Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Orqan köçürülməsindəki qaranlıq məqam: Azərbaycanda donorlar hardan tapılır?



Qan və qan komponentlərinin köçürülməsi hər il milyonlarla insanın həyatını xilas edir.

Azərbaycanda da bu problemə düçar olanlar az deyil. Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən Azərbaycanda son beş ildə ümumi olaraq 991 orqan və onun hissələrinin köçürülməsi əməliyyatı həyata keçirilib. Belə ki, ümumi orqan köçürülməsi əməliyyatlarının 70 faizini böyrək köçürülməsi təşkil edir. İkinci yerdə qaraciyər və onun seqmentlərinin köçürülməsi gəlir və onun payı 17 faizdir. Son beş ildə aparılan orqan köçürülməsi əməliyyatlarının 10 faizini isə sümük iliyi transplantasiyası tutur. Təbii ki, bütün bu əməliyyatlarda donor tələbi mütləqdir. 

Məlumat üçün bildirək ki, tibbdə bir nəfərin digər nəfərə öz qanının bir hissəsini və ya orqanlarından birini verən şəxs donor adlanır. Bütün dünyada orqan köçürülməsi əməliyyatları həyata keçirilir və qəfil ölən insanların orqanları donor gözləyən xəstələrə köçürülür. Sirr deyil ki, Azərbaycanda transplantasiya sahəsində orqan qıtlığı və donor çatışmazlığı var. Transplantasiyanın yalnız tibbi deyil, hüquqi və mənəvi problemləri var.

Azərbaycanda bu sahə yetərincə inkişaf etməyib. Düzdür, Azərbaycanda orqan transplantasiyasını həyata keçirən bir neçə klinika fəaliyyət göstərir. Amma ekspertlər hesab edir ki, aparılan əməliyyatların sayı yetərli deyil. Bundan əlavə orqan transplantasiyası əməliyyatlarında donor ilk yerlərdə dayanır. Amma bu günkü reallığa görə Azərbaycanda donor ehtiyatı məsələsində kifayət qədər problemlər var. Yəni hər hansı orqan köçürülməsi və yaxud riskli əməliyyatlarda ehtiyat donorlar mövcud deyil. Bu ehtiyatı yalnız xəstənin yaxın qohumları və ətrafından əldə etmək mümkün olur ki, bu da çox hallarda müəyyən problemlər yaradır. 

Ekspertlərin fikrincə, insan yalnız kliniki ölüm keçirdiyi zaman onun orqanlarını götürmək olar. Orqan köçürülməsi məsələsində diqqət edilməli bir neçə nüans var. Orqan kimdən köçürülə bilər? Orqan beyin ölümü keçirmiş, orqanları hələ salamat olan, özü nəfəs alan, amma həyata qaytarılması mümkün olmayan şəxslərdən köçürülə bilər. Bunu da tibbi komissiya araşdırır və bundan sonra həmin insandan orqan köçürülməsinə icazə verir.

Orqan köçürülməsi xəstənin himayədarı, atası, anası, qohumlarının razılığı olmadan həyata keçirilə bilməz. Orqanı köçürülə bilən adamlar, adətən, cavan adamlar olmalıdır. Avtomobil qəzası və ya üzləşdiyi hansısa qəza nəticəsində aldığı travmadan və ya digər patologiyadan beyin ölümü keçirmiş adam olmalıdır. Ən əsası nəzərə alınmalıdır ki, köçürülən orqan sağlam və salamat olmalıdır. 

Xatırladaq ki, Azərbaycanda xeyli müddət əvvəl “Donor haqqında” Qanun qəbul edilməsi təklif olunub. Amma bu məsələnin icrası hələ də açıq qalır. 

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda donor ehtiyatı yoxdur: “Bizim donorlar adətən xəstənin qohumlarından notarial şəkildə götürülür və xəstəyə köçürülür. Xəstənin qohumlarından köçürülməyən hissələrin məlum olmayan yerlərdən götürülmüş donor orqanları adətən kriminal və qeyri-qanunidir.

Bir dəfə Milli Təhlükəsizlik Nazirliyi bu məsələnin üstünə düşmüşdü və məsələ səngidi. Hazırda bütün bunlar notarial qaydada rəsmiləşdirilir və ondan sonra xəstəyə orqan nəqli həyata keçirilir. Rəqəmləri ortaya çıxaran Dövlət Statistika Komitəsi çox güman ki, mənbələri də araşdırıb. Şübhəsiz ki, bu xəstələrin qohumlarındandır”.

Ekspert onu da vurğulayıb ki, Azərbaycanda “Donor haqqında” Qanun olsa da, hələ ki icra olunmur: “Bu qanundan əvvəl bir sistem qurulmalıdır ki, Azərbaycanın istənilən yerində, guşəsində və ya rayonunda bir orqan tapılanda artıq siyahı üzrə həmin orqana ehtiyacı olan şəxsə onun köçürülməsi həyata keçsin. Məsələn, Bakıda gözləyən bir resipientə Zaqataladan donor orqanı götürülübsə, dərhal sistemlə bilinir ki, bunu gözləyən xəstə budur və həyata keçirilir. Bu bir sistemdir. Bu qurulmamış “Donor haqqında” qanun layihəsinin işlək mexanizmindən danışmağa dəyməz”.

Alçina Amilqızı

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений