Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ölkədə 100-ə yaxım elmi müəssisə var: Elmi nəticə isə yoxdur



Nazirlər Kabineti "Baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatların siyahısı”nı təsdiqləyib. Qeyd edək ki, dövlət elmi müəssisə və təşkilatlarının baza maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsində aidiyyəti dövlət qurumları üçün nəzərdə tutulmuş vəsaitlər, habelə qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata keçirilir. Belə ki, təsdiqlənən siyahıda baza maliyyələşdirilməsinin subyektləri olan elmi müəssisə və təşkilatlardan 59-u, Təhsil Nazirliyi üzrə isə 38-i yer alıb. Təbii ki, bu, kifayət qədər böyük rəqəmdir və müəssisələrin bir çoxu mahiyyətcə eynidir və eyni funksiyanı yerinə yetirirlər. 

Digər tərəfdən, sayı bu qədər çox olan elmi müəssisələrə və təşkilatlara dövlət maliyyə yardımı etsə də, hansısa elmi naliyyətə imza atıldığını da demək çətindir. Maraqlıdır, bu müəssisələri birləşdirmək və ya ixtisara salmaq mümkün deyilmi? Nəzərə alsaq ki, büdcə xərcləri ötən dövrlərə nisbətən daha çoxdur, bu qədər müəssisəyə vəsaitin ayrılması doğru yanaşmadırmı? 

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə şərhində deyib ki, hər hansı bir formada maliyyələşməni təmin etmək üçün ilk növbədə idarəetmə ilə bağlı olan baxış dəyişməlidir:

“Dünyanın hər yerində elm universitetlərin içindədir. Yəni, ayrıca elm yoxdur. Ayrıca elm müəssisələri alimlərin qeyri-formal, qeyr-hökumət birlikləri şəklində olur. Hansısa fiziklər, riyazıyyatçılar özləri bir dərnək kimi yaradır və elmi mübahisələr, elmi diskussiyalar və yaxud elmin hansısa predmetinə çevrirlər. Bizdə isə elm universitetlərdən ayrılıb. Ona görə də elmin iqtisadiyyata birbaşa aidiyyatı da yoxdur. Hər hansı bir formada elmlə məşğul olan müəssisədə elmi ixtiranın, yeni yanaşmanın iqtisadiyyata tətbiqini görmürük. Yəni, ilkin olaraq maliyyələşmədən öncə dünya təcrübəsinə, elmin universitetlərlə birləşməsinə getmək lazımdır. Elm müəssisələrinin, institutların ayrı-ayrılıqda yaradılmasının praqmatik nöqteyi- nəzərdən heç bir effekti olmur”. 

Ekspert hesab edir ki, bu müəssisələrin iqtisadiyyata heç bir qatqısı yoxdur:

“Bu sovetlər birliyinin gətirdiyi bir yanaşma idi ki, elm uiversitetlərdən ayrılsın. Bu gün də həmin yolla gedirik. Əslində problemin kökü də məhz bundadır. Əgər hər hansı bir idarəetmə, strukturla bağlı dəyişiklik olacaqsa, sadəcə, bundan sonra maliyyə ayrılmalarına getmək olar. Dünyada mövcud olan istənilən elm müəssisəsi dövlətdən ancaq sifariş alır. Məsələn, fizika ilə məşğul olan institut NASA-dan sifariş alır. Ya bir başqa dövlət qurumundan hansısa problemin həlli üçün sifarişlər qəbul edir. Və yaxud da yeni avadanlıqların tətbiqi üçün biznesdən təklif alır. 

Azərbaycanda bu yanaşmada axsaqlıq var. Ona görə də çoxlu sayda sovetdənqalma elm müəssisələri var ki, heç bir praktik əhəmiyyəti yoxdur. Praktikada ciddi bir işlə məşğul olmurlar. Amma dövlətdən maliyyə alırlar və ayrılan pulların necə xərcləndiyinə də heç kim nəzarət etmir. Bu doğru yanaşma deyil. Hesab edirəm ki, sovetdən qalma bu yanaşmanı artıq bir kənara atmaq lazımdır. 

Dünyanın tələbinə uyğun olaraq elmlə universitetləri birləşdirərək, universitetlərin tərkibində yaradılan elm müəssisələrinə maliyyə yardımı ayırmaq lazımdır. Bu sxemə keçsək, hesab edirəm ki, ayrılmış vəsaitin effektivliyini də görəcəyik”.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений