Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Oliqarxlıq yarışında uduzan məmurlar



Məmurun qısa zamanda oliqarxa çevrilməsi günümüzün əsas reallıqlarından biridir.Görünən odur ki, bəzi şəxslər vəzifəni məhz biznes imperiyasına gedən yolun başlanğıcı hesab edir.Bu xətt üzrə oliqarxa çevrilən məmurların sayı kifayət qədərdir. Ziya Məmmədov, Cahangir Hacıyev, Eldar Mahmudov, Fazil Məmmədov və digərləri oturduqları kreslolardan istifadə edib biznes imperiyası qurmağa nail olublar. Təbii ki, siyahını artırmaq mümkündür.Məsələnin maraqlı tərəfi isə ondadır ki, oliqarxa çevrilmiş məmurların biznes təcrübəsi məhz yüksək post tutandan sonraya təsadüf edir.Bu isə onu göstərir ki, həmin şəxslər müxtəlif yollarla qazanılan milyonları məhz “kreslo” hesabına təmin edib.

Təbii ki, yüksək post tutan zaman həmin şəxslər özlərini toxunulmaz hesab edir.Kreslodan “qoruyucu mələk” kimi yararlanırlar.Ancaq məlumdur ki, həmin şəxslər cəzasız qalmır.Müxtəlif yollarla əldə etdikləri milyonlar da gedir, tutduqları postlar da.Məsələn, Ziya Məmmədovun qurduğu biznes imperiyası bir anın içində dağıldı. Sahib olduğu “Garant holding”in baş ofisi belə sabiq nazirin əlindən alındı. Sahib olduğu hotellər, iri ticarət obyektləri də artıq Məmmədovun deyil. “Cəzasızlıq sindromu”  artıq yoxdur. Qanunsuz əməllərinə, biznes fəaliyyətinə görə gec də olsa, hər kəs bu və ya digər şəkildə cəzasını alır.

Məsələn, biznes dünyasında “Hafka” ləqəbi ilə tanınan Hafiz Məmmədov zamanında onun biznesini çökdürən Ziya Məmmədov haqqında geniş bir məlumat yayımlayıb.Məlumata diqqət yetirdikdə görünür ki, baş verənlər vəzifəsindən süi-istifadə edən nazirin “qanunsuz qazanc” əməliyyatıdır.Bu isə onu göstərir ki, bəzi məmurların var-dövlət hərisliyi bitmir.Qurduqları bünövrəsi sağlam olmayan biznes imperiyasını bu cür “əməliyyatlarla” daha da möhkəmləndirmək istəyirlər.Bunun üçünsə xüsusi əməliyyat ssenariləri hazırlayırlar.

Məlumdur ki, var-dövlət hərisi olan məmurlar gec-tez cəzalanır.Maraqlıdır, bu digərlərinə ibrət dərsi olurmu?Təəssüf ki, görünənlər bunu deməyə əsas vermir.Məsələn, Azərbaycan Beynəlxalq Bankı (ABB) ətrafında yaranan hadisələrdən sonra bankın sabiq rəhbəri Cahangir Hacıyev həbs olundu və onun yerinə Elmar Məmmədov gətirildi.Ancaq sonuncu da xələfinin işini davam etdirməyə çalışdı. Belə ki, Elmar Məmmədov bankın sağlamlaşdırılması üçün Dövlət Neft Fondundan ayrılan 1 milyard dolları əlavə gəlir əldə etmək üçün “qara bazar”a ötürdüyü ortaya çıxdı. Qeyd edək ki, həmin zaman hökumət “qara bazar” əməliyyatı keçirirdi və əməliyyat nəticəsində E.Məmmədovun qanunsuz fəaliyyəti ortya çıxdı.

Bu da onun vəzifədən kənarlaşdırılması ilə nəticələndi.Göründüyü kimi vəzifəsindən asılı olmayaraq hər kəs gec-tez cəzasını alır.Ancaq bu da digərlərinə ibrət dərsi olmur.Yeni oliqarxa çevrilmək istəyənlərin sayı artır.Vəzifənin, oturduqları “kreslonun” onlara oliqarxa çevrilmək üçün vasitə olmadığını, məmurun səlahiyyətlərinin xalqa xidmət olduğunu unudurlar.Bu da sonda onların əleyhinə işləyən amil olur.Elə adları qeyd olunan şəxslər kimi. Bir müddət əvvəl qılıncının dalı da, qabağı da kəsən sabiq nazirlər, bankirlər bu gün saman çöpündən asılı qalıblar. Biznes imperiyaları dağılıb və artıq onları hər kəs “sabiq” nazir, bankir, oliqarx kimi təqdim edir.Bu isə onlar üçün yəqin ki, ən böyük cəzadır.

Vilayət Muxtar

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений