Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Ehtiyacı olmayan yolun təmiri kimə və nəyə lazımdır?



Xəbər verdiyimiz kimi, 27 iyunda Bakı-Sumqayıt yolunun Xırdalan dairəsindən "20 Yanvar dairəsi"nə qədər olan yolda böyük tıxac yaranıb. Bu isə təbii ki, avtomobillərin hərəkətini məhdudlaşdırmaqla yanaşı işə, xəstəxanaya, dərsə getmək istəyən insanların mənzil başına vaxtında çatmalarına çox böyük maneə yaradıb. 

Tıxac zamanı yolda qalan biri kimi deyə bilərəm ki, avtobuslarda istidən ürəyi gedən, avtomobili yolda nasazlayan sürücülərin üzündəki əsəbi görmək heç də çətin deyildi. Bir tərəfdən tıxacda saatlarla gözləyən insanlar, bir tərəfdən də istilər insanları lap özündən çıxartmışdı. Onların əsəbiləşməyi isə heç də səbəbsiz deyildi. Haqlı olaraq əsəbiləşən insanların dilində və beyinlərində yalnız bir sual var idi. Axı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi niyə ehtiyac olmadığı halda, özü də yayın ən isti günlərində təmir işləri aparır?

Yol boyu avtobusda sərnişinlər bir-birlərinə bu sualı dəfələrlə verdilər. Amma təbii ki, suala cavab verənlər avtobusda yox, öz sərin otaqlarında kresloda oturmuşdular. Bundan başqa sadə insanların dilində bir sual da bu idi. Görəsən bizim hazırda bu yolda olmağımızdan buna səbəb olan insanların xəbəri varmı, görəsən onlar özləri bu istidə 5 dəqiqə qala bilərdimi? Bu suala cavabı aidiyyətı adamlar verməsə də, biz veririk. Yox, çətin. Onlar öz sərin otaqlarından heç kənara çıxırlarmı bilələr ki, sadə insanlar indi hansı zülmü çəkirlər? Dünya praktikasında bu cür hallara çox nadir rast gəlinir. Heç Afrikanın ən ucqar ölkəsində belə yayın ən isti vaxtında və şəhərin ən lazımlı yolunda kefləri istəyən zaman asfalt təmiri etmirlər. Bunu ancaq bizim qurumlar edə bilərdilər. 

Açığı sözügedən yolda bir müddət əvvəl çatlar yaranmış, hətta yolun cüzi çökməsi hadisəsi baş vermişdi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi də təmirin sözügedən yolda yaranmış çatlarla əlaqələndirmişdi. Amma burada bir maraqlı məaqm var. Belə ki, bəhs olunan çatlar Xırdalandan Bakı istiqamətinə hərəkət edən yolda, yəni Bakı Avtovağzalının qarşısında yaranmışdı. Hazırda isə təmir işləri Bakının "Şamaxinka" adlanan ərazidən Xırdalana gedən istiqamətdə aparılır. Maraqlıdır asfalt örtüyü təmirə ehtiyacı olan yolda yox, onun əksi istiqamətində olan hissəsədə aparılması nə qədər məntiqə uyğundur? Hələ ortaya çox suallar çıxacaq. Çünki sözügedən yolla bağlı o qədər qaranlıq məqamlar var ki, onu işıqlığa çıxaran lazımdır ki, o da deyəsən yoxdur. Bir məqam isə bərbad halda olan yolların diqqətdən kənarda qalması, o qədər də vacib olmayan yolun asfalt örtüyünün yenidən təzələnməsidir. Sürücüləri xeyli düşündürən suallardan da biri bax budur. Çünki həmin yol bir müddət əvvəl, çox da uzaq olmayan tarixdə təmir olunaraq, sürücülərin ixtiyarına verilmişdi. Bəzi iddialara görə, hazırda həmin yolun bağlanması asfalt çəkilişi ilə əlaqəli deyil, oranın qazılması ilə bağlıdır. Hələlik bunların hansının dəqiq olduğunu deyə bilməsək də, bir faktı dəqiq deyə birlərik. Nə qədər ki, bu cür qurumların başında işini bilməyən adamlar oturub, biz hələ çox tıxaclarda qalacağıq.

Elmir Murad








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений