Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

İran məsələsində ABŞ-Azərbaycan əməkdaşlığı: “Bütün israrlara baxmayaraq…”



Amerika Birləşmiş Ştatları (ABŞ) İran məsələsinin həllində rəsmi Bakını tərəfdaş seçə bilər.

Təsadüfi deyil ki, hələ bir neçə il öncə ABŞ-ın İranı məhz Azərbaycan ərazisindən vuracağı ilə bağlı müxtəlif fikirlər səsləndirilirdi. Təbii ki, bu cür fikirləri ekspertlər səsləndirirdi və bununla bağlı heç bir rəsmi açıqlama və ya razılaşma haqqında məlumat yoxdur. Bu günlərdə isə rəsmi Vaşinqton İran məsələsində rəsmi Bakı ilə əməkdaşlıqda maraqlı olduğunu bir daha bəyan edib. Belə ki, ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini, xanım Alis Uels Azərbaycana səfərinin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında İranla bağlı fikirlərə də yer verib. Xanım Uels Birləşmiş Ştatların İran məsələsində də Bakı ilə əməkdaşlıq etmək niyyətində olduğunu deyib.

Maraqlıdır, İran məsələsində ABŞ -Azərbaycan əməkdaşlığı mümkündürmü? Əgər bu baş tutarsa, bunun Azərbaycana xeyirli və zərərli tərəfləri nə olar?

Politoloq Elşən Manafov “Cümhuriyət” qəzetinə şərhində deyib ki, ABŞ-ın İran probleminin çözülməsində rəsmi Bakı ilə əməkdaşlıqda maraqlı olması  geosiyasi baxımdan tamamilə anlaşılandır: 

“Çünki Azərbaycan İranla həmsərhəd dövlətdir və İrana gedən kommunikasiya xətləri buradan keçir. Birləşmiş Ştatlar uzun zamandır ki, rəsmi Bakı ilə apardığı danışıqlarda Azərbaycanda hərbi bazaların yerləşdirilməsi və mümkün hərbi əməliyyatlar zamanı İrana məhz buradan zərbələrin vurulması ilə bağlı təkliflər verib. Bu müzakirələr ictimaiyyətə açıqlanmasa da, danışıqların bu istiqamətdə aparıldığı istisna deyil. Digər tərəfdən Xəzərə çıxış da məhz Azərbaycandandır. Bakı ilə razılaşmadan Xəzərdə nüfuz sahibi olmaq mümkün deyil. Təbii ki, İranın regional problemlərin həllində sərgilədiyi mövqe ABŞ-ın maraqlarına uyğun deyil. Dünən yayılan məlumatlardan da bəlli oldu ki, 50-yə yaxın beynəlxalq şirkət İran ərazisindən çıxıb. Bu şirkətlərə ABŞ-ın təsir etdiyi birmənalıdır. ABŞ-ın İran ərazisində olan digər transmilli şirkətlərə də münasibəti məhz bu cürdür”.

Politoloq hesab edir ki, Azərbaycan nə qədər ABŞ-ın bölgə ilə maraqlarına hörmətlə yanaşsa da, İran probleminin çözülməsində rəsmi Vaşinqtonla əməkdaşlığa getməz: “Əvvəla bu indiyə qədər İranla əldə olunan razılıqların ziddinə olar. Digər tərəfdən, İran Azərbaycanın təkcə strateji tərəfdaşı deyil, bu ölkələrin birləşdirən mədəniyyət, iqtisadiyyat telləri var. Məmməd Əmin Rəsulzadədən bu günə qədər Azərbaycanın İrana olan münasibəti dəyişməyib. Bu baxımdan Azərbaycanın İrana qarşı ABŞ-la əməkdaşlığa gedəcəyi inandırıcı deyil”.

Elşən Manafov rəsmi Bakının İran məsələsindəki mövqeyinə diqqət çəkib: “Rəsmi Bakı dəfələrlə bəyan edib ki, bu və ya digər formada Azərbaycan ərazisindən İrana zərbələrin endirilməsinə razılıq verməyəcəyik. Digər tərəfdən, İranda 35 milyona yaxın soydaşımız yaşayır. ABŞ-ın İrana qarşı hər hansı bir zərbəsi onları da bu təhdidlə üz-üzə qoyur. Bu amillər Azərbaycan dövlətini ABŞ-la əməkdaşlıq etməyə deyil, daha çox kənarda durmağa sövq edir”.

ABŞ-Azərbaycan arasında mümkün əməkdaşlıqlara da toxunan Elşən Manafov vurğulayıb ki, rəsmi Bakı Qərblə ancaq məlum məsələlərdə birgə fəaliyyət göstərəcək: “Azərbaycanın beynəlxalq terrorizmlə mübarizə, Əfqanıstanda sülhün qorunması və digər məsələlərdə ABŞ-la əməkdaşlıq etməsi tamamilə fərqli məsələdir. Azərbaycan özü Ermənistanın terroruna məruz qalmış bir ölkədir. Talibanın Əfqanıstan və ətraf bölgələr üçün ciddi təhlükə yaratdığı bir vaxtda  Azərbaycan daim Qərb koalisyasının yanında olub. Güman edirəm ki, bu, bundan sonra da davam edəcək. Azərbaycanın ABŞ-la əməkdaşlığı isə enerji təhlükəsizliyi, beynəlxalq terrorizmlə mübarizə və digər məsələlər çərçivəsində olacaq. Düşünürəm ki, bu mənada Azərbaycanın ABŞ-la əməkdaşlığı başadüşüləndir.

Unutmaq lazım deyil ki, Cənub Qafqaz Qaz Dəhlizinin açılması ərəfəsində ABŞ Azərbaycanın bu məsələdəki mövqeyini alqışladı. Bu da anlaşılandır. Çünki Avropanın enerji təhlükəsizliyində Rusiyanın rolunu minimuma endirmək üçün Azərbaycan kimi ölkələrin karbohidrogen ehtiyatlarına ciddi ehtiyac var. Ona görə də ABŞ Azərbaycana ciddi önəm verir. Ancaq bütün bunlara baxmayaraq hesab edirəm ki, ABŞ-ın israrlı təkliflərinə baxmayaraq Azərbaycan İranla bağlı mövqeyindən bir addım belə geri çəkilməyəcək. ABŞ da Azərbaycanın bu mövqeyinə uzun illərdir hörmətlə yanaşır və güman edirəm ki, bundan sonra da belə olacaq”.

Vilayət Muxtar

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений