Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32

Nahaq dedim “Fəsəli”nin yerini...



Kənddə yaşayanların bir arzusu var: Bakıya gəlmək və Tarqovunu gəzmək. Əgər Bakıya gəldinsə, lap xəstəxanaya xəstə gətirmiş olsan belə, Tarqovunu gəzmədinsə, daha heç nə.  Nə xəstən sağalacaq, nə də ağzının dadı olacaq.

Tarqovudayam. Az - az gəlirəm buralara. Müxtəlif gedişli insanlar elə  bil harasa nəğmə oxuya – oxuya gedirlər. Elə bil ağızları ilə bir nəğməni tutub  göyə çıxmaq istəyirlər. Ya da belə  düşünmək olar: adamlar quş kimi  “dimdiyində” evlərinə  çörək aparırlar. Ona görə ümumi səsin içindən  hər kəsin  səssiz addımladığını aydın düşünürsən.  Elə bilirsən ki, onların səslərini  “dimdiklərində” apardıqları  nəğmə, ya da  bir tikə  çörək tutub saxlayıb. Elə ən gözəl nəğmə oxumaq  budur. 

Dükanların, marketlərin, restoranların qabağından keçirəm. Hamsının adı ingilis dilində. Bəs bura mənim şəhərim deyil? Bəlkə  mən əcnəbilərin şəhərinə düşmüşəm?

Hər halda adamların,  dillərinin ucunda apardıqları nəğmənin xatirinə bir az da irəliləmək olar. Hər yanda apteklər,  marketlər, xarici  şirkətlər, Bakselin ofisləri... Elə bil  şəhərimi işğal eləyib. Tarqovuda bir dənə kitabxana yox. Buraları kitablardan elə təmizləyiblər ki, hər tərəf şüşə kimidir.

Aha, bu nədi? Yeməkxana, adı da Fəsəli. Xarici  adları üzünə  qalxan eləmiş dükanların, marketlərin   qoltuğunun altında  Fəsəli yeməkxanası. 

Yadıma  böyük yazıçımız Cəlil Məmmədquluzadənin 1906- ci ildə  “Molla Nəsrəddin”  jurnalında  nəşr elədiyi bir rəsm düşür. Deyəsən rəsmin müəllifi  ya Əzim Əzimzadədir, ya da  alman rəssamı Şmerlinq. Dəqiq yadımda deyil.  Üç nəfər qolu zorlu, yekəpər kişi bir balaca kişini – azərbaycanlını yıxıblar yerə. Üç yekəpər kişinin hərəsinin əlində  mal dili boyda bir dil var. Bir dilin üstə fars, birininə ərəb, birinin  isə rus dili yazılıb. Bu üç nəfər yekəpər kişi  deyir  ki, bu dili (əllərində tutduğu) sənin ağzına pərçim eləmək istəyiik. Kişinin  ağzında balaca bir dil var, üstünə Azərbaycan dili  yazılıb. Yazıq kişi qışqıra – qışqıra deyir:- Ay qardaş, mənim ağzımda öz dilim var. Bax həmin bu “Fəsəli” sözü mənə həmin kişinin ağzındakı  azərbaycan dilini xatırlatdı.

Kaballero,  Agat, Hugs, Takizliz, Tittlebes,  Tisot, Lnglot, Sterlmann, Womensecret, Morthercare, Pandora və başqa bu kimi  ingilis adların  arxasından Fəsəli yeməkxanası  məni yaman yerdə  səslədi.  Yadıma Göyəzən  dağı düşdü.

Bizin gəlinlərin  bayram qabağı,
Fəsəli yaymağı yadına düşdü.

İngilis adlarına qərq  olmuş  Tarqovuda “Fəsəli”  sözü  ruhumu ayağa qaldırdı. Hər adam “Fəsəli”ni  görə bilməzdi. O elə bir yerdə gizlənib ki, boyu görünmür. Bu boyda Tarqovuda ona az yer düşüb. Hər tərəfdən onu sıxıblar. “Fəsəli”nin balaca sarı dimdiyi  küçəyə, günəşə uzanırdı. Oprdan Təbriz, Borçalı, Dərbənd, Qərbi Azərbaycan boylanırdı...

Önümdən  adamlar gəlib keçirlər. Elə bil səssiz yeriyirlər. Umumi səs var, amma bu səsin içində aydın eşidilən  adam səsi yox... Onlar üçün   Tarqovunu belə keçmək lazımdı. Onlar üçün Tarqovu  anlaşılmaz bir dildə olmalıdır.  Əgər belə olmasa,  onlar özlərini xaricdə necə hiss eləyə bilərlər?

Tarqovuda adamlar dümdüz gedir. Gecə gedir, gündüz gedir. Gedən bilmir hara gedir, nə üçün gedir? Bəlkə xaricə getmək həsrətlərini  Tarqovuda azdırmaq istəyirlər adamlar. 
Əgər belədirsə, “Fəsəli”nin yerini nahaq dedim. Birdən gözləri qəflətən “Fəsəli” sözünə sataşsa ovqatları təlx olmazmı? Keflərinə soğan doğranmazmı?
Nahaq dedim Fəsəli yerini.  Birdən yeməkxananın  üstündən pozarlar “Fəsəli” adını...

Qəşəm Nəcəfzadə








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений