Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

"Pambıqla baş kəsmək arzusuna uyanlar, yaxud sahədə sabotaj qoxusu?.."- Rəfail Becanov yazdi



Gündəmi zəbt edən pambıq zəhərlənməsi nəsə dəbə düşənə oxşayır.

Daha çox sabotaja bənzəyir. "Bu qənaət nədən irəli gəlir?" deyə sual edənlər ola bilər. Çünki xatırladığım illər var ki, heç o zaman zəhərlənmələr olmurdu. Bizim kəndimizdən onlarla qadın Aran rayonlarına yazda pambıq alağına, payızda isə pambıq yığmağa gedirdi. Bu həm də mövsümi iş yeri idi. Çünki rayonda iş yeri, xüsusən də qadınlar üçün demək olar ki, yoxdu. Rayonumuz üzümçülük rayonuna çevriləndən və üzüm  sahələri salınandan sonra pambıq rayonlarına olan mövsümi gedişlər azaldı və üzüm sahələri qadınların iş yeri oldu.

Hətta Neftçalanın Aşağı Qaramanlı kəndinin məşhur Sosialist Əməyi Qəhrəmanı, öz adına olan kolxozun sədri Nuruş Əliyev - bizim kənddə ona Nuruş kişi deyirdilər -  özü gəlib bizim kənddən pambığın alağına və  yığımına adam toplayırdı. Təkcə ora yox, Sabirabada, Beyləqana gedən briqadalar da olurdu. Pambıq alağından, yaxud yığımından sonra xeyli pul və pambıqla gələnlər az deyildi. Bəzən buğda da gətirirdilər. Bu da qış azuqəsi demək idi. Elə Brejnevin dediyi kimi, çörək olurdusa, mahnı da olurdu. Bizimçün bu dəstələrin gedişi də, gəlişi də maraqlı olaya çevrilirdi. Tamaşaya durardıq. Amma sözümün canı bunda deyil. Mən o zamanları xatırlasam da, heç vaxt pambıq sahələrində çalışan həmkəndlilərimizdən kiminsə zəhərləndiyini eşitmədim. Bəs indi nə oldu?

Sonra illər keçdi və özüm tələbə oldum. Tələbəliyimin ilk illəri də sovetlər zamanına düşdü. İki il bizi də pambıq yığımına apardılar. Onda da pambıqçılardan kiminsə zəhərləndiyini eşitmədim. Özü də o rayonlarda, o bölgələrdə olmuşduq ki, pambıq sahələri az qala şəxsi evlərin pilləkanlarına dirənirdi. Pillələri düşən kimi pambıq sahəsi başlayırdı.

 Daha bir maraqlı məqam da o idi ki, həmin dövrün pambıq yığanları da, gələn mövsümi işçilər də, elə biz tələbələr də qəpik-quruş qazansaq da, əsas vəsait dövlətə aid idi. İndi isə pambıqçılıqla məşğul olanlar fərdi təsərrüfat sahibləridir. Yəni, nə qazansalar - az da, çox da- özlərinindir. Bəs bu zəhərlənmələr hardan çıxır? 

O zamanlar pambığa dərman səpilmirdi bəlkə? Ya təbii yolla, məsələn, bitkilərdən dərman hazırlayıb səpirdilər, biz bilmirik? Yox, elə onda da kimyəvi preparatlardan istifadə edilirdi. Bəs niyə heç zəhərlənmə olmurdu? Adamlar ehtiyatlı idi, ya...? Ya axı nə? Sabotaj edən yox idi? Gözümüzü kənd təsərrüfatının inkişafına dikdiyimiz bir zamanda təşviş, hay-küy hansısa prosesin qarşısını almaq üçündürmü? Hər halda, dövlət qurumları araşdırma aparacaq və gərəkli tədbirlər görüləcək ki, nəyin və niyə baş verdiyi üzə çıxsın. 

Pambıqçılıq Azərbaycan üçün yeni sahə deyil. Mən yazıb-oxumağı bacarandan əhalimizin pambıqçılıqla məşğul olduğunu eşitmişəm. Pambığa "ağ qızıl" deyilirdi.

Sonradan iflasa uğrasa da, 3-4 ildir yenidən inkişaf edir. Neft qiymətlərinin aşağı düşdüyü bir zamanda bu sahənin inkişafı həm də ölkənin valyuta gəlirləri deməkdir. Pambığı sevək və zəhərlənməyək, heç pambıqla baş da kəsməyək. Pambıq neft qədər gəlir gətirən sahədir. Nə təxribata uyaq, nə də təxribat etmək istəyənlərin arzusuna...

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений