Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Yolun ortasına tərk edilmiş Xətai:AXCP-nin etirazına YAP dan da reaksiya var, amma...



Səfəvi hökmdarı Şah İsmayıl Xətainin adının əbədiləşdirilməsi, ona layiqli qiymətin verilməsi ilə bağlı müxtəlif təkliflər irəli sürülüb.

Məsələ ilə bağlı istər siyasi partiyalar, istərsə də mətbuat kifayət qədər ciddi arqumentlər səsləndirib. Siyasi cameədə məsələni ən çox diqqətdə saxlayan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) olub. Partiya hətta Şah İsmayıl Xətainın yaratdığı imperiya ilə bağlı “Səfəvilər” adlı çoxseriyalı filminin çəkilməsi təklifilə çıxış edib və təklif bir çox tarixçilər, siyasətçilər tərəfindən dəstəklənib. Hətta AXCP yanında fəaliyyət göstərən İctimai Fikir Akademiyasında da təklif ictimai müzakirəyə çıxarılıb. 

Müzakirədə iştirak edən əməkdar incəsənət xadimi, kinorejissor Şeyx Əbdül Mahmudbəyov Xətai ilə bağlı filmin çəkilməsi üçün ssenarinin də hazır olduğunu vurğulayıb. Şeyx Əbdül Mahmudbəyov AXCP-nin bu təklifini dəstəklədiyini, belə bir filmin çəkilməsinə ehtiyac olduğunu dönə-dönə qeyd edib. Ancaq müzakirələrin bu istiqamətdə getdiyi bir zamanda ortaya Şah İsmayıl Xətainin şəhərin mərkəzində yerləşən heykəlini götürmək məsələsi atıldı. Yusif Səfərov küçəsində yerləşən heykəlin yerləşdiyi yolun təmiri ilə əlaqədar aidiyyatı qurumların yerdəyişmə əməliyyatı aparacağı barədə mətbuatda məlumatlar yayıldı. Hətta heykəlin adıçəkilən küçənin sonunda yerləşən “Lalələr” parkına daşınacağı deyilirdi. Sonradan aidiyyatı qurumlar yayılan bu məlumatları təkzib etdilər ki, burada da ictimai təpkinin xüsusi rolu oldu. Ancaq problem həllini tam olaraq tapmadı. 

Görkəmli tarixi şəxsiyyətin yolun ortasında qalan abidəsi ziyarət üçün “əlçatmaz” oldu. Cebhe.info saytı və “Cümhuriyət” qəzetinin ictimailəşdirdiyi məsələyə geniş reaksiya müəyyən nəticələrin əldə edilməsini şərtləndirdi. Heykəl yerində qaldı, ancaq bu dəfə də ortaya təmirdən sonra heykəlinə gedən yolun tamamilə bağlanması problemi çıxdı. Məsələ ictimailəşəndən sonra cavabdeh qurumlar əslində ərazidə problemin olduğunun fərqinə vardılar. Onu da qeyd edək ki, yol polisi əməkdaşları yolu keçərək abidəyə yaxınlaşmağın qayda pozuntusu olduğunu bildirirlər. Yol kənarına çəkilən dəmir hasarı adlayaraq yolu keçmək istəyən piyadalar qanunla nəzərdə tutulduğu kimi 20 AZN cərimələnir. Başqa sözlə desək, yeri dəyişdirilməyən heykəli ziyarət etmək mümkünsüz olub. 

Artıq yolun təmiri uzun müddətdir başa çatıb, amma heykəl barədə heç kəs düşünmür. 

Bu məsələ ötən gün Milli Məclisin növbədənkənar iclasında da gündəmə gəlib. Məsələni gündəmə gətirən Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov “Azərbaycan dövlətinin banisi, 1 milyon kvadratkilometrdən çox ərazidə dövlət qurmuş Şah İsmayıl Xətaiyə elə yerdə heykəl qoymuşuq ki, orda şəkil çəkdirmək istəyən turist mütləq avtoqəzaya düşəcək. Belə olmaz. Qaçaq Koroğluya parkın ortasında heykəl qoyuruq, amma Şah İsmayılın heykəli yolun ortasındadır”,-deyə bildirib. Ancaq görünən odur ki, hələ də bu istiqamətdə heç bir dövlət qurumu müsbət istiqamətdə addım atmaq istəmir.

Sələnən təkliflərə, ictimailəşən məsələlərə, hətta ölkə əhəmiyyətli olsa belə, laqeyid yanaşma tarixi şəxsiyyətlərə hörmətsizliyin göstəricisidir. Zamanında AXCP-nin Səfəvilərlə bağlı film təklifinə Mədəniyyət və Turizm Nazirliyindən (indiki Mədəniyyət Nazirliyi-müəl.) rəsmi cavab gəlsə də, bu istiqamətdə heç bir addım atılmadı. Bəs bundan sonra necə? 

AXCP-nin mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev “Cümhuriyət” qəzetinə açıqlamasında məsuliyyətin nazirliyin öhdəsinə düşdüyünü deyib: “AXCP-nin Şah İsmayıl Xətai ilə bağlı təklifi daim gündəmdədir. Sadəcə, aidiyyatı qurumlar bizim bu təklifimizə gərəkli reaksiyanı vermədilər. Görünür, birləşmiş, böyük, güclü Azərbaycan quran bir şəxsiyyətin haqq etdiyi dəyəri alması, tanıdılması, təbliğ olunmasına qısqanclıqla yanaşırlar. Siyavuş Novruzovun fikirləri mənə səmimi gəlməsə də, çox doğrudur. Zamanında biz təklif irəli sürəndə reaksiya vermək lazım idi. Amma yenə də gec deyil. Şah İsmayıl Azərbaycan tarixinin ən görkəmli, uğurlu şəxsiyyətlərindəndir. Onun şahlığı Azərbaycan tarixinin ən şanlı, hər bir azərbaycanlının qürur duyacağı dövrlərindəndir. Təəssüf ki, bu gün Məhəmməd Əmin Rəsulzadəyə qarşı olan ədalətsizlik Şah İsmayıl Xətaiyə də göstərilir. Burada ən böyük məsuliyyət Mədəniyyət Nazirliyinin üzərinə düşür. Amma nə mədəniyyət var, nə də nazirlik”.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений