Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

İti yox, harınları qınayaq



Goranboyda bir toy oldu.

Çal-çağırlı,  dəmdəsgahlı bir toy…

Məktəbli geyimi olmadığına görə intihar edən şagirdin, nişan üzüyü almağa imkanı olmadığına görə intihar edən iki gəncin, imkansızlıq ücbatından 7 nəfər ailə üzvüylə birlikdə qamışlıqda yaşayan Qarabağ qazisinin var olduğu bir cəmiyyətin sahibkarı itinə toy elədi. Sosial şəbəkədə ildırım sürətilə yayılan bir cüt itin toy mərasimindən bəhs edən videoçarxa hamı kimi mən də baxdım... Məsələ eyni surətlə sosial şəbəkələrdən ölkə mediasının manşetlərinə daşındı.

Durmadan xəbərlər tirajlanıb, yeni videolar yayımlandı. Həmişəki kimi cəmi bircə gün hər kəs reaksiya verdi məsələyə. Daha sonra “O qana qurban olum, üstündən bir gecə keçə” prinsipi ilə əyləncəli yanaşmalarımız qoltuğumuzda yola davam elədik. Başqa əyləncə, başqa gündəm axtardıq…

Əslində böyük əksəriyyətimizin məsələyə yanaşması kitayski zajilqalkaların arxasındakı göyümsov işığın qaranlıqda açdığı tunelvari zehdən başqa bir şeyə bənzəmədi.Sadəcə, aş yeyən itə, itin şərəfinə sağlıq deyən “kişiyə” baxıb, o ki var, əlimzi bir-birinə vurub güldük.Hələ mən mərasimi şənləndirən bir çüt aşığı demirəm.Aşıqlar demişkən, toy sahibini bilmirəm, deyəsən, toydan ziyanla çıxan elə aşıqlar oldu.Yəni, toyun balaban çalanını Aşıqlar Birliyindən özlərinin təbirincə desək, qovdular.Maraqlıdır, görəsən axı balaban çalanın Aşıqlar Birliyində nə işi varıydı Bu bambaşqa məsələdir…

Keçək əsas mətləbə.Yəni, məni balaban çalanın Aşıqlar Birliyinə dəxlisi olub olmadığı maraqlandırmır.Məni maraqlandıran məsələ başqadır. Axı bütün dünyaya milli mətbəximizin şahı kimi tanıtdığımız pilovun itə atılmasında balaban çalanın nə günahı.. Şifahi xalq ədəbiyyatımızın, tariximizin simvolu olan, qədim milli musiqimizi, sazımızın itə atılmasında balaban çalanın nə günahı Yoxsa gücümüz təkcə ona çatdı!..

Yəni, Azərbaycan iqtisadiyyatının dirçəldilməsi üçün hər gün dünyanın təlatümlü siyasi-iqtisadi arenalarında həcmi ölçüyə gəlməyəcək qədər səy göstərilir, zəhmət çəkilir, enerji sərf olunur. Sahibkar qudurur, ölkənin aztəminatlı ailələrinin, heç olmaya ildə iki dəfə ehtiyac duyduğu süfrəni itə açır... Maddi sıxıntı üzündən sevgisinə, sevgilisinə qovuşa bilməyən gənclərin intihar etdiyi bir ölkədə harınlayan iş adamı itinə məclis qurur, dost-tanış dəvət edir, arada balaban çalan gedir… Nə qədər məntiqlidir

Azərbaycanın mədəni irsinin, qədim-qayım mədəniyyətinin dünyaya tanıdılması üçün yüzlərlə ziyalının il uzunu yollarda, təyyarələrdə, dünya səviyyəli tədbirlərdə xərclədiyi enerjini, yaşadığı həyəcanı bir sahibkar itə yedirdir. Və arada balasına bir loxma çörək aparmaq xatirinə gələn bir yetmin balası, yəni balaban çalan gedir… Təəccüblü deyilmiƏlbətbə ki, dərindən düşünsək, bu bizdə təəccüb doğurmaya bilməz. Özü də təəccüblü gələn adını tez-tez vurğuladığım balaban çalan deyil haa…  Azərbaycan süfrəsini, mətbəxini, sazını, sənətçisini bu qədər təhqiramiz şəkildə lentə aldıran adamın cəzalandırılması üçün hər hansısa bir qanuni mexanizmin olmamasıdır təəccüb doğuran.

İt toyuna dəvət edilən Azərbaycan adamının, Azərbaycan vətəndaşının, ona göndərilən dəvətnamənin fərqinə varmadan özünün nə qədər alçaldıldığını dərk etmədən itlə bir məclisdə eyni qazandan, eyni süfrənin həndəvərində yemək yeyə bilməsi, bir loxma çörək, iki qədəh araqdan ötrü toyuna getdiyi itin şərəfinə sağlıq deməsidir təəccüb doğuran. Tarix boyu savaşlarda ölkəsinin ərazi bütövlüyü uğrunda vuruşan, hazırda müharibə şəraitini nəzərə alsaq, sabah şəhid olma ehtimalı böyük olan Azərbaycan kişisinə it dəyəri verilməsidir təəccüb doğuran... 

Heç burada itin də bir günahı yoxdur. İt etibarlı heyvandır... Bu gün Azərbaycan sərhədlərinin qorunmasında, işğaldan azad olunan torpaqların minalardan təmizlənməsində bəzilərindən ləyaqətli olan 100-lərlə itin əməyindən istifadə edilir.Bəzən də bir partlayışa, bir gülləyə qurban gedir.

Təsdiqləyərsiniz ki, bəzən biz təhqir olunmalarımızı, alçaldılmalarımızı incəliklə görə bilmirik.Görsək də buna qarşı sona qədər mübarizə aparıb etiraz edə bilmirik.Bəzən də etiraz edirik, mübarizə də aparırıq, amma ədalətli qərar çıxara bilməməyimiz bizə anormal nəticələr qazandırır.Yəni, sözümün canı ondadır ki, artıq hamımızın yaddan çıxardığımız bu “Toy əhvəlatı”nda itlə aşığın günahı yoxdur. Onları da bizim kimi ələ salmışdılar…

Elgün Gəncimsoy

P.S. Yazıda təhqir elementlərinin olması danılmazdır. Amma, inciyən dünəndən incisin... Bu millətin yeməyini, süfrəsini,, sazını, mədəniyyətini təhqir edənlərin başqa nəsə gözləməsi ağılsızlıqdan başqa bir şey deyil... Təhqir etmə, təhqir olunma... Sənin təhqir etdiyin ən adi amilləri qorumaq üçün hər il neçə-neçə vətən oğlu səngərlərdə qan tökür... Hələ onların qanını demirəm, onların arxasınca tökülən göz yaşlarını sənə heç kim bağışlamayacaq... Hələ, Tanrını demirəm!...








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений