Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Azərbaycan şəhərini kürd terrorundan qorumuş molla - Bulud Ələmdar Türkiyədən yazır



Keçən həftə Güney Azərbaycanın Urmu şəhərinin imam cüməsi Molla Qulamrza Həsəni vəfat etdi. Molla Həsəninin izdihamlı dəfn mərasimində on minlərlə insan iştirak etdi. Mərasimə Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu da qatılmışdı. Qeyd edək ki, Güney Azərbaycan Milli Oyanış Hərəkatı da güneyli soydaşlarımızı cənazə törəninə qatılmağa çağırmışdı.

Molla Həsənini Güney Azərbaycanda böyük hörməti var,  milli hərəkatın fəalları ona həmişə sayğı ilə yanaşıb.

Ancaq Milli Hərəkat daxilində Molla Həsəniyə şübhə ilə yanaşan az sayda fəal da var. Onlar Həsəninin fəalliyyətinin tənqid edirlər.  Həsəniyə olan tənqidlər nədən qaynaqlanır?

Tarixə ekskurs edək. 1979-cu ildə İranda İslam inqilabı baş verdi. Pəhləvilər sülaləsinin rəhbərlik etdiyi şah hakimiyyəti devrildi. O zaman iki kürd təşkilatı “Komele” və Demokratlar kürd bölgələrində silahlı hücumlar təşkil etdilər. Xomeyninin İrana gəlişindən sonra kürd silahlı dəstələri Soyuqbulağı (Mahabad) tutdular. Orduya aid taboru ələ keçirən kürdlər silah anbarını qarət edib qəniməti hərbi dəstələrə payladılar. Kürdlər 20 min silahlı ilə Sulduza yola düşdülər. Sulduzun əhalisinin 90 faizi Azərbaycan türküdür. Çoxu da Qarapapaq tayfasındandır. Sulduz əhalisi, ağsaqqallar baş verən hadisələrlə bağlı Kürdüstan Demokrat Partiyasına zəng etsə də,  terrorçular dayanmırdı.

Şəhərdə azlıqda qalan kürd icmasının mollası Molla Salih də açıq aşkar etnik qızışdırıcı mövqedən çıxış edirdi. Deyirdi ki, türklər və şiələr şəhəri tərk etməlidirlər. Sulduz əhalisi Qalabaşı meydanına toplanaraq müqavimətə çağırırdı. Amma terrorçuların sayı çox idi. Terrorçular ələ keçənlər güllələyib öldürür, qadına, uşağa rəhm etmirdilər. Şəhər tamamilə ələ keçərdisə qırğının miqyası çox olacaqdı. Sulduz 3 gün müqavimət göstərir, 1 nəfər belə Azərbaycan türkü qaçmır. Varlı sulduzlular silah alıb şəhərə gətirirdilər. Yüzlərlə insan, qadın, uşaq, gənc həlak olsa da, şəhər təslim olmur. Silahlı qarşıdurmanın üçüncü günü Urmu şəhərinin imam cüməsi Molla Qulamrza Həsəni radio ilə çıxış edir. O, xalqı terrorçulara qarşı mübarizəyə çağırır. Həsəni terrorçuları Sulduzdan qovmağa səsləyir. Urmuda yaratdığı  könüllülərdən ibarət silahlı dəstə ilə Sulduza köməyə gəlir.

Molla Həsəni Sulduz camaatına silah göndərir. 3 günlük mübarizədən sonra kürd terrorçular Sulduzdan qovulur. Sulduz əhalisi soyqırımdan xilas olur. Təəsssüf ki, Sulduz hadisələri zamanı bəzi üzdəniraq azərbaycanlılar da kürd terrorçularının yanında yer almışdı. Bu gün Molla Həsəniyə nifrət edənlər də solçular və kommunistlərdi. Onlar hesab edir ki, din xadimi olduğu üçün Moll Həsəni molla rejiminin adamıdır və milli fəallar ona nifrət etməlidir. Ancaq reallıq budur ki, Molla Həsəni Sulduz şəhərinin əhalisini faktiki olaraq qətliamdan xilas edib. Dar gündə Sulduz şəhərinə yardıma gəlib, azərbaycanlıları bu şəhərə yardım etməyə səsləyib. Molla Həsəni vəfat etdi, Azərbaycan türkləri də bu insana ehtiram göstərdi, dəfn mərasiminə qatıldı. Belə bir gündə millətinə xidmət etmiş bir insana qarşı kin püskürmək doğru bir yanaşma deyil. Azərbaycan türkləri qədirbilən xalqdır və ona xidmət etmiş heç kimi unutmur.

Bulud Ələmdar








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений