Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Neft qiymətləri qırmızı xətti keçir: TƏLATÜM



Səudiyyə Ərəbistanı, ABŞ-ın təzyiqi ilə müttəfiqlərinin İrandan neft alışını dayandırdıqları təqdirdə qiymətlərin 100 dollara qalxa biləcəyi barədə xəbərdarlıq edib.

Yüksələn qiymətlərə görə ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına hasilatı artırması üçün təzyiq göstərir. Neft istehsal edən ölkələrin hasilatlarını artırmaları imkanları da məhduddur. Ekspertlər hesab edir ki, tələbin ödənilməməsi qiymətlərin daha da yüksəlməsilə nəticələnə bilər.

Digər tərəfdən, ABŞ-ın neft sənayesinin mənzərəsi və qısa dövr xam neft hasilatı haqqında göstərici kimi qəbul edilən neft qazma qurğularının sayı ötən həftə də artım göstərib. “Baker Hughes”ın açıqladığı məlumatlara görə, neft qazma qurğularının sayı artaraq 863-ə çatıb. Bu artım neft qiymətlərinin müvəqqəti düşməsilə nəticələnib və bazar ertəsi neft qiymətləri yenidən yüksəlir.

“ICE Futures Europe”ın məlumatlarına görə, hedc fondları Brent neftinin düşəcəyi gözləntiləri ilə açdıqları mövqe (qısa mövqe) sayını beş həftə ardıcıl azaldıblar. Kanada, Liviya və Venesuelada hasilatın azalması müşahidə olunur. Bu azalma Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və tərəfdaşlarının artırdıqları hasilatı bağlayır.

İyulun 10-na olan məlumata görə dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,14 dollar bahalaşaraq 79,44 dollar olub.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,44 dollar artaraq 78,51 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,43 dollar bahalaşaraq 74,28 dollar olub.

“Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban “Cümhuriyət” qəzetinə bildirib ki, iyunun 22-də Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) Vyanada keçirilən 174-cü iclasında gündəlik neft hasilatının həcminin 1 milyon barel artırılmasına qərar verib: “OPEC hasilat kvotasını artırdığı təqdirdə tələbatın yüksəlməsi məsələsi o qədər də ağlabatan deyil. 1 milyon barel İran neftinin ixracı dayanıb, OPEC də 1 milyon barel hasilat kvotasını artırıb. Bu, balans yaradır. Görünən odur ki, il sonuna qədər tələbat artaraq 1.2 milyon barel olacaq. Hazırda ABŞ-da, Qazaxıstanda, Rusiyada hasilat həcmləri artır. Digər tərəfdən, Venesuelada keçən il olduğu kimi bu il də hasilat həcmləri azalıb. O cümlədən, Liviyada neftin artıma doğru tendensiyası müşahidə olunur. Artan və azalan neft həcmləri böyük bir təlatümə səbəb olmayıb. Hesab edirəm ki, bütün bunların hamısı spekulyasiyadır, reallıq deyil. Bu, süni sürətdə neftin qiymətinin qızışdırılması deməkdir”.

Analitik hesab edir ki, ABŞ İran neftinin dünya bazarına çıxmasının qarşısını ala biləcək: “OPEC-in hesabatına nəzər salsaq görərik ki, may ayında İranın ixracı 300 min barel azalıb. Artıq “Total” İran bazarını tərk edib. İranın bazarlarında pul perspektivdədir, reallıqda isə şirkətlər dünya bazarlarını seçirlər. OPEC-in hasilat kvotasını artırmaqda məqsədi, bazardan çıxan İran neftinin yerini doldurmaqdır. Sadəcə, bunu dilə gətirmədilər”.

Yeganə Oqtayqızı

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений