Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Oliqarxların Putin planında MKİ izi



Rusiya oliqarxları ABŞ Maliyyə Nazirliyi və Dövlət Departamentinin nümayəndələri ilə gizli danışıqlara başlayıblar. Onlar Dövlət Departamentindən adlarının Rusiyanın rəhbər dairələrinə yaxın sanksiyalar siyahısına salınmamasını xahiş edib. Bu barədə informasiyanı “Blomberg” agentliyinə ABŞ xarici siyasət idarəsinin sabiq əməkdaşı Den Frid verib. “Rusların çoxu lobbiçilik ittihamlarından qaçmaq üçün gizli nümayəndələrini Vaşinqtona göndərib”-deyə Frid bildirb. 

Agentlik oliqarxların ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarından çəkinərək bu addımı atdığını bildirib. Vaşinqtonla danışıqlara başlayan şəxslərin xüsusilə, Rusiya prezidenti Vladimir Putinin yaxın ətrafından olduğu və onların Vaşinqtona bir sıra təkliflər verdikləri vurğulanıb.

Qeyd edək ki, Vladimir Putinə yaxınlığı ilə seçilən və Rusiya prezidentinin əmlakı adına qeydiyyatdan keçirilmiş 300 nəfər iş adamına ABŞ-ın tətbiq edəcəyi qadağaların siyahısı fevralın ilk günlərində açıqlanacaq. Bir sıra Rusiya oliqarxları isə vergi güzəştlərini əsas gətirərək öz biznesini Malta, Kipr Respublikası , İsrail, Monako, Böyük Britaniya kimi ölkələrə köçürür. İnvestor kimi son üç ildə Rusiyanı 730 iş adamı tərk edib. Onların arasında Arkadi Oloj, Boris Mints, Aleksandr Nesis kimi varlı şəxslərin və onların ailə üzvlərinin adları çəkilir. 

ABŞ hökuməti ilə qapalı danışıqlara gedən oliqarxların adlları hələlik açıqlanmır. Ancaq hazırda bütün sahələri hakimiyyətin nəzarəti altında olduğundan onların Putinə ciddi təsir göstərmək imkanları zəifdir. Kremlə siyasi təsir imkanları olan Xadarkovski və Berezovski kimi Qərb siyasi dairələrinə bağlı olan müstəqil milyarderlər isə Vladimir Putinin hakimiyyətinin ilk illərində ya həbs olunub, yaxud ölkəni tərk etmək məcburiyyətində qalıb. Hətta bəzi rus iş adamlarının artıq sanksiyalardan yayınmaq üçün xaricdəki aktivlərini satmağa başladığına dair məlumatlar var. Vaşinqton isə oliqarxlarla danışığa getməklə martın 18-də keçiriləcək prezident seçkilərində V.Putinin hakimiyyətdən uzaqlaşdırılmasına nail olmağa çalışır. Bu baxımdan, sanksiyalar artıq öz təsirini göstərməyə başlayıb. Birləşmiş Ştatlar oliqarxların əli ilə seçkilər ərəfəsində və ondan sonra kütləvi etiraz nümayişlərini, eləcə də siyasi dəstək verdiyi namizədin maliyyələşdirilməsini təşkil edə bilər. Məsələ burasındadır ki, seçkilərə çox az müddət qalmasına baxmayaraq, Qərb hər hansı müxalifət namizədinə konkret dəstək göstərməyib. Bu da Putinin rəqiblərinin hazırkı dövlət başçısı ilə müqayisədə qələbə şansının çox az olması ilə bağlıdır. 

Məsələni şərh edən politoloq Elşən Manafovun sözlərinə görə, baş verən hadisələrin arxasında ABŞ və Putin sistemindən kənardakı oliqarxları dayanır. Lakin ekspert bildirdi ki, aparılan danışıqlar Amerikanın Vladimir Putinin hakimiyyətdən kənarlaşdırılması istiqamətində ilk addımı deyil: “Hələ 2014-cü il avqustun 5-də “Amerika Təfəkkürü” adlı məşhur jurnalda ABŞ politoloqu Herbert Meyerin “Putinlə bağlı problemi necə həll etməli” adlı analitik məqaləsi dərc olunmuşdu. Sonradan məlum oldu ki, Meyer əslində, Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiya ilə bağlı məsul əməkdaşlarından biridir. Hələ o zaman Meyer Putinin hakimiyyətdən kənalaşdırılması üçün bir neçə yol təklif edirdi. Onlardan biri Putinin Yeltsin kimi hörmətlə yola salınaraq istefaya getməsi idi. Digər variant Rusiyaya qarşı sanksiyaları gücləndirmək, bu vəziyyətin oliqarxlarda xof yaratması və onların Putinin ətrafındakı bəzi məmurlarla iş birliyinə gedərək onu hakimiyyətdən uzaqlaşdırmasından ibarət idi. Hətta Mərkəzi Kəşfiyyat İdarəsi Putinə sui-qəsd və onun qətli ehtimalını gözdən keçirmişdi. Bu variantlar vaxtilə Venesuela, Kuba, İran liderinə münasibətdə də nəzərdən keçirilmişdi.

Qeyd etmək istərdim ki, həmin planlar Vladimir Putinin hakimiyyətdən kənarlaşdırılmasına xidmət edir. Buna səbəb Putinin məşhur Münhen bəyanatı olmuşdu. Prezident Putin bildirmişdi ki, Rusiya beynəlxalq münasibətlər sisteminə qayıdır və bundan sonra onunla hesablaşmaq lazım gələcək. Barak Obamanın prezidentliyi dövründə Putini hakimiyyətdən kənarlaşdırmağın bir neçə vasitəsi işə salınmışdı. Putin onlardan birini zərəsizləşdirə bildi. Söhbət “Rosneft”in o zamankı sahibi Xadarkovski ilə bağlı planlardan ibarət idi. Əvvəlki seçkilərdə “Zürafə” ləqəbli Lokopenkonun namizədliyini irəli sürməsi də ABŞ xüsusi xidmət orqanlarının planı idi. Bunu da həyata keçirmək mümkün olmadı. İndi seçkilərə iki ay qalıb və qısa müddətdən sonra Kremldə kimin oturacağı məlum olacaq. Qısa zaman kəsiyində Mərkəzi Kəşfiyyat İdarəsinin Putinin müəyən etdiyi sistemdən kənar oliqarxlarla işbirliynə gedərək Rusiyada hakimiyyət dəyişikliyinə nail ola bilsin. Artıq çox gecdir.

Qarşıdakı seçkilərdə Putinə alternativ ola biləcək güclü bir namizədi meydana çıxartmaq mümkün olmayacaq. Amma maraqlı məqam bundan ibarətdir ki, Rusiyadakı sistem müxaliəti gözlənilmədən maraqlı demarş etdilər və heç kimin tanımadığı bir namizədi irəli sürdülər. Qərbdəki siyasi müşahidəçilər özləri də etiraf edirlər ki, seçkilər demokratik keçirilərsə, Rusiya kommunistlərinin namizədi Pavel Qrudinin 30-33 faizə yaxın səs toplaya bilər. Nəticədə səsvermənin ikinci turunun keçirilməsinə ehtiyac yaranacaq. Qrudin vaxtilə Putinin yaxın adamlarından biri olub. Amma onun arxasında Qərbin dayandığını və ya kommunistlərin namizədinə dəstək verəcəyini düşünmürəm. Əgər seçkilərə 1-1,5 il qalsa idi və həmin oliqarxlar Amerikanın tətbiq etdiyi sanksiyalar nəticəsində Qərbin banklarındakı hesablarında nəyə isə nail ola bilərdi. İndiki şəraitdə bu real görünmür”. 

Politoloq onu da vurğuladı ki, Vladimir Putinə əsas rəqib kimi müxalifət liderlərindən biri Aleksey Navalnının adı çəkilsə də onun səsvermədə qalib gəlmək şansı yoxdur: “Navalnını qondarma korrupsiya ittihamları ilə seçki prosesindən uzaqlaşdıra bildilər. Hətta Navalnı Moskva meri vəzifəsinə seçkilərdə Sobyanin kimi nüfuzlu şəxsi üstələyə bildi. Onun bu siyasi uğuru Rusiya hakimiyyətində çaşqınlıq yaratdı. Hesab edirəm ki, ABŞ-la əlaqə yaradan oliqarxlar məhz Putinin özünü istəyən oliqarxlar tərəfindən təzyiqlərə məruz qalacaqlar. Düşünürəm ki, həmin oliqarxların Putini hakimiyyətdən kənarlaşdırmaq imkanları artıq arxada qalıb. Putini narazı elektoratın qəbul edəcəyi parlament partiyalarının dəstəyini artıq əldə edib”. 

Müşfiq Abdulla

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений