Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Neftin ucuzlaşması üçün tarix verildi: Qazanc çox olacaq, yoxsa itki?



BP neftin ucuzlaşacağı tarixi açıqlayıb.

“Reuters” xəbər verir ki, BP Qrupunun baş icraçı direktoru Bob Dadli deyib ki, 2030-cu ilin sonuna kimi neftə olan tələbat son həddə çatacaq və tədricən qiyməti düşməyə başlayacaq: “2014-cü ilin sonundan etibarən neftin qiyməti ən yüksək həddə çataraq 1 bareli üçün 80 dollar təşkil edib. BP neftin 1 barelinin qiymətinin 50-65 dollar civarında olacağı fərziyyəsi üzərində işləyir”.

Şirkət rəhbəri onu da qeyd edib ki, BP hazırda az kapital, vaxt və inşa tələb edən mərhələli inkişaf yolu seçib: "Bu isə neftin qiymətinin qeyri-müəyyənlik dövründə ona nəzarəti asanlaşdırır. BP-nin neft və qaz hasilatı növbəti 10 illiyin sonuna kimi yenidən sutka ərzində 4 milyon barelə çatacaq”. Qeyd edək ki, BP ən aşağı istehsal xərclərinə malik olan Azərbaycan, Oman, Rusiya kimi neft hasil edən ölkələrlə əməkdaşlıq edir.

Maraqlıdır, neftin ucuzlaşmasına dair verilən proqnozlar özünü doğruldacaqmı?

Neft məsələləri üzrə ekspert Zəfər Vəliyev “Cümhuriyət” qəzetinə bildirib ki, 2014-cü ilin ikinci yarısından başlayaraq qlobal neft bazarlarında qiymətlərin kəskin şəkildə aşağı düşməsinin bir neçə səbəbi olub: “Birinci, tələbatdan artıq neft həcmlərinin bazarlara daxil olması, ikinci, inkişaf etmiş ölkələrin enerjiyə qənaət üzrə proqramın ilk mərhələsinin başa çatması, üçüncü səbəb isə dünya avtomobil parklarına artan dinamika üzrə daxil olan elektromobil maşınlar olub. Neft, qaz və daş kömürün tükənən mənbələr olduğunu nəzərə alaraq, artıq illərdir alternativ enerji mənbələrinin inkişafı ilə bağlı hər bir dövlət öz imkanları çərçivəsində proqramlar həyata keçirir”.

Ekspert onu da qeyd edib ki, hazırda dünyanın enerji balansında alternativ və bərpa olunan energetikanın xüsusi çəkisi yüksək olmasa da, perspektivdə yüksələn xətt üzrə davam edəcək: “Məsələn, Çin və Hindistan neft idxalına görə öndə gedən ölkələrdir. Çinin gündəlik neft idxalı hazırda 9,5 milyon barel, Hindistanın isə gündəlik neft idxalı 4,3 milyon bareldən çoxdur. Bu kimi ölkələrdə alternativ və bərpa olunan energetikanın inkişafı davam edəcəksə, 10-15 ildən sonra neftə olan tələbat kəskin şəkildə aşağı düşəcək”.

Zəfər Vəliyev hesab edir ki, analoji fikri Avropa ölkələrinə də şamil etmək olar: “Verilən proqnozlara görə 2040-cı ildə dünya üzrə 320 milyon elektromobil istehsal ediləcək. Belə olan təqdirdə neft bazarlarında kəskin profisit müşahidə ediləcək. Hazırda Tesla , Chevrolet Bolt kimi brend şirkətlər elektromobil istehsalını və satışını durmadan artırırlar. Paralel olaraq Ford, Volkswagen və Honda kimi dünyanın aparıcı avtomobil şirkətləri qarşıdakı illərdə elektromobil istehsalını durmadan artıracaqlarını bəyan edirlər. Bu təşəbbüs Avropada geniş dəstək qazanıb. Fransa, Almaniya və ABŞ kimi iqtisadi gücləri qarşıdakı illərdə mərhələli şəkildə ənənəvi yanacaqla işləyən nəqliyyat vasitələrindən imtina edəcəklər. Belə olan halda neftə olan tələbat aşağı düşməklə yanaşı, həm də onun qiyməti təhdid altına düşəcək”.

Yeganə Oqtayqızı

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений