Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Ölkədə dərman tapılmır: Xəstələr zavod tikilənə qədər gözləməlidir



Son bir neçə aydır ki, apteklərdəki dərman qıtlığı problemi aradan qalxmır. Xəstələr aylarla onlara lazım olan dərman üçün ümidlənsələr də, həkimin yazdığı dərman preparatını tapmaqda çətinlik çəkirlər. Aylarla davam edən bu problemin həlli istiqamətində isə hər hansı addım atılmır. 
 
Tibbi üzrə fəlsəfə doktoru, dosent Aydın Əliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, bəzən biznesmenlərin məqsədli fəaliyyətləri bu prosesə rəvac verir. O, apteklərdə yaranan dərman qıtlığına səbəb olan digər amilləri də sadalayıb: 

“Ümumiyyətlə, həkimlər belə bir tövsiyə verməməlidir ki, yalnız bu dərman alınsın. Yalnız reanimasiya şəraitində belə bir tövsiyə verilə bilər. Bu gün həkimlərimiz də dərman biznesinin təsirinə düşüblər. Həkimlərin tərəfindən çıxış etmirəm, amma bəzən onlar əlacsız qaldıqlarından həmin dərmanların alınmasını tapşırırlar. Açığını desək, həkimlər də xəstələrdən asılı vəziyyətdədir”. 

A.Əliyev bu problemlərin aradan qaldırılması istiqamətində də fikirlərini bölüşüb: 

“Bu problemin aradan qaldırılması üçün daha çox planlı yanaşmalara ehtiyac var. Bölgələr üzrə araşdırmaq lazımdır ki, müxtəlif rayonlarda hansı xəstəliklər çoxdur və hansı dərmanlara daha çox tələbat var. Dərman qıtlığına səbəb olan digər amil isə Azərbaycanın özünün istehsalçı olmaması və biznes mühitindən asılılığıdır. Biz dərmanı xarici ölkələrdən alırıq. Dərmanların qiymətinin mütəmadi olaraq dəyişir”. 

A.Əliyev bildirib ki, Azərbaycan dərman istehsalçısı olduqdan sonra xüsusən də, ciddi xəstəliklər üçün ixtisaslaşan dərmanların istehsalı prioritet məsələ olacaq: 

“Düşünürəm ki, hökumət ağır xəstələr üçün nəzərdə tutulan dərman istehsalını diqqət mərkəzində saxlamalıdır. Ümumiyyətlə, səhiyyədəki problemləri aradan qaldırmaq üçün tibbi sığortanın tətbiqinə nəzarət lazımdır”. 

A.Əliyevin sözlərinə görə, biznesmenlər bilərəkdən də bu cür münasibətlərin yaradılmasında maraqlıdır: 

“Düşünürəm ki, biznesmenlər qazanc arxasınca qaçmasalar, daha keyfiyyətli dərmanlar gətirə bilərlər”. 

Nigar Məhərrəm 
Cebhe.info







© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений