Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İnam Kərimovun əcnəbi məsləhətçisi: “Hökuməti inandıra bilməsə, nazirin idarəçilik tarixinə düşəcək”- İQTİSADÇI 



Kənd təsərrüfatı nazirinə hollandiyalı məsləhətçi təyin olunub. Nazir İnam Kərimov holland mütəxəssis Martis van Splanteri özünə eksperimental pilot layihələr üzrə məsləhətçi təyin edib. Martis van Splanter 1964-cü ildə Niderlandda, Drontendə fermer ailəsində anadan olub. 1984-1988 illər arası “Kənd təsərrüfatı və aqrobiznes” ixtisası üzrə bakalavr daha sonra isə magistr dərəcəsinə yiyələnib. Aqrar siyasət planlaşdırılması, əkinçilik, heyvandarlıq və istixana şəraitində tərəvəz yetişdiriciliyi sahəsində hökumət təşkilatları, inkişaf bankları (FMO daxil olmaqla) və özəl sahədə layihələr üzərində ixtisaslaşıb. Rusiya, Almaniya, Avstriyanın müxtəlif bölgələrində bir sıra iri layihələrin tərəfdaş və meneceri olub. 

Cebhe.info xəbər verir ki, iqtisadçı-ekspert Rövşən Ağayev yeni təyinatı müsbət addım kimi dəyərləndirib. O qeyd edib ki, Hollandiya dünyada kənd təsərrüfatının effektiv və intensiv inkişafının ən yaxşı nümunələrini yaratmış ilk 5 ölkə arasında yer alıb:

“Ən azından belə bir ölkənin təcrübəsini ölkəmizə gətirə biləcək bilikli bir vasitəçi tapmışıq. Amma çox ümid etmək istəyirəm ki, əcnəbi məsləhətçimiz yerli ekspertlərin hökumətimizi inandıra bilmədiyi məsələlərə inandıra biləcək. O məsələlərdən ki, onlar olmasa, həmin məsləhətçinin yardımına Fransa və ABŞ kimi qabaqcıl kənd təsərrüfatı sektoru yaratmış ölkələrdən də yeni məsləhətçi komandası qoşulsa belə, vəziyyət dəyişməyəcək.

Birinci, hökumət dövlət dəstəyini aqrar sektorda oliqarxiyanın maraqlarına daha çox yarayan iri holdinqlərin yaradılmasına deyil, kiçik və orta fermerçiliyin dəstəklənməsinə yönəltməlidir. Belə holdinqlərin yaradılması mümkündür, amma dövlətin dəstəyi ilə deyil, sırf biznes proyektləri kimi. Hətta belə holdinqlərin yaradıldığı ərazilərdə infrastruktur layihələrin maliyyələşməsi belə 100 faiz dövlətin cibindən yox, özəl sektor-dövlət partnyorluğu formasında baş verməlidir.

İkinci, kiçik və orta fermer sinfinin aqrar sektorda həlledici söz sahibinə çevrilməsi üçün onların institutlaşmasına çox ciddi dəstək mexanizmləri hazırlanmalıdır. Məsələn, hökumət bir neçə mərhələdə "100 aqrar kooperativ yaradaq" proqramı həyata keçirməli, ölkənin bütün iqtisadi rayonlarının hər birində ilk mərhələdə 10 nümunəvi pilot kooperativin yaradılmasını təmin etməlidir. Bu kooperativlərin nəzdində kredit ittifaqlarının, özəl aqrolizinqlərin yaradılmasından tutmuş emal müəssislərinin, anbar təsərrüfatlarının formalaşdırılmasınadək bütöv bir zəncir qurulmalıdır.

Üçüncü, iri emal müəssisələrinin kiçik və orta fermerlərdən məhsul alması üçün bu müəssisələri üçün təşviq mexanizmləri hazırlanmalıdır. Məsələn, Gürcüstanda fermerdən üzüm alan bütün şərab zavodlarına dövlət xüsusi təşviq proqramı hazırlayıb.

Dördüncü, kənd təsərrüfatının kadr təminatını yaxşılaşdırmaq üçün Neft Fondunun dəstəyi ilə hər il ən azı 150-200 nəfər tələbə dünyanın ən qabaqcıl universitetlərinə ən vacib aqrar ixtisaslar üzrə oxumağa göndərilməlidir. Bu proqramı azı 5 il davam etdirmək olar.

Beşinci, əlavə olaraq Aqrar Universitetə müqavilə əsasında aqrar sektor üzrə dünyanın müxtəlif ölkələrindən yüksək biliyə malik alimlərin cəlbi proqramı həyata keçirilməlidir.

Altıncı, xırda və orta ölçülü fermerlərin dövlət və bələdiyyə torpaqlarından iri fermerlər qədər yararlana bilməsi üçün həmin torpaqların hərrac və müsabiqə yolu ilə hər kəsə eyni dərəcədə əlçatan olmasının şəffaf sistemi yaradılmalıdır.

Yeddinci, kəndin inkişafı haqqında ayrıca dövlət proqramı reallaşdırılmalı, kənd ərazilərində icmaların öz ehtiyaclarını müəyyənləşdirib  həll edə bilmələri üçün gerçək yerli özünüidarə sistemi yaradılmalı, fermerlərin maraqlarını hökumət qarşısında qoruyan fermer birliklərinin hər bir rayon səviyyəsində yaradılması təşviq edilməlidir.

Səkkizinci, kənd təsərrüfatında ən qabaqcıl texnologiyaların, becərmə üsullarının tətbiqi üçün qrant fondu yaradılmalı, ən yaxşı kiçik fermer təşəbbüslərinin qrantlar vasitəsilə dəstəklənməsi baş verməlidir.

Ən nəhayət sonuncu, hökumət administrativ yollarla insanların pambıq, tütün, barama becərməsinə son verməli, fermerlərin öz mülkiyyət və iş qüvvəsinə azad şəkildə sərəncam vermək kimi konstituson haqqını tanımalıdır. Əgər yeni məsləhətçi bu dəyişikliklərə hökuməti inandıra bilməsə, o sadəcə yeni yaranan və yaranmaqda olan 49 aqroholdinq üçün peşəkar bir məsləhətçi kimi yeni nazirin idarəçilik tarixinə düşəcək”. 

Yeganə Oqtayqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений