Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

25 ildir bitməyən Elçibəy düşmənçiliyi: Müsavatçılar sabiq prezidenti niyə təhqir edir?



“Yanımda saxlayıram ki, gözümün qabağında olsun” (Elçibəy)

Milli Azadlıq Hərəkatının mərhum lideri, Azərbaycanın demokratik yolla seçilmiş prezidenti Əbülfəz Elçibəyə qarşı qərəz və düşmənçilik davam edir. Adətən, Əbülfəz Elçibəyə qarşı ya keçmiş prezident Ayaz Mütəllibovun tərəfdarları, ya İranpərəstlər, ya rusiyalı qüvvələr, ya da Əli Kərimlinin yandaşları hücum edər, bəyi nüfuzdan salmağa çalışardılar. Elçibəyi daha çox “aşırı millətçilikdə”, “İrana, Rusiyaya qarşı şüarlar səsləndirməkdə” suçlandırardılar. “Yurd”çular üçün fərqi yox idi, Bəyin bir sözünün başına ip salıb fırladar, ona qarşı qara piara çevirərdilər. 

Elçibəyə qarşı tənqidlər daha çox müəyəyn tarixlərdə səslənir. 2 aprel Kəlbəcərin işğalı günündə, 4 iyun Gəncə qiyamının və 17 iyunda Bəyin Kələkiyə getdiyi günün ildönümündə. İnsafən İranlılar, Rusiyapərəstlər, mütəllibovçular, keçmiş kommunist tör-töküntüləri Elçibəyi bütün mövsümlərdə “diqqətdən kənarda” qoymur, daim tənqid edirlər. Və bu adama o qədər də qəribə gəlimir. Çünki adamlar rəqibdirlər, onlardan Elçibəyin ünvanına xoş söz gözləmək özü sadəlövlük olardı. Ancaq Elçibəyi fürsət düşən kimi hədəfə alan “Yurd” və Müsavat fəallarına bəraət vermək mümkün deyil. Builki 4 iyun günlərində mərhum prezident daha çox elə öz silahdaşları: müsavatçılar və “yurd”çular tərəfindən “tənqid atəşinə” tutuldu. Bu adamların Elçibəyi “qətiyyətsizlikdə”, “cəsarətsizlikdə” suçlandırması yumşaq desək, naxələflikdir. 1993-cü ilin 4 iyununda Elçibəy hakimiyyətinə qarşı Rusiyanın dəstək verdiyi polkovnik Surət Hüseynov qiyam qaldırıb. Qiyamın qarşısını almaq mümkün olmayıb. Daha doğrusu, Elçibəyin komandasında olanların bacarıqsızlığından qiyam baş tutub. Nəticədə Elçibəyin rəhbərlik etdiyi komanda hakimiyyətdən devrilib. Balıq hafizəli insanların yadına salırıq ki, o zaman Elçibəy hakimiyyədə tək deyildi. Müsavatın bugünkü lideri İsa Qəmbər Milli Məclisin sədri, Pənah Hüseyn baş nazir, “Yurd” lideri Əli Kərimli dövlət katibi, Müsavat başqanı Arif Hacılı Prezidentin müşaviri idi. Əgər bir səhv, cəsarətsizlik olubsa onda bütün komanda üzvləri məsuliyyət daşıyır. Ən qəribəsi də odur ki, hər seçki ərəfəsində bu adamlar “qatı elçibəyçi” olurlar. Seçicilərlə görüşlərində bir zamanlar Elçibəyin yanında, komandasında olduqlarını vurğulayırlar. Belə çıxır ki, xalqdan səs istəyəndə Elçibəy “böyük dövlət xadimi”, “təmiz adam”, 4 iyun qiyamı günlərində “zəif prezident” olur. Bərəkallah, sədaqətinizə, siyasi etikanıza. Bu adamlar sosial şəbəkələrin verdiyin imkanlardan Elçibəyə qarşı istifadə etməkdənsə, onlara hər zaman lazım olmuş Elçibəy ideyalarını yaysalar yaxşı olar. Müsavat fəallarının özəlliklə facebookda başladığı qara piar cəmiyyətdə cidid narazılıq doğurub. Hətta heç zaman Elçibəyin rəhbərlik etdiyi AXC, AXCP, BAB və s. kimi təşkilatlarının üzvü olmamış adamlar belə Müsavat fəallarının çirkin kampaniyasına etiraz ediblər. Elçibəy tərəfdarları tərəfindən Müsavat başqanı Arif Hacılıya qara piarın durdurulması ilə bağlı xəbərdarlıq olunub. 

Eçibəyə qarşı qara piar bu günün işi deyil. Yuxarıda adıçəkilən qüvvələr hələ Elçibəyin sağlığından bu çirkin kampaniyaya start vermişdilər. Elçibəy özü də bu məsələlərə zaman-zaman münasibət bildirmişdi. Əbülfəz Elçibəyin xəyanətkarlar haqqında dediyi “Yanımda saxlayıram ki, gözümün qabağında olsun” cümləsi cəbhəçilərin yaxşı yadındadır.Əbülfəz bəyi təhqir etmək bu gün ənənəvi müxalifət üçün daha asandır. Çünki onlar üçün ideya, siyasi mədəniyyət, lider anlamı heç bir mahiyyət daşımır. Ənənəvilərin yeganə marağı yalnız əldə edəcəkləri maliyyədir. Bunu kimin verəcəyinin də onlar üçün ciddi fərqi yoxdur. “Sən ver onu, o versin səni söyüm” prinsipi ilə özlərini siyasətçi hesab edənləri yığıb partiya quranda belə də olmalı idi.

İşin ən qəribə tərəfi odur ki, 4 iyun qiyamında əli olan, faktiki hakimiyyət çevrilişi edən qiyamçı polkovnik Surət Hüseynov qalıb bir kənarda, müsavatçılar günahı Əbülfəz Elçibəydə görürlər. Yəqin ki, müsavatçılar özlərini buna inandırıblar ki, Elçibəy öz hakimiyyətini devirmək üçün 4 iyunda qiyam qaldırıb və bununla da hakimiyyətdən gedişini təşkil edib. Nəzərə alsaq ki, Müsavat Partiyasını quranlar özləri də həmin dövrlərdə Elçibəy hakimiyyətində müxtəlif vəzifələr tutublar. O, zaman müsavatçılar bir zəhmət çəkib öz rəhbərlərindən soruşsunlar ki, "siz o zaman nə edirdiniz, hardaydınız?". 

Elçibəyçilərin müsavatçılara reaksiyası isə tamamilə fərqli oldu. Baxmayaraq ki, bu gün Müsavat liderlərini təhqir etməyə kifayət qədər fakt var, ancaq Elçibəy ideyalarının daşıyıcıları sadəcə olaraq onlarla münasibətlərini kəsməyi üstün tutdu. Bu da müsavatçılara daha bir Elçibəy dərsi olsun. Ancaq inandırıcı görünmür ki, Elçibəyi təhqir etməklə özünə divident qazanmaq istəyən müsavatçılar bundan bir dərs çıxarsınlar. Əgər dərs almaq istəsəydilər, heç olmasa Elçibəyin siyasi əxlaqından nümunə götürərdilər.

Vilayət Muxtar








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений