları ilə silahlanmış elm adamı kimi deyirəm - bir gün oruc tutan, bir gün də namaz qılar. Biri var bir günah edilə, biri də var günahın üstünə biri də gələ. Rəbbimizin xəzinəsi o qədər böyükdür, ordan hər kəsə pay düşər. Bu fürsəti əldən vermək xoş deyil

- Hansı əməllər orucluğu batil edir?
-  Qəsdən gölə, dənizə getmək yolverilməzdir. Amma baş yumaq, çimmək orucu batil etməz. İnsan nəfsin tələb etdiyi hisslərdən uzaq olmalıdır. Oruc tutan adam orucun ədəbinə əməl etməlidir. 

- Bir məqam mübahisə doğurur. Bəzən oruc tutan adam çaşıb, ağzına  nəsə atır. Bu orucu batil edir?
- Əgər insan oruclu olduğu zaman qəsdən yemək yeyərsə, bu orucu batil edir və bunun kəffarəsi çox ağırdır. Bu zaman insanın insanın 60 gün oruc tutması və həmin günlərdə daha bir oruclunu doyuzdurması lazımdır. Amma bilməyərəkdən nəsə yeyərsə, bu orucu batil etməz. Çünki, bu ay özü bağışlanma ayıdır.

Xatirə Nəsirova

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений