Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Neft daha pul qazandırmayacaq - GÖZLƏNTİ



“2018-ci ildə Azərbaycanda iqtisadi artım 1,7 faizə, 2019-cu ildə isə 2 faizə yüksələcək”. Bu barədə Asiya İnkişaf Bankının (AİB) “Asiya İnkişaf Proqnozu 2018” adlı hesabatında qeyd olunub. Hesabat müəllifləri qeyd edir ki, proqnozlara əsasən, 2018-2019-cu illərdə Azərbaycanda inflyasiya müvafiq olaraq 7 faiz və 8 faiz təşkil edəcək. 

“Yüksək neft qiymətləri, xidmətlər və kənd təsərrüfatından əldə olunan gəlirlər sayəsində 2017-ci ildə Azərbaycanda iqtisadi vəziyyət sabitləşib. Bununla yanaşı, tədiyyə balansında da profisit qeydə alınıb. Neft qiymətlərinin növbəti dəfə aşağı düşəcəyi təqdirdə 2018-ci ildə sənaye istehsalının 0,5 faiz azalacağı proqnozlaşdırılır. Buna baxmayaraq, ilin ikinci yarısında “Şahdəniz-2” layihəsinin istismara verilməsi ilə qaz hasilatının 3 faiz artacağı gözlənilir. Dövlət investisiyalarının, infrastruktur və mənzil tikintisinin artması nəticəsində 2018-ci ildə tikinti sektoru 6 faiz, 2019-cu ildə isə 3 faiz böyüyəcək. Eyni zamanda, yüksək gəlirlər və milli valyutanın sabitliyi həm 2018, həm də 2019-cu ildə fərdi istehlak həcminin artmasına səbəb olacaq. Qaz hasilatının artması 2019-cu ildə xalis ixracı da genişləndirəcək".

 AİB “Şahdəniz-2” layihəsinin istifadəyə verilməsi, neft qiymətlərinin 60 dollardan yuxarı olması səbəbindən tədiyyə balansının profisitinin 2018-ci ildə ÜDM-in 6,9 faizinə, 2019-cu ildə isə 6,2 faizinə bərabər olacağını proqnozlaşdırır: “İdxal əməliyyatlarının bu il 6 faiz azalacağı, ixracın isə 13 faiz artacağı gözlənilir”.

Maraqlıdır, mövcud vəziyyətdə əhalinin real gəlirləri, o cümlədən, əmək haqqının artım tempi, inflyasiya faizi iqtisadi artımın yüksəlməsinə imkan verirmi?

“Cümhuriyət” qəzetinə açıqlama verən iqtisadçı-ekspert Nazim Bəydəmirli bildirib ki, beynəlxalq maliyyə qurumları, Valyuta Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı, o cümlədən, Avropa Yenidənqurma və İnkişaf Bankı iqtisadi artımla bağlı proqnozlar verərkən çalışırlar ki, əsasən hökumətin təqdim etdiyi iqtisadi artıma uyğun fikir söyləsinlər: “Təcrübə onu göstərir ki, ildə bir neçə dəfə həmin proqnozlar dəyişdirilir. Son illərdə Azərbaycanın əsas iqtisadi artımı neft hasilatının və neftin qiymətinin artması ilə bağlı olduğundan, bəzi illərdə ikirəqəmli iqtisadi artımlar müşahidə olunurdu. Son dövrlərdə iqtisadi artım dinamikasının azalması müşahidə olunur. Bu isə neftin qiyməti ilə bağlıdır. Hökumət 2019-ci ildə ümum daxili məhsulun (ÜDM) artımını 2.6 faiz proqnozlaşdırır. 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında qeyd edilib ki, bu il ölkədə ÜDM-in real ifadədə artımı 1,5 faiz olmaqla 69,4 milyard manat təşkil edəcək. Qeyri-neft sektorunda ÜDM real ifadədə 2,9 faiz artaraq 47,6 milyard manat olacağı proqnozlaşdırılır. Bunların hamısı neftin qiyməti ilə bağlıdır. Hazırda neftin qiyməti 72 dollardır. Əslində 2018-ci ildə neftin yuxarı qiymətinə söykənərək belə artım proqnozlaşdırılır”.

İqtisadçı hesab edir ki, regional müharibələr başlasa, Avropa ölkələri və ABŞ alternativ enerjiyə keçidin daha da sürətlənməsini təmin edərlər: “2025-ci ildən Avropada, eləcə də dünyada elektrik avtomobillərinin sayının çoxalması və digər faktlar onu göstərir ki, xammala söykənən iqtisadiyyatların iqtisadi artımında problemlər olacaq. Buna görə də hesab edirəm ki, hökumət ixracı stimullaşdırmaq üçün daxildə olan iqtisadi fəallığı artırmalıdır. İş yerlərinin açılması və real sahibkarlara dəstək olması üçün daha çox tədbirlər görməlidir. Ancaq çox təəssüf ki, Azərbaycanda olan inhisarçılıq, korrupsiya və rüşvətxorluq ölkənin imkanlarını məhdudlaşdırır. Ümid edək ki, son prezident seçkisindən sonra kadr islahatları da daxil olmaqla ciddi islahatlar olacaq. Bu, Azərbaycan iqtisadiyyatının ayaqda saxlanmasına şərait yarada bilər”.

Y. Oqtayqızı

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений