Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Oliqarxlar üçüncü sektoru buxovlayır- MÜSAHİBƏ



Murad Həmidov: “Vətəndaş cəmiyyətinin güclü olması şəffaf idarəetməni, ictimai nəzarəti şərtləndirir”

Azərbaycan İnsan Hüquq və Azadlıqlarının Müdafiəsi Komitəsi sədrinin müavini Murad Həmidov “Cümhuriyət” qəzetinə müsahibəsində vətəndaş cəmiyyətinin problemlərindən daaışıb.

-Murad bəy, ümumiyyətə Qeyri-Hökumət Təşkilatlarının mahiyyətini necə dəyərləndirirsiniz? 

- Əslində sual bəsit görünsə də, kifayət qədər düşündürücü və mənalı sualdır. Çünki, bəzi hallarda hökumət strukturunun aparıcı nümayəndələri,  bəzi hallarda isə qeyri-hökumət təşkilatının nümayəndələri özləri də bu sektorun mahiyyəti, funksiyası və cəmiyyətə töhfəsi barəsində düzgün məlumatlı deyillər. Hələ mən onu demirəm ki, bir çox insanlar QHT-ləri qeyri-qanuni işləyən struktur kimi xarakterizə edirlər. Azərbaycanda özəllik isə bundan ibarətdir ki, son dövrlər bu sektora müxalifət kimi yanaşma mövcuddur. Bunun məqsədli və ya anlaşılmazlığına varmadan demək istəyirəm ki, bu məfhumun əsl mahiyyəti “vətəndaş cəmiyyəti” birləşməsində ifadə olunur. Baxmayaraq ki, vətəndaş cəmiyyəti daha geniş anlayışdır. Qeyri-Hökumət ifadəsi isə məhz bu sektorun ictimaiyyətə hökumət strukturlarından fərqli, alternativ xidmət təqdim etməsindən yararlanır. Bu mənada cəmiyyətdə qeyri-hökumət təşkilatlarını hökumət, kommersiya sektorundan sonra məhz üçüncü sektor adlandırılırlar. Əhəmiyyətinə gəlincə deyə bilərəm ki, vətəndaş cəmiyyəti güclü olan toplumlar məhz güclü ölkələrdir. Həmin cəmiyyətlərdə insanlar savadlı, o cümlədən, öz haqlarını qorumaq potensialında olurlar.

-Bəs praktiki anlamda QHT-lərin nə kimi özəllikləri var? 

- Vaxtilə insanlar sadə yaşayırdılar. Zaman keçdikcə ədalət yaratmaq, münasibətləri tənzimləmək üçün siyasi hakimiyyət-dövlət və hüquq sistemi yarandı. Bundan sonra hakimiyyətlə vətəndaşlar arasında uçurum yarandı və hakimiyyətdə təmsil olunanlar daha çox öz mənafelərini müdafiə etməyə başladılar.Sonra elə bir mərhələ gəldi  ki, hakimiyyətə birbaşa çatmaq üçün vətəndaş cəmiyyəti yarandı. Seçki sistemi, mətbuat, digər demokratik dəyərlər yarandı. İnsanlar yerli özünüidarəetmə strukturu yaratdı. Bütün bunlar hakimiyyətin cəmiyyətin inkişafı üçün çalışmasına bir istiqamət verdi. Bu gün vətəndaş cəmiyyətinin güclü olması şəffaf idarəetmənin, ictimai nəzarətin olmasını şərtləndirir. Məsələnin digər tərəfi isə artıq hansı cəmiyyətdə qeyri-hökumət təşklatlarının necə fəaliyyət göstərməsidir.

-Nümayəndəsi olaraq Azərbaycanda bu sektorun vəziyyətini necə dəyərləndirirsiniz? 

- Azərbaycan müstəqil dövlət olduqdan sonra güclü vətəndaş cəmiyyəti formalaşdı və Azərbaycanda qeyri-hökumət təşkilatları cəmiyyətə yaxşı töhfələr verdilər. Lakin hökumətdə təmsil olunan, korrupsiyaya uğramış və sovet idarəetmə şüur tərzi ilə işləyən məmurlar var ki, onlar bu sektorun inkişafının qarşısını aldılar. Qanunlar dəyişdirildi və bu gün üçüncü sektor artıq məhv olmamaq üçün mübarizə aparır. Hesab edirəm ki, qanunlar dəyişməzsə, vətəndaş cəmiyyətinin inkişafı qeyri-mümkün olacaq və insanlar arasında münasibətlər hökumət-vətəndaş asılılıqları çərçivəsində cərəyan edəcəkdir.

“Cümhuriyət”

 







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений