Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

Siyasətə qarşı ticarət SAVAŞI



Amerika Birləşmiş Ştatları (ABŞ) İrana qarşı sanksiyaları genişləndirir.

Artıq bir çox xarici şirkət İrandakı fəaliyyətini dayandırıb. Transmilli şirkətlər də İranı tərk edir. ABŞ bir çox İran şirkətinin də fəaliyyətinə sanksiya tətbiq edib. Ancaq bir çox Avropa ölkələri ABŞ-ın sanksiyalarına qarşı çıxır və İrana dəstək verir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalara münasibət bildirərək deyib ki, Almaniya, Britaniya və Fransa İranla dollarsız ticarət etməyi qəbul edib. O qeyd edib ki, ABŞ-ın İrana qarşı tətbiq edəcəyi sanksiyalar qanunsuzdur və qəbuledilməzdir.

Maraqlıdır, Avropa İranı niyə xilas etmək istəyir? 

Politoloq Nəzakət Məmmədova “Cümhuriyət” qəzetinə şərhində Avropa ölkələrinin İranı müdafiə etməsini maliyyə və enerji maraqları ilə əsaslandırdı: “Avropa ölkələri İrana investisiya qoyublar, bank-maliyyə sahəsində böyük əlaqələr mövcuddur. ABŞ-ın sanksiyalarına görə Avropanın uzun illər ərzində qurulan əlaqələri kəsməsi real deyil. Təsadüfi deyil ki, ABŞ prezidenti Donald Tramp ölkəsinin İranla nüvə sazişindən birtərəfli qaydada çıxa biləcəyini deyəndə Avropa Birliyi həmin sənədin beynəlxalq ictimaiyyətin adından imzalanmış razılıq olduğunu bəyan etdi. Bir dövlətin, yəni ABŞ-ın müqavilədən çıxması beynəlxalq ictimaiyyətin mövqeyini ifadə etmir. Digər tərəfdən, Avropa ölkələri İrana və Rusiyaya alternativ enerji mənbəyi kimi baxır. Lakin bunlardan da vacibi geosiyasi maraqlardır”.

N.Məmmədova Avropa ölkələrinin İranla tarixi bağları olduğunu qeyd edib. Politoloq buna misal olaraq  İran inqilabının banisi Ayətullah Xomeyninin ölkəyə Fransa təyyarəsində qayıtmasını göstərib: “Amerikalıların bu yaxınlarda yaydığı 70-ci illərə aid arxiv materiallarından görünür ki, Xomeyni amerikalıları aldadaraq, hakimiyyətə gəlməsinə mane olmayacaqları təqdirdə 37 illik strateji müttəfiqliyi davam etdirməyə söz vermişdi. Nəticədə Amerika, Avropa ölkələri və hətta SSRİ-nin yardımı ilə İranda inqilab baş verdi. Xomeyni 3 fövqəlgüc mərkəzini onun xeyrinə qərar verməyə inandıra bilmişdi. ABŞ və İsrail İrandan gedəndən sonra Avropa ölkələrilə münasibət daha yüksək səviyyədə inkişaf edirdi. Katolik klubu olan Avropa anqlo-sakson və yəhudi ittifaqını İran kimi strateji mövqeyə malik, nəhəng enerji ehtiyatı olan ölkədən sıxışdırıb çıxarmışdı”.

N.Məmmədova Avropa ölkələrinin İrana dəstəyini ticarət dövriyyəsində dollardan imtina ilə göstərdiyini vurğulayıb: “Bildiyimiz kimi, Avropa Birliyinin komissarı Federika Moqerini ABŞ-ın nüvə sazişindən çıxmasına cavab olaraq Böyük Britaniya, Almaniya və Fransanın İrana dəstək və iqtisadi əlaqələrin möhkəmlənməsi barədə üçtərəfli proqram hazırladıqlarını bildirmişdi. Avropa Birliyinin bu üç aparıcı ölkəsi İranla neft ticarətini bundan sonra dollardan imtina edərək, avro ilə aparmaq qərarına gəliblər. Təbii ki, bunun başlıca səbəbi dollarla müqayisədə avronun kursunu möhkəmlətməkdir.

Eyni zamanda, artıq İranla nüvə sazişindən birtərəfli qaydada çıxan ABŞ valyutasının istifadəsinə lüzum görmürlər. İran öz işini ehtiyatlı tutaraq artıq Tramp onu sazişdən çıxmaqla təhdid edəndə avroya keçmək hazırlığı görmüşdü. Yəni bu, gözlənilməz bir sürpriz olmadı. Lakin belə bir yanaşma da var ki, bu, müvəqqəti də ola bilər. Çünki İranla ticarətdə iştirak edən bir çox şirkətlər transmilli şirkətlərdir, onların ABŞ-da aktivləri var və əgər onlar AB çərçivəsində İranla əməkdaşlığa davam etsələr, Vaşinqtonun sanksiyalarına məruz qala bilərlər.

Bank əməliyyatları, nəqliyyat daşımaçılığı və s.əməliyyatlar da avro ilə həyata keçiriləcək. Avropa Birliyində hazırda ABŞ iddialarından effektiv qorunma mexanizmləri yoxdur.

Baxmayaraq ki, ABŞ özü nüvə sazişindən çıxdıqdan sonra İranla  əməkdaşlığı dayandırmaq  üçün Avropa ölkələrinin şirkətlərinə 6 ayadək vaxt qoyub. Lakin Fransa, Britaniya və Almaniya buna qəti şəkildə etiraz ediblər. Hətta Fransanın iqtisadiyyat və maliyyə naziri Le Mer bildirdi ki, Avropa ABŞ-ın vassalı deyil və öz iqtisadi suverenliyini qorumaq üçün sona qədər mübarizə aparacaqdır. Bunun üçün də Avropada Maliyyə Mərkəzi yaratmaq və İranla avro əsasında ticarət-maliyyə əməkdaşlığını davam etdirmək lazımdır. Almaniya və Britaniya da eyni mövqedən çıxış ediblər.

Almaniyanın iqtisadiyyat naziri Altmayer də alman hökuməti nəzdində ABŞ sanksiyalarının Almaniya iqtisadiyyatına təsirinə dair işçi qrup yaradıb. Görünən odur ki, Avropa Birliyinin bu 3 ölkəsi nəyin bahasına olursa-olsun İranla əməkdaşlıqda maraqlıdır və hətta ABŞ-la aralarında yaranan narazılıq riskinə də gedirlər. Bildiyimiz kimi, uzun müddət ABŞ Almaniya və Avropa Birliyinə səfir təyinatını gecikdirdi.

Nəhayət, yeni səfir Riçard Qrenell təyin olundu və o, dərhal Almaniya şirkətlərini İrandan çıxmağa səslədi. Lakin alman tərəfi ona bildirdi ki, səfirin göstəriş vermək ixtiyarı yoxdur. Halbuki, dövlət katibi Pompeo və yeni milli təhlükəsizlik müşaviri Bolton da səfirlə eyni mövqedən çıxış edib. Avropa ölkələri isə bildirir ki, ABŞ-ın beynəlxalq hüquqa görə, İrandakı şirkətlərinə eksterritorial sanksiyalar tətbiq etmək ixtiyarı yoxdur. Görünən odur ki, ABŞ-İran-Avropa Birliyi ticarət savaşı siyasi qarşıdurmanın davamıdır. Yaxud əksinə, iqtisadi maraqlar Köhnə və Yeni qitələr arasında geosiyasi ziddiyyətlər doğurub”.

Vilayət Muxtar

Cebhe.info

 








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений