Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Psixoloji pyeslərin mahir rejissoru



Vaqif Şərifovun 75 yaşı tamam olur

Hər zaman onu görərkən bir sual fikrimdə formalaşır. Görəsən nə üçün bir rejissor olaraq çox zaman komediya janrında olan pyeslər üzərində işləməyə üstünlük verir? Hər dəfə də eyni cavabı alıram. “Təbiətcə zarafatcıl adam olduğum üçün”. Bu bir həqiqətdir. Demək olar ki, onunla hər gün görüşürəm. Hər gün də üzündə çox maraqlı bir sevinc duyuram. O, hər zaman zarafatları sevir. Duzlu- məzəli söhbətlərilə teatrda hər kəsin diqqətini özünə cəlb edə bilir. Ancaq bununla belə onun yaradıcılığına nəzər salarkən psixoloji pyesləri də daha dərindən duyduğunun şahidi olursan. Onun yaradıcılığında hər an psixoloji pyeslərin də üzərində maraqlı rejissor traktofkasını görmək mümkündür. Qərb dramaturgiyasına, Azərbaycan klassik dramaturgiyasına müraciətləri müasirləri tərəfindən maraqla izlənilir. 

Vaqif Abdulla oğlu Şərifov 1960-cı ildən teatrda əmək fəaliyyətinə başlayıb. 1967-ci ildə  Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib. 1967-1974-cü illərdə Gəncə Dövlət Dram teatrında rejissor, 1974-1977-ci illərdə Sumqayıt Dövlət Dram teatrında baş rejissor, 1977-1981-ci illərdə Ağdam Dövlət Dram Teatrında baş rejissor, 1981-1984-cü illərdə Gəncə Dövlət Dram teatrında quruluşçu rejissor, 1984-1998-ci illərdə həmin teatrda direktor və bədii rəhbər vəzifəsində çalışıb. Müxtəlif illərdə Nazim Hikmətin “Demoklın qılıncı”, Hüseyn Cavidin “Maral”, Cəfər Cabbarlının “Almaz”, “Yaşar”, A. Baranqanın “İctimai rəy”, Y. Saloviçin “Qəribə dilənçi”, Altay Məmmədovun “Dəli Domrul”,  Anarın “Şəhərin yay günləri", Mirzə Fətəli Axundzadənin “Qanun dəllalı”, H.Mirəlimovun “Vicdanın hökmü”, Elçinin “Qatil”, Süleyman Sani Axundovun “Eşq və intiqam”, İsmayıl Şıxlının “Dəli Kür”, Orxan Kamalın “Yad qızı”, Nüşabə Məmmədlinin “Unutmaq istəyirəm”, Fəridə Əlyarbəylinin “Xan qızı”, Sahib İbrahimlinin “Sadığın toyu” və s. pyeslərinə quruluşlar verərək, Azərbaycan teatrlarında 120-dən artıq tamaşalara səhnə həyatı bəxş edib. O, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. “Qanun dəllalı” tamaşasının quruluşuna görə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatını alıb. 25 iyun  2013-cü ildə “Tərəqqi” medalı ilə təltif edilib, 4 mart 1992-ci ildə respublikanın əməkdar incəsənət xadimi və 13 fevral 2014-cü ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 

Çox zaman soruşduqda teatra nə vaxt belə bir maraq və həvəsin yarandığını xatırlamır. Ancaq onu xatırlayır ki, bu heç də o qədər uzaq bir vaxtın söhbəti deyil. Kim bilir, bəlkə də, bu həvəs onda orta məktəb illərindən başlayıb. Çünki orta məktəb illərini üçüncü sinfə qədər Ağstafada oxuyan Vaqif qalan məktəb həyatını isə Gəncədə keçirib. Burada da o zamanlar “Alimlər evi” deyilən məkanda bir çox dərnəklər fəaliyyət göstərib. Dövrünün sayılıb-seçilən ziyalıları, pedaqoqları bu məkanda gənclərin yetişməsi, püxtələşməsi üçün əllərindən gələni əsirgəməyiblər. O illərdə Vaqif də elə bu dərnəklərdən birinə, dram dərnəyinə üzv yazılıb. “Alimlər evi”ndə fəaliyyət göstərən dram dərnəyinə xalq artisti Məhəmməd Burcəliyev rəhbərlik edib. Yəqin ki, elə bu sənətə gəlməyinin də ilk qığılcımları məhz bu dərnəkdən qaynaqlanıb. Sonralar isə Gəncə Dövlət Dram teatrının baş rejissoru və direktoru Hüseyn Sultanovun dəvəti ilə 1960-cı ildən başlayaraq taleyini Gəncə teatrına bağlayan Vaqifə ilk vaxtlar kütləvi səhnələrdə çıxışlar etmək tapşırılırdı.

Bir müddət sonra istedad və bacarığını görən rejissorlardan biri olan xalq artisti Məhəmməd Burcəliyev 14 aprel 1962-ci il tarixində quruluş verdiyi 5 pərdəli, 9 şəkildən ibarət olan Yusif Əzimzadənin “Anacan” pyesində (tamaşanın rəssamı Rza Məmmədov, bəstəkarı Şamil Yusifov) ona Dövşan Rəhim rolunu həvalə edir. Məhz bu ilk sınaq Vaqifin həyatında uğurlu olur. Artıq Gəncə teatrında iki il ərzində püxtələşən Vaqif 1962-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Rejissorluq” fakültəsinə göndərilir. Təhsil illəri onun üçün çox maraqlı və həm də uğurlu keçir. O, 1967-ci ildə təhsilini bitirib doğma Gəncə teatrına qayıdır. Tələbəlik illərini bu gündə söhbətlərində çox böyük özünəməxsus bir şövqlə xatırlayır: “Bilirsiz, doğrusu, mən ilk vaxtlarda aktyor olmaq istəyirdim. Çünki özümü teatrsız, səhnəsiz təsəvvür etmirdim. Vaxt bitdi, vədə yetişdi. Sənədlərimi İncəsənət İnstitutuna hazırlayan zaman yenə də xalq artisti Məhəmməd Burcəliyev köməyimə çatdı. O, hər zaman mənim uğurlarım ilə sevinib və hər an mənə qol-qanad verirdi. Biləndə ki, mən İncəsənət İnstitutunun aktyorluq fakültəsinə getmək istəyirəm, yenə də dəyərli məsləhəti ilə köməyimə çatdı. Dedi ki, sən gözəl aktyor kimi artıq, demək olar ki, püxtələşmisən. Gəl sənədlərini rejissorluq fakültəsinə ver. Onda səhnəni daha yaxşı duyacaqsan. Mən o zaman yenə də böyük sözünə qulaq asdım və belə də etdim.”

O, artıq 58 ildir teatrda işləyir. Bu 58 ildə uzun-uzadı bir sənət yolunda böyük bir axtarışlarla səfərdədir. O, özünü bu sənətdə tapdı. Hətta təsdiqlədi də. Onun düşüncələrində sənət axtarışları böyük bir sonsuzluğa gedir, tamamlanması isə mümkün deyil. Sənətdə özünü tapmaq söhbətinə gəldikdə isə deyir ki, bu çətin məsələdir: “Əgər sənət yolundasansa, axtarışdasansa özünü tapa bilməzsən. Axtarırsan, maneələrə, çətinliklərə rast gəlirsən, daş-kəsəkli yollar keçirsən, yaxşı işində olur, bərbat işində. Baxmayaraq ki, dövlət teatrlarında 120-dən artıq tamaşaya quruluşlar vermişəm. Bu o demək deyil ki, haması yüksək səviyyədə qurulan tamaşalar olub. Əlbəttə yenə də bu tamaşaların hər birində axtarışda olmuşam. Hələ də mən özümü tapmamışam”. 

Hətta “Mavi dənizi çox sevirəm” - deyir qəhrəmanım. Mavi dənizin bitməz bir sonsuzluğunda hər zaman özünü tapır, itirdiklərinin xəyalları ilə danışır. Mavi Xəzər ona bu anlarda çox zaman sakitlik gətirir. Düzdür xəfif ləpələr arabir üzünə çırpılır. Üşüyür. Amma bu üşüntü qəlbini isidir. Çünki ləpələr onu xəyallarına qovuşdurur. Ardınca qaçıb uşaq kimi əlindən tutmaq istəyir. Ancaq, bacarmır. Ləpələr onu xəyallarından, düşüncələrindən ayıldır. 
Teatrın səhnəsində qızğın məşqlər gedir. Saatın əqrəbləri 11-i göstərən zaman teatrın daxili foyesində radio qovşağında rejissor köməkçisinin səsi eşidilir: “Diqqət! Məşq başlanır!”

Rejissor Vaqif Şərifov yenə də axtarışdadır. Çünki bu dəfə müraciət etdiyi əsərin səhnə taleyi həmişəki kimi onu daha çox düşündürür. O, Altay Məmmədovun qələmə aldığı “Dəli Domrul” qəhrəmanlıq komediyasını doğma teatrının səhnəsində hazırlamalı idi. Məşq başlayır. Aktyor heyəti öz yerini tutur. Rejissor ilk mizanlarını göstərir. Qeyd etmək istəyirəm ki, Altay Məmmədovun “Dəli Domrul” pyesinin mövzusu uzaq tarixi keçmişimizin qiymətli yazılı abidəsi olan “Dədə Qorqud” dastanından alınıb. Dastanın Dəli Domrul boyundan istifadə edərək orjinal səhnə əsəri yaradan Altay Məmmədov eyniadlı pyesdə ciddi mətləblərə toxunub. Pyesin ideya-bədii istiqaməti çox böyük fəlsəfi fikirlər axınında müəyyənləşir. Məşq zamanı rejissor traktofkası ilə epizodlar dəyişir, mizanlar dəqiqləşir, bəzən eyni səhnə dönə-dönə bir neçə dəfə təkrar olunur. Rejissor Vaqif Şərifov obrazların mahiyyətini açmaq, onları tamaşaçı gözü ilə cilalayaraq hadisələrin bir-birini tamamlaması üçün təsirli ifadə vasitələri axtarır, seçir. 

Məhz Altay Məmmədovun “Dəli Domrul” pyesinin yaradıcı heyəti, xüsusilə rejissor Vaqif Şərifov cərəyan edən hadisələrin mahiyyətini müasir dövrümüzlə bilavasitə səsləşən xətlərini qabartmaqla xeyrin şər üzərində qələbəsini, xalqımızın mübarizə əzminin nə qədər böyük olduğunu bir daha göstərməyə calışıb. Bu tamaşa uzun illər teatrın reperuarında əsas yerlərdən birini tutmaqla böyük tamaşaçı rəğbəti qazanmağa müvəffəq olub. Sözsüz ki, burada yaradıcı kollektivin böyük zəhmətini qeyd etməmək mümkün deyil. Ancaq bunula yanaşı tamaşanın uğurlu səhnə taleyi məhz quruluşçu rejissor Vaqif Şərifovun adı ilə bağlıdır.

“Dəli Domrul”un gərgin məşqlərini xatırlayarkən rejissor ani olaraq fikrə daldı və uzaq bir xəyallar aləmində nəyisə xatırlayan kimi bir az da çöhrəsində təbəssüm dolu bir narahat baxışlarla dedi: “Bir həqiqəti də etiraf edim ki, rejissorluq adamdan əhatəli dünyagörüşü, bilik və seçdiyi sənətə məhəbbət tələb edir. Tamaşaya hazırladığım bu əsərdə də yalnız teatr divarları arasında yox, gəzintidə də, evdə də hər zaman onunla bir yerdə olub, ondan heç zaman ayrılmadım. Hətta məşq zamanı tapa bilmədiyim detallar, həll edə bilmədiyim mizanlar belə işdən sonra da fikrimdə həmişə məni məşğul edib, rahat buraxmayıb. Hər zaman səhnə həllini verməyə çalışdığım Dəli Domrulu düşündüyüm tərzdə aktyorlara elə çatdırmağa çalışırdım ki, səhnədə də deyilənlərə şübhə ilə yanaşmasınlar. Məhz tamaşanın uğurlu səhnə taleyi üçün bunlar mənə hava-su kimi lazım idi. Bax tamaşadan sonra azca da olsa sevinirəmsə bu mənim bəsimdir. Demək zəhmətim hədər getməyib”. 

Gəncə Dövlət Dram Teatrı hər zaman öz repertuar siyasətini qoruyub saxlayıb, bununla da dövrü ilə ayaqlaşmağı bacaran teatrlarımız sırasındadır. Müraciət etdikləri hər bir yeni əsər tamaşaçıların böyük rəğbətini qazanmaqla uzunömürlü olaraq eləcə də bu repertuar siyasəti yeni gənc aktyor potensialının yaranmasında, onların inkişafında hər zaman əsas meyara çevrilə bilir. Elə bu gün də bu prinsip əsas götürülür. Rejissor Vaqif Şərifovun bu tendensiyanı əsas götürməsi yenə də teatrda neçə-neçə gənc aktyor heyətinin buraya cəlb olunmasında öz müsbət nəticəsini verməkdədir. Belə olmasa idi onsuzda kadr çatışmamazlığından əziyyət çəkən teatrlarımızın bir çoxu kimi Gəncə Dövlət Dram teatrı da bu problemlə üz-üzə qala bilər, Şekspirin təbirincə desək “Olum ya ölüm” məngənəsində sıxılardı. 

Gənc aktyor heyətinə baxdıqda rejissor ani olaraq öz hisslərini cilovlaya bilmir və gözləri yaşarır: “Mən də teatra bax beləcə gənc olanda böyük həvəslə gəldim. O zaman bizim xeyirxahlarımız var idi. Sənətin çətin, əzablı yollarında bizimlə birgə addımlayanlar vardı. Ancaq indi... İndi belə təsadüflər çox az olur. Sevinirəm ki, bu gün mənə qocaman sənətkarlarımızdan miras qalan bu işi heç olmasa qoruyub saxlaya bilirəm. Bu gün müasir teatr gənclərin olmalı və onların üzərində repertuar siyasəti qurulmalıdır. Əks halda heç nə ilə sənətimizi qoruyub saxlaya bilmərik”. Lirik, psixoloji pyeslərdən söhbət düşdükdə Vaqif Şərifovun yaradıcılıq üslubuna daha çox yaxın olan amillər göz qabağına gəlir. Belə ki, rejissor özünün də dediyi kimi bir çox janrlarda işləməyə üstünlük versə də lirik-psixoloji pyeslərə də müraciət etməyi sevir və daha dərindən duyur, görür. Gəncə Dövlət Dram teatrının səhnəsində uğurlu səhnə taleyi yaşayan Nüşabə Əsəd Məmmədlinin “Unutmaq istəyirəm” lirik-psixoloji pyesi də Vaqif Şərifov duyumunun bəhrəsidir.

Tamaşa boyu gənc qız Ülviyyənin (xalq atristi Pərvanə Qurbanova) gənc bir oğlana (əməkdar artist Qurban Abbasov) vurulması, anası Zümrüd xanımın (xalq artisti Sədayə Mustafayeva) xəstəliyi, şikəstliyi, daima ata (xalq artisti Ələddin Abbasov) həsrəti ilə yaşayan və atasının həyatda ikili həyat (ikinci dəfə ailə həyatı qurması) tərzi sürməsi onun uşaqlıq illərinin ən acı xatirələrində cəmlənməsi, bununla da, həyatın ağrılı-acılı anları ilə istər-istəməz barışması insan taleyindən xəbər verir. Həyatın təlatümlü və ehtiyaclarla dolu anlarını yaşayan Ülviyyənin uşaqlıq çağlarını nə vaxt başa vurduğunu, hətta bu illər ərzində oyuncaqlarının belə olmamasını anası Zümrüd xanımın dilindən eşidirik. Personajlar elə bir zaman kəsiyində səhnə həlli tapmış olurlar ki, cərəyan edən hadisələr bir an belə səni rahat buraxmır, əksinə, həyatın insan psixologiyasına gətirdiyi anlarıyla qarşı-qarşıya qoyur. 

Xalq artisti Vaqif Şərifovun Gəncə Dövlət Dram teatrının səhnəsində son quruluş verdiyi pyeslərdən biri də Elçinin “Qatil” psixoloji dramıdır. Pyesdə cərəyan edən hadisələr günümüzün reallıqlarını özündə əks etdirməklə yanaşı, insan taleyindən, həyat məngənəsində sıxılan acı talelərin gətirdiyi bədbəxtliklərdən və sonda həyatın özünün belə insanı amansızcasına qatilə çevrilməsindən bəhs edir. Hadisələr rejissor tərəfindən o qədər böyük maraq və dəqiq detallar vasitəsilə işlənib ki, hadisələrin gedişi səhnədə bir an belə insanı rahat buraxmır, mizanlar hər an dəyişir və ani olaraq səni xəyallarda yaşadır. Bu xəyyallar çox zaman insanı vadar edir ki, düşünəsən. Öz həyatında baş verənlər haqqında düşünürsən və bu düşüncələr elə sənin özünü də bir növ tamaşanın maraqlı bir iştirakçısına çevirə bilir. Pyesdə orta məktəbdə dərs deyən kimya müəlliməsi xəyallarının gerçəkləşməsini mavi səmada olan ulduzlar arasında axtarır və baş verənlərin məhz onların vasitəsilə axtarıb-tapılmasını taleyinin bir hissəsi, qisməti bilir. O, ailə həyatı qurmayıb və hər zaman da tələbələrinin yazı dəftərini yoxlaya-yoxlaya onların xəyalları ilə danışır və bununla da özündə mənəvi bir dinclik, rahatlıq tapır. Ancaq çox zaman da təhlükədən qorxur. Elə bu qorxu hissləri də onu sonda qatilə çevirir. 

Rejissor, xalq artisti Vaqif  Şərifov bu gün də axtarışdadır, beyni düşünür, qəlbi yeni-yeni yaradıcılıq nigarançılığındadır. Bu dəfə də həmişəki kimi daha da məsuliyyətlə yeni bir pyes üzərində çalışır. Əlbəttə ki, hər bir yaranan yeni səhnə əsəri onun yuxusuz gecələrinin, narahatçılığının ən başlıcası isə qəlbinin, ürəyinin alovu ilə yanan sənət eşqinin yadigarıdır. Özünün də dediyi kimi səhnəyə hər gün yeni bir məsuliyyətlə gəlir və düşünərək düşündürür. Onun hər gəlişi bir varlıqdır. Bitməz, tükənməz bir varlıq. Bu varlıq daima bir qüvvəyə malikdir ki, o qüvvəni sənət müəllimlərindən alıb və bu gün də qoruyub saxlamaqla gələcək nəsillərə ötürmək istəyir. Arzusu, amalı uğrunda mübarizəsində mətin və dönməzliklə. Sənət yollarının aşırımlarına tab gətirən bir arzu. Sənət arzusu, sənət alovu.

Anar Bürcəliyev,
teatrşünas








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений